Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial tərəqqiyə zəmin yaradan islahatlar paketi

Sosial tərəqqiyə zəmin yaradan islahatlar paketi

Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edərək demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata və güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin, ilk növbədə,  əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə özünü göstərir.
Dövlət başçısının sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Bu baxımdan Prezidentin yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan mühüm yeni addımlardır.
2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezidentin cari il ərzində təqdim etdiyi iki sosial paket bu siyasətin yüksək səviyyədə reallaşmasını, ölkədə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin edib. Dövlət başçısının bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 180, pensiyanın minimum məbləği isə 160 manata çatdırılıb. Bu gün həmin artımlardan 830 min insan yararlanır. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü -- sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb ki, bunların da 300 mini əlilliyi olan şəxslərdir. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb, 800 min vətəndaşın problemli kreditləri həll olunub, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edilib. Ümumilikdə, cari ilin ilk rübündə reallaşdırılan və dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək kimi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.
Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub.
"Minimum aylıq əməkhaqqının artırılması haqqında”  18 iyun tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 250 manata çatdırılacaq. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olur. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələyərək, ondan 70 manat və ya 40 faiz çox olacaq. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında 2-ci yerə qalxacaq.
Minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb olacaq ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır. Qeyd edək ki, həmin 950 min nəfərin heç də hamısı 250 manatdan aşağı əməkhaqqı alanlar deyil və onların mühüm bir hissəsi maaşları 250 manatdan yuxarı olanlardır. Vahid tarif cədvəlinin ilk pilləsi minimum əməkhaqqından başlayır və minimum əməkhaqqı artdığı zaman həmin cədvələ uyğun olaraq, digər əməkhaqqı səviyyələri də zəncirvari qaydada artmış olur.
18 iyun 2019-cu il tarixində imzalanan digər sərəncamlarla, eyni zamanda, dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən ibarət 400 min nəfərin əməkhaqları da cari il sentyabrın 1-dən 20--100 faiz səviyyəsində artırılacaq. Ümumilikdə, ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə edir ki, onlardan da 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. 
Minimum əməkhaqqının artırılması qeyri-formal məşğulluğa qarşı mübarizənin gücləndirilməsi sahəsində aparılan islahatlarda da müsbət nəticələr verir. Cari ilin ilk rübündə reallaşan ilk sosial paket çərçivəsində minimum əməkhaqqının artımı timsalında bunu aydın görmək olar. Belə ki, 2019-cu ilin əvvəlindən ötən 5 ay ərzində ölkə üzrə əməkhaqqı fondu 18, o cümlədən, dövlət sektorunda 15, qeyri-dövlət sektorunda 21 faiz yüksəlib.
Minimum əməkhaqqı artımı yalnız işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin gələcək sosial təminatlarına müsbət təsir edir. Çünki artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək pensiya təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır.
Qeyd etdiyimiz kimi, ikinci sosial paket çərçivəsində Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il ­oktyabrın 1-dən 200 manata çatdırılması təmin ediləcək. Bu artım təşəbbüs cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan ikinci mühüm addımdır. Xatırladaq ki, bundan əvvəl dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 160 manata çatdırılmış və  233 min pensiyaçını əhatə etmişdi.  Minimum pensiyanın artımı 660 min vətəndaşın pensiyasının, dövlət sektorunda əməkhaqqı artımı isə xüsusi şərtlərlə pensiya təyinatı aparılanlardan (pensiya artımı əməkhaqlarının artımı ilə bağlı olan pensiyaçılar) ibarət 94 min nəfərin pensiyasının artmasına imkan verir. Ümumilikdə, həm minimum pensiyanın artımı, həm də dövlət sektorunda əməkhaqlarının artımı 750 min pensiyaçını əhatə edəcək. Nəticə etibarilə iyun ayında həyata keçirilən sosial islahat paketi 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verir. 
Prezident İlham Əliyevin sosial siyasətinin davamı kimi cari ildə həyata keçirilən və əhalinin rifahının yaxşılaşdırılması naminə inqilabi addımların atılmasını təmin edən iki mühüm sosial islahat paketi, əmək və əhalinin sosial müdafiəsi nazirinin bildirdiyi kimi, 4 milyon 200 min vətəndaşı əhatə edir. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə zəmin yaradan həmin addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılacaq ki, bu da Azərbaycan Prezidentinin ölkə vətəndaşının rifahına xüsusi diqqətini, qayğısını bir daha göstərir.

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

17 2019 21:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə