Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meşələrimizi yanğından qoruyaq

Meşələrimizi yanğından qoruyaq

Təbiətin, xüsusilə meşələrin yanğından qorunması hər zaman mühüm önəm daşıyıb. Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük ziyan vurur. Bununla bağlı əvvəlcə bəzi məqamlara diiqqət yetirmək istərdim. Xatırladım ki, bu gün dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektar təşkil edir. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. 

Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda isə Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da respublika ərazisinin 11,4 faizini təşkil edir. Onu da xatırladım ki, ölkəmizin 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmiş ərazilərdədir. 
Meşələr böyük sənaye-təsərrüfat əhəmiyyəti daşımaqla yanaşı, karbon qazını udaraq əvəzində oksigen ixrac edir. Belə ki, 1 hektar meşə sahəsi 1 saatda 8 kiloqram karbon qazını udur, bu isə 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. 
Meşələr nəfəs aldığımız havanı tozdan, sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən buraxılmış küllü miqdarda zəhərli qazlardan təmizləyir, saflaşdırır, insanın tənəffüsü üçün vacib olan oksigen ilə zənginləşdirir. Bir sıra ağac, kol və yarımkollar xəstəlik törədən mikroorqanizmləri məhv edən xüsusi maddələr buraxmaq qabiliyyətinə malikdir. Bu da insanın sağlamlığı və uzun ömür sürməsi üçün əsas şərtlərdən biridir. 
Meşələr, meşə zolaqları, yaşıllıqlar torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır. Bütün bunları sadalamaqda məqsəd ondan ibarətdir ki, meşə sahələrinin qorunmasının zəruriliyini, meşəbərpa işlərinin taleyüklü bir məsələ olduğunu, ən vacibi isə yanğın təhlükəsinə qarşı mübarizənin ciddiliyini daha dərindən hiss etməkdir. 
Bürkülü yay günləri davam edir. Havaların çox isti keçməsi ilə əlaqədar yabanı otlar quruyub və meşələr, yol kənarında əkilmiş ağaclar üçün ciddi yanğın təhlükəsi yaranıb. Yerli təşkilatlar tərəfindən vaxtında yanğın əleyhinə zəruri tədbirlər görülsə də, təkcə bunlar kifayət etmir. Sutka ərzində fasiləsiz növbətçilik sistemi qurulmalıdır. Dünyada və ölkəmizdə baş verən yanğınlar məsul şəxslərin, hər bir insanın son dərəcə diqqətli olmasını, öz işlərinə, addımlarına daha ciddi yanaşmasını tələb edir. Vaxtında yanğına qarşı mineral zolaqların çəkilməməsi, yanğınların söndürülməsi üçün zəruri avadanlıq və ləvazimatların hazır vəziyyətdə saxlanılmaması, xüsusən yerlərdə növbətçilərin olmaması səbəbindən məhz baş verən çöl yanğınları təşkilatların xidməti ərazisinə keçir və yanğına həmin anda müdaxilə edilmədiyi üçün ciddi problemlərə gətirib çıxarır. 
Meşələrin qorunmasında ictimaiyyətin köməyinə böyük ehtiyac var. Meşə yanğınlarının baş verməsi təhlükəsinin qarşısını almaq üçün, ilk növbədə, geniş təbliğat işlərinə ehtiyac duyulur. İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunması üçün təbiətə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar. Meşədə həmişə odla ehtiyatlı davranılmalı və yanğın baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidir. Xüsusilə, yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat və təşviqat işləri gücləndirilməlidir. Meşə ərazisi olan rayonlarda yaşayan əhali və təbiət qoynunda istirahət edən insanlar meşə yanğınlarının əmələ gəlməsi səbəblərini və onu söndürmək üsullarını bilməlidirlər. 
Meşə yanğınları əsas etibarilə insanlar tərəfindən törədilir. Bunlardan meşədə ocağı yana-yana qoyub getməyi, siqareti söndürməmiş tullamağı, ovçu tüfəngindən atılan güllədən əmələ gələn yanğını və s. göstərmək olar. Meşə yanğınları ildırımla da törənə bilər. Meşədə çoxlu miqdarda qurumuş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə əlavə yollar açılır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət sahələrində yaranır. Belə sahələrdə ocaq qalamaq üçün xüsusi yerlər düzəldilir. 
İsti havalarda meşələrdə yanğınların baş verməsinə heç kimdə şübhə ola bilməz. Qeyd edildiyi kimi, əlbəttə, meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin işi deyil, təbii sərvətlərimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Ümumiyyətlə, meşədə olarkən oddan istifadə etmək, sönməmiş siqaret kötüklərini yerə atmaq qəti qadağandır. Baş vermiş yanğını dərhal söndürmək üçün ictimaiyyətin köməyinə böyük ehtiyac var. Həmçinin meşələrdə, istirahət mərkəzlərində dincələn turistlərin, qonaqların bəzi ehtiyatsız hərəkətləri ictimai nəzarətə götürülməli, istirahət obyektlərinin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar onlarla söhbətlər aparılmalıdır. 
Hazırda respublikamızda kənd təsərrüfatı işlərinin qızğın çağıdır. Taxıl sahələri xüsusi diqqət tələb edir. Hətta biçilmiş zəmilərin qorunması da böyük önəm daşıyır. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha şəhər və rayon rəhbərliklərindən, bələdiyyələrdən meşə və kolluqların qorunması, eyni zamanda, gələcəkdə baş verə biləcək yanğın hadisələrinin, habelə digər ekoloji fəlakətlərin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini tövsiyə edir. 
Təəssüf ki, bələdiyyələr çox vaxt öz hüquq və səlahiyyətlərindən lazımınca istifadə etmirlər. Əkin-biçindən sonra torpaqların yandırılmasına adi hal kimi yanaşırlar. Torpaqlar ildən-ilə məhsuldarlıqdan düşür və nəticə etibarilə eroziyaya uğrayır. Torpağın üst biomikromühiti dağılır. Sevindirici hal kimi qeyd etməliyik ki, son illərdə belə faktlar azalmışdır. 
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası meşə fondunun qorunması tədbirləri haqqında” 21 avqust 1995-ci il tarixli qərarına əsasən, mülkiyyətində meşə və kolluqlar olan bütün hüquqi və fiziki şəxslər meşə fondu ilə həmsərhəd zonada taxıl biçini və digər mövsümi işlərlə əlaqədar odla ehtiyatlı olmaq, yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və meşələrimizi qorumaq üçün ciddi məsuliyyət hiss etməli və fəallıqlarını artırmalıdırlar. 
Yuxarıda qeyd etdiyimiz kimi, yanğınların çoxu odla ehtiyatsız davranışdan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. İsinmək, xörək bişirmək üçün qalanmış tonqalların və ocaqların meşəni tərk edərkən tam söndürülməməsi çox vaxt yanğınlarla nəticələnir. 
Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və s. kimi tezalışan mayelərə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yolverilməzdir. 
Yanğın zamanı alçaq boylu ağaclar və kollar, cücərtilər məhv olur. Hündür boylu ağacların gövdə və budaqları qovrulduğu üçün ümumi inkişafı zəifləyir. Bitki qalıqlarının vaxtaşırı, müntəzəm yandırılması nəticəsində torpaq üzvi maddələrdən məhrum olur. Yanğın zamanı həm də yerin üstündə və altında yaşayan heyvanlar, mikroorqanizimlər məhv olur. Ona görə də təşviqat vasitələri olaraq müəyyən ərazilərdə, yol ətraflarında “Odla ehtiyatlı olun”, “Söndürülməmiş siqareti yerə atmayın”, “Meşəni oddan qoruyun” və s. şüarlar yazılan lövhələrin asılması zəruri məsələlərdən biridir. 
Məlum olduğu kimi, ölkəmizə turist axını ildən-ilə güclənir. Həmçinin son illərdə Azərbaycan beynəlxalq tədbirlərin bir çoxuna evsahibliyi edir. Xüsusilə, turist zonası kimi gənclərin və uşaq təşkilatlarının istirahəti, maraqlı tədbirləri həyata keçirilir, yay düşərgələri təşkil olunur. Belə vaxtlarda meşədə tonqal yandırılmasına yalnız meşə mühafizəsi və bərpası mərkəzləri tərəfindən icazə verilir. Tullantıların yandırılması da bütün hallarda həmin təşkilatlarla razılaşdırılmalıdır. 
Yeri gəlmişkən, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tonqal heç bir halda ağac altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də ocaq qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Bunun üçün, ilk növbədə, ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəuyğundur. Həmin ərazi otlardan təmizlənməli, sonra isə yandırılacaq odun parçaları üçün çala qazılmalıdır. 
Yanğından əvvəl bir qayda olaraq qabaqlayıcı tədbirlər görülməsi daha vacibdir. Yanğın təhlükəsi olan meşə əraziləri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr 2-3 metr enində minerallanmalı, meşənin tör-töküntülərindən təmizlənməli, ərazidə yerləşdirilən hər hansı tikintinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılan zolaqlarla təmin edilməlidir. İnsanlar bilməlidirlər ki, onlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı, ilk növbədə, insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı, yanğın söndürülməklə təhlükəsizlik təmin edilməlidir. 
İstiləşmənin getdikcə artması ilə əlaqədar ölkə ərazisində yanğın təhlükəsizliyi tədbirlərinə başlanılıb. İşimizlə bağlı bəzi müəssisələrdə olmuşuq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təlimatına əsasən, milli parklarda, məsələn, Hirkan Milli Parkında xüsusi iş qrafiki tutulub. Növbətçi cədvəli tərtib olunub. Mövcud 4 gözətçi məntəqəsinin hər birində yanğınsöndürən balonlar asılıb. Çənlər su ilə doldurularaq hazır vəziyyətə gətirilib. Milli parka yaxın yaşayış məntəqələrində əhalinin maariflənməsinə xüsusi diqqət yetirilib. Müntəzəm olaraq yerli icra nümayəndələrinin, bələdiyyələrin və geniş əhali kütləsinin iştirakı ilə tədbirlər keçirilib. 
Bu gün dünyada tez-tez meşə yanğınları baş verir. Təəssüf ki, bu cür ekoloji fəlakətlərə bəzən barmaqarası baxırlar. Necə deyərlər, ikili standart təbiətə də tətbiq olunur. Halbuki ermənilərin işğal etdikləri ərazilərimizdə həyata keçirdikləri “yandırılmış torpaq”siyasəti təkcə Azərbaycan təbiətinə ziyan vurmur, vahid bir orqanizm olan bütün planetə təsir edir. Burada ayrı-seçkilik ola bilməz. Yandırılmış Azərbaycan əraziləri vahid təbiətin bir hissəsidir. Buna göz yummaq bəşəriyyətin sağlam gələcəyinə amansız zərbədir. Ancaq dünya ictimaiyyəti nə qədər laqeydlik göstərsə də, Azərbaycan xalqı, dövlətimiz bu məsələni daim diqqət mərkəzində saxlayır. 

 

Bəxtiyar HÜSEYNOV, 
yazıçı-ekoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

 

18 2019 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə