Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlk superkompüter istifadəyə verilib

İlk superkompüter istifadəyə verilib

“Servernews” saytının məlumatına görə, Portuqaliyada “BoB” adlı ilk superkompüter rəsmən istifadəyə verilib. Mənbə yazır ki, superkompüter Portuqaliyanın Mino Universitetinin nəzdində fəaliyyət göstərən Qabaqcıl Hesablamalar Mərkəzində (Minho Advanced Computer Center, MACC) yerləşir. Superkompüter “MACC” Mərkəzi kimi əsasən Günəş, külək və su elektrik stansiyalarından alınan “yaşıl” enerji ilə işləyəcək.
Qeyd olunur ki, “BoB” superkompüteri Portuqaliya ilə Ostin Texas Universiteti arasındakı əməkdaşlıq çərçivəsində hazırlanıb. Bildirilir ki, yeni hesablama maşını Portuqaliya Elm və Texnika Fonduna (FCT) verilən Texas Qabaqcıl Hesablamalar Mərkəzinin keçmiş “Stampede” superkompüterinin bazası əsasında yığılıb. Səksən hesablama qovşağına malik superkompüterin yaddaş tutumu 2,6 terabayta, quraşdırılmış tutumu isə 1 petabayta bərabərdir. Superkompüterin ən yüksək məhsuldarlığı 1 petaflops olmaqla “Intel Xeon Phi KNL” prosessorları ilə təmin edilir.
Xatırladaq ki, 2016-cı ilin iyununda “Stampede” 6 min 400 qovşaqdan ibarət olub və dünya üzrə superkompüterlərin “TOP500” reytinqində 117-ci yeri tutub. Superkompüter “Stampede2” adlı yeni qurğunun inşası ilə əlaqədar 2017-ci ildə fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Portuqaliyada MACC mərkəzi bu yaxınlarda təsis edilib. Onun quraşdırılması ilə bağlı qərar rəsmi Lissabonla Ostin Texas Universiteti arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunduqdan sonra qəbul edilib. Yeri gəlmişkən, mərkəz 2020-ci ilin sonuna kimi “Deucalion” adlı daha bir superkompüteri işə salmaq niyyətindədir. Onun hesablama məhsuldarlığının 9,4 petaflopsa bərabər olacağı gözlənilir.
Bundan başqa, Portuqaliya, həmçinin Avropa Komissiyası tərəfindən təsdiq edilən “Centro Nacional de Supercomputación” Barselona Superkompüter Mərkəzində məhsuldarlığı ekzaflopsa yaxın “pre-exascale” tipli superkompüterin quraşdırılması üzrə digər layihədə də iştirak edir. Layihənin icrasına Portuqaliya ilə yanaşı, Türkiyə və Xorvatiya mütəxəssisləri də qoşulublar. O, İrlandiya tərəfindən də dəstəklənir. Məhsuldarlığı 175 petaflopsa bərabər olacaq bu hesablama maşını dünyanın 5 ən güclü superkompüter siyahısına daxil olacaq.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

18 2019 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə