Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır”

“Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır”

Bütün səylərimiz təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanın son illərdə qazandığı uğurlardan bəhs edərkən ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi bu fikri sərlövhəyə çıxarmamaq mümkün deyil. Belə qüdrətli bir dövlətin başçısının cəmi 28 il müstəqil tarixi olan ölkəmiz haqqında söylədiyi fikir hər birimizdə qürur hissi yaradır. Qısa müstəqillik tarixində dünyanın ən inkişaf etmiş dövlətlərinin ölkəmizlə əməkdaşlıqda maraqlı olması təsadüfi deyil. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətimizin Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə davam etdirilməsinin nəticəsidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən milli və strateji maraqlara əsaslanan xarici siyasət əmin-amanlığın, sabitliyin davamlı olmasına və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına xidmət edir.

Xarici siyasətdə qazanılan uğurlar bu gün də ölkəmizin dünya birliyindəki reytinqinin yüksəlməsində özünü büruzə verir. Fikrimi yenə də ABŞ Prezidentinin dövlətimizin başçısına ünvanladığı təbrik məktublarındakı sözlərlə əsaslandırmaq istərdim. Donald Tramp təbrik məktubunda bildirib ki, ABŞ-la Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur: “Azərbaycanın beynəlxaq təhlükəsizliyə verdiyi töhfələr və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm. Azərbaycanda islahatlar istiqamətində , xüsusilə də qanunun aliliyi sahəsində xalqın mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq. Tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram”.
Donald Tramp daha sonra bildirir ki, Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir: “Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc , demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”.


Etibarlı tərəfdaş


Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi strategiya ölkəmizi dünyanın inkişaf etmiş demokratik dövlətləri sırasına qoşub. Respublikamız sosial-iqtisadi inkişaf yolunda inamla irəliləməklə, həmçinin beynəlxalq miqyaslı iri infrastruktur layihələrin reallaşdırılmasında nümunəvi dövlətə çevrilib. O cümlədən beynəlxalq gündəlikdəki aktual məsələlərin həllinə də öz töhfələrini verir. Məhz bunun nəticəsidir ki, inkişaf etmiş dövlətlər Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirlər. Məsələn, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəmizlə hərtərəfli əməkdaşlığa böyük önəm verərək deyir ki, biz Azərbaycanla bütün sahələrdə səmərəli ikitərəfli əlaqələri, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində konstruktiv qarşılıqlı fəaliyyəti birgə səylərimizlə bundan sonra da uğurla inkişaf etdirəcəyik. 
Azərbaycan dövlətinin məntiqli xarici siyasəti ölkəmizi beynəlxalq aləmdə həm də sülhsevər dövlət kimi tanıdıb. Yeri gəlmişkən, Avropa Parlamentinin britaniyalı üzvü Netan Gillə məxsus fikirləri də diqqətə çatdırmaq istərdim. O, ölkəmizə səfərindən sonra deyib ki, Azərbaycan sülhsevər ölkədir. Bakının küçələrində gəzərkən özümü tamamilə sərbəst hiss edirdim. Buna görə də Bakıda bu qədər çox turist olur. Vətənimə qayıdanda hər kəsə Azərbaycanın necə sülhsevər olduğu barədə danışmışam və bu ölkəyə turist kimi səfər etməyi məsləhət bilmişəm.
Çoxlu sayda belə faktlar söyləmək mümkündür. Dünyanın tanınmış liderlərinin və diplomatlarının ölkəmiz haqqında söylədikləri yüksək fikirlər təsadüfdən yaranmayıb. Artıq Azərbaycan bu gün regional və qlobal problemlərin həllinə fəal şəkildə töhfə verən dövlətlər sırasındadır. Ölkəmiz transregional nəqliyyat və enerji layihələri ilə region və onun hüdudlarından kənarda sülhün, sabitliyin möhkəmləndirilməsinə öz töhfələrini verir. Eyni zamanda, ikitərəfli və üçtərəfli əməkdaşlıq mexanizmləri ilə regionda sülhü, sabitliyi və əməkdaşlığı gücləndirir. Ölkəmizin milli maraqlarına əsaslanan müstəqil və çevik xarici siyasətin həyata keçirilməsində Prezident İlham Əliyevin qonşu və digər dövlətlərin başçıları ilə keçirdiyi görüşlər, yüksək səviyyəli dialoqlar, imzalanan sənədlər, həmçinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı konstruktiv mövqeyi müstəsna əhəmiyyət kəsb edir. Bu siyasətin uğurlu nəticəsi artıq səmərəsini verir. Bu gün dünyanın nüfuzlu diplomatları və siyasi xadimləri Ermənistanın işğalçı dövlət olduğunu rəsmən etiraf edirlər. Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun fikirləri də bunu təsdiqləyir: “Ermənistan yalnız Dağlıq Qarabağı deyil, onun ətrafındakı yeddi rayonu da nəzarətə götürüb. Bu rayonlarda etnik təmizləmə həyata keçirilib, əhali öz yurdundan köçürülüb”.


Sabitlik adası


Dövlət başçısının müəyyən etdiyi xarici siyasət ölkəmizi dünyada sabitlik adası kimi tanıdıb. Son illər Azərbaycanda hər hansı bir qarşıdurmanın olmaması, “iqtidar-xalq” münasibətlərinin sıx vəhdəti, müstəqil mətbuata, dini etiqada, insanların öz fikirlərini sərbəst ifadə etmələri üçün yaradılan şərait, insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi beynəlxalq aləmin də diqqətindən yayınmayıb. Bununla yanaşı, həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan həm də qlobal əhəmiyyətli strateji dialoq platforması rolunda çıxış edir. Bunu faktlarla əsaslandırmaq istərdik. 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Bu, ölkəmizin sülh və sabitlik adası olduğunu təsdiqləyən əhəmiyyətli faktdır. Belə ki, 2017-ci ilin fevralında Amerika Birləşmiş Ştatlarının Baş Qərargah rəisi ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, həmin ilin sentyabrında isə NATO-nun hərbi komitəsinin sədri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında görüşlər məhz Bakıda keçirilib.

Sual oluna bilər ki, dünyada BMT-yə üzv olan 200-ə, Avropada isə 50-yə yaxın ölkə olduğu halda, niyə beynəlxalq ictimaiyyəti maraqlandıran belə məsul, mühüm əhəmiyyətli görüşlərin keçirilməsi üçün cəmi 28 illik müstəqillik tarixi olan Azərbaycan seçilib? Bu sualın cavabını Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə çox asanlıqla tapmaq mümkündür: “İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq. Digər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik. Üçüncü səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz var”. 


İnam və etimadın nəticəsi


Azərbaycanın xarici siyasətdəki uğurlarını əks etdirən faktlar sırasında ölkəmizin nüfuzlu beynəlxalq qurumların fəal üzvü olmasıdır. Son illər respublikamız sivilizasiyalar və mədəniyyətlərarası dialoqların, humanitar forumların keçirildiyi məkana çevrilib. Bununla yanaşı, beynəlxalq miqyaslı idman yarışlarına da evsahibliyi etməyimiz ölkəmizə olan inam və etimadın nəticəsidir. Bu inamın daha bir nəticəsi Azərbaycanın 2019-2022-ci illərdə dünyanın 120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrliyidir. 2018-ci ilin aprelində Qoşulmama Hərəkatı üzv dövlətlərinin Bakıda keçirilmiş xarici işlər nazirlərinin toplantısında çıxış edən Prezident İlham Əliyev bu quruma Azərbaycanın sədrliyinin prioritetlərini, beynəlxalq sülh və təhlükəsizliyi möhkəmləndirmək istiqamətində baxışını təqdim etmişdir.
Onu da qeyd edək ki, respublikamızın nüfuzlu beynəlxalq qurumlara sədrlik etməsi birinci hal deyil. Xatırladaq ki, Azərbaycan 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanmış, müxtəlif vaxtlarda bu quruma 2 dəfə sədrlik etmişdir. Sədrlik estafetini ABŞ-dan alan Azərbaycanın sədrliyi dövründə BMT Təhlükəsizlik Şurası 13 açıq, 16 qapalı iclas keçirmişdir. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi; habelə mətbuat üçün 7 bəyanatı qəbul edilmişdir. 
Azərbaycan 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün Avropa Şurasının Nazirlər Komitəsinə də sədrlik etmişdir. Sədrlik dövründə ölkəmiz Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb. 
Göründüyü kimi, bütün nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizə böyük inam və etimad var. Bu inam Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil və çevik xarici siyasətin həyata keçirilməsindən yaranıb.
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar verdiyi açıqlamasında xarici siyasətin prioritetlərindən söhbət açarkən deyib ki, bu sıraya, ilk növbədə, ölkəmizin suverenliyi və müstəqilliyinin gücləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi daxildir. Bundan başqa, prioritetlərə, həmçinin Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu bütün irimiqyaslı beynəlxalq layihələrin gerçəkləşdirilməsinin davam etdirilməsi, habelə dövlətlər, onların birləşmələri və beynəlxalq təşkilatlar daxil olmaqla dünyanın bütün aktorlar ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi aiddir.
Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır, mövqeyini və regional liderlik rolunu daha da möhkəmləndirir.

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

17 2019 21:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə