Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ANAMA 21 yaşında

ANAMA 21 yaşında

18 iyul 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaradılması Azərbaycanda Mina və Partlamamış Hərbi Sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olub.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün ANAMA arxada qalan illər ərzində beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olmuşdur. Hal-hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi vardır və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.

ANAMA-nın MTM-lə bağlı fəaliyyəti əsasən 3 istiqamətdə aparılır – məktəb və icma səviyyəli fəaliyyət, milli potensialın yaradılması və əhali arasında ümumi təbliğat işləri. MTM üzrə dərslər 26 bölgələrdə 3 635 müəllim tərəfindən 1 200 məktəbdə keçirilir. Hal-hazırda bu kurs 55 000 şagirdi əhatə edir və növbəti illərdə də bunun davam etdirilməsi nəzərdə tutulur. Bununla yanaşı Azərbaycan hökumətinin tapşırığına əsasən Əfqanıstan İslam Respublikasına qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində 2008-ci ildən etibarən Agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsi olaraq MTM üzrə şagirdlər və müəllimlər üçün vəsait çap edilərək Əfqanıstan İslam Respublikasının Təhsil Nazirliyinə təqdim edilmişdir. Hal-hazırda aparılan danışıqlara əsasən bu kimi fəaliyyətin gələcək illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycanda Minadan Zərərçəkənlərə Yardım (MZY) Proqramı minadan zərərçəkənlərin cəmiyyətə inteqrasiya olunmalarına yönəlmişdir. Proqram çərçivəsində “Minadan Zərərçəkənlərin Ehtiyaclarının Öyrənilməsi”, “Azərbaycan Мinadan Zərərçəkənləri üçün İcma Əsaslı Kiçik Biznes Təlimləri”, “Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi”, “Minadan zərərçəkmiş insanlara və yaxud onların ailə üzvlərinə xalçaçılıq və dərzilik təlimlərinin verilməsi ilə işə cəlb eləmək” və “Əlil arabalarının paylanması” kimi layihələr həyata keçirmişdir. Eyni zamanda, ANAMA beynəlxalq minatəmizləmə təşkilatları və digər milli minatəmizləmə qurumları ilə qarşılıqlı yardım və təcrübə mübadiləsini də uğurla  həyata keçirir.

2009-cu ildən başlayaraq ANAMA dövlət proqramına müvafiq olaraq ikitərəfli əlaqələr çərçivəsində Əfqanistan, Gürcüstan, Tacikistan, Türkiyə və Ukraynadan olan mütəxəssislər üçün təlimlər keçirmişdir. Bu sahədə görülən işlər hal-hazırda da davam etdirilir.

Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumunun Təlim və Monitorinq Qrupu tərəfindən 2001-ci ildən bu günədək Humanitar Mina Aksiyası sahələri üzrə 193 təlim kursu keçirilmiş və bu təlimlərdə 2049 nəfərdən artıq müdavim iştirak etmişdir. Onlardan 315 nəfər əcnəbi vətəndaş olmuşdur.     

ANAMA ilə NATO/NSPA əməkdaşlığı  çərçivəsində “Saloğlu Layihəsi” üzrə 2005-2011-ci illərdə 5 700 000 kv.m və 2012-2018-ci illərdə “Ceyrançöl  təmizləmə layihəsi” üzrə 66 000 000 kv.m ərazinin  təmizlənməsi  üzrə  əməliyyatları uğurla yerinə yetirilmişdir.                         

Nəticədə “Saloğlu Layihəsi” və “Ceyrançöl  təmizləmə layihəsi” çərçivəsində cəmi 658 526 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərər­siz­ləş­di­rilmişdir.

Bununla yanaşı, 2015-ci ildən indiyədək Agentlik tərəfindən Fövqəlqadə Hallar Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, yerli icra orqanları və digər qurumların müraciətləri əsasında təcili təxirəsalınmaz əməliyyatları (tək sursat əməliyyatları) aparılmış, 3 813 674 kv.m ərazi yoxlanılmış və nəticədə 16 493 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir.

Ümumilikdə, indiyədək Agentlik tərəfindən cəmi 535 431 256 kv.m ərazi təmizlənmiş, 803,907 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 12:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə