Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt böyük mədəni mərkəzə çevrilir

Sumqayıt böyük mədəni mərkəzə çevrilir

Məlum olduğu kimi, Prezident İlham Əliyev ­Sumqayıtın 70 illik yubileyini qeyd etmək üçün xüsusi sərəncam imzalayıb. Yubilyar şəhərdə qibtə ediləcək bir coşğunluq, nikbin bir aura hökm sürür. Gözəlliklər adama “gəl-gəl” deyir. Küçə və meydanlar bayram libasına bürünüb. Quruculuq işləri isə bütün cəbhə boyu davam edir. Sumqayıt bulvarına axşam gəzintisinə çıxmışdıq. Yaşıllıq zolaqları, dekorativ ağaclar, gül-çiçək göz oxşayırdı. Öyrəndiyimizə görə, bulvar yaradılarkən qısa müddətdə buraya 60 min maşın torpaq daşınıb. Mozaik plitələr döşənib. Yüz min ağac, beş yüz min gül əkilib. Sumqayıtlılar bəzəkli faytonlara minib gəzə-gəzə bu cənnət guşələri maraqla seyr edirdilər. Ayrı-ayrı guşələrdə nağıl qəhrəmanlarının heykəlləri, fauna fiqurları gözə dəyir. “Şahmat ­oynayan babalar”, “Gitaraçı veteran”, “At arabasında”, ­“Marallar” bu qəbildəndir. 

“Rəqs edən cütlük” heykəli də cəlbedicidir. Bir anlıq elə bildim ki, onlar Sumqayıt haqqında məşhur əfsanənin qəhrəmanları Sum və Ceyrandır. Haçansa ayrı düşsələr də, indi burada vüsala yetişiblər və əl-ələ tutub oynayırlar. Heykəltəraş bəlkə də bu ideyanı əsas götürüb. Axı, sumqayıtlıların bir vaxtlar əlçatmaz xəyal olan arzuları artıq gerçəkləşib, quru səhralar su aydınlığına qovuşub. 
Yanalma körpüsü tərəfdən gələn həzin musiqi sədaları yolumuzu o tərəfə yönəltdi. Yay estradasında bədii kollektivlər konsert verirdi. Rəqslər, xalq və bəstəkar mahnıları, estrada janrında çıxışlar səslənir, şən təranələr dəniz dalğalarının səsinə qarışaraq ruha sığal çəkirdi. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov da orada idi. Bizimlə salamlaşıb, böyük meydana toplaşmış seyrçilərə işarə edərək dedi ki, hər şənbə-bazar günü axşamlar burada belə bir qələbəlik yaranır. Şəhər rəhbərliyinin təşəbbüsü ilə yay istirahət mövsümünün əvvəlindən mədəniyyət evi və klubların, musiqi məktəblərinin kollektivləri növbə ilə belə konsert proqramları təqdim edir, sakinlərin istirahət saatlarını daha da mənalandırırlar. 
Səhnədə şirin avazla “Gecələr” mahnısını oxuyan müğənni, Bülbül adına uşaq incəsənət məktəbinin müəllimi Əfras Məmmədovu uzaqdan tanıdım. Bir vaxtlar Sumqayıtın el şənliklərində parlaq çıxışlar edərdi. Əfras ifasını sona yetirməmiş seyrçi alqışları ətrafı bürüdü. O da razılıqla baş əyərək səhnəni tərk elədi. Sonra yaxın gəlib bizimlə görüşdü. “Səsin elə həminki gözəl səsdir, heç dəyişməyib – dedim. – Afərin!”
Konsertin ardını həvəslə izlədik. Bu kimi tədbirlərin gözəl təşkilatçısı olan Mehman müəllim də bizimlə sonadək orada qaldı. Onun mədəniyyət sahəsində böyük iş təcrübəsi var. Beş il Sumqayıtın ən böyük mədəniyyət saraylarından birinin, on yeddi il Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifələrində çalışıb. Həmişə də yenilikçi təşəbbüsləri ilə seçilib. Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Artıq üç ildir ki, Sumqayıt, Abşeron, Xızı, Şuşa, Zəngilan və Qubadlı rayon mədəniyyət və turizm şöbələrinin bazasında yaradılmış regional idarəyə rəhbərlik edir. 
– Dövlətimiz tərəfindən mədəniyyət və incəsənətə hədsiz qayğı göstərilir, – deyə o, bildirdi. – Heydər Əliyev Fondunun da bu yöndə misilsiz xidmətləri var. Bütün bunlardan son dərəcə məmnunuq. İcra başçımız Zakir Fərəcov istəklərimizə hər zaman qol-qanad verir, tədbirlərimizə böyük dəstək göstərir. Bizim borcumuz bu diqqətə layiqli işlərimizlə cavab verməkdən, etimadı doğrultmaqdan ibarətdir. Çalışırıq ki, özünün intibah dövrünü yaşayan şəhərimizin mədəni inkişafını daha da irəli aparaq. 
Bu yaxınlarda Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində mədəniyyət sahəsi üzrə 6 ayın yekunları yüksək işgüzarlıqla müzakirə olunub. Regional idarənin rəisi mədəniyyət ocaqlarının, musiqi məktəblərinin fəaliyyəti ilə bağlı fikirlərini bildirib, “Bölgələrdən-bölgələrə” festivalında müəssisələrin iştirakından razılığını çatdırıb. Müşavirədə yubiley çərçivəsində görüləcək işlərin – ümumşəhər tədbirlərinin, mahnı, şeir və rəsm müsabiqələrinin detalları ətraflı ­sərf-nəzər edilib. 
İnamla demək olar ki, Sumqayıtın mədəni mühiti özünün ən qaynar dövrünü yaşayır. Rəngarəng tədbirlər bir-birini əvəz edir, bəzən də say çoxluğuna görə günə bir neçə tədbir düşür. Son vaxtların ən böyük və ən uğurlu tədbiri Sumqayıt Dövlət Dram Teatrında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə keçirilən bayram təntənəsi olub. Tədbirdə Sumqayıt şəhərinin rəsmiləri, deputatlar, Nəsimi irsini araşdıran alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və 650 illik yubileyin təntənəli şəkildə keçirilməsinin ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu söyləyərək xatırladıb ki, hələ ulu öndər Heydər Əliyevin dövründən etibarən Nəsimi irsinin və bütövlükdə Azərbaycan klassik ədəbiyyatının daha ətraflı araşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Xalq artistləri – tanınmış xanəndə Alim Qasımovun, görkəmli aktyor Rasim Balayevin, Sumqayıt teatrı aktyorlarının iştirakı ilə Nəsiminin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub, şairin qəzəllərindən nümunələr səsləndirilib. 
Şəhərdəki Poeziya evində təşkil olunan “Nəsimi və təsəvvuf” adlı tədbir də uğurlu alınıb. Tədqiqatçı və ilahiyyatçı alimlərin, sumqayıtlı şairlərin mövzu ilə bağlı çıxışları dinlənilib. 
Yaddaqalan tədbirlərin, parlaq nailiyyətlərin sayı-hesabı yoxdur. Keçən il Sumqayıt Dövlət Dram Teatrının kollektivi 4-cü “Türk Dünyası teatr günləri” festivalında Turqut Özakmanın “Ocaq” tamaşasına görə mükafat alıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə teatrın 50 illik yubileyi təntənə ilə qeyd edilib. Sumqayıtda regional idarənin bazasında bir sıra yeni kollektivlər yaradılıb. Musiqi məktəblərinin müəllimlərdən ibarət xalq çalğı alətləri orkestri və xor kollektivi, F.Əmirov adına Uşaq Musiqi Məktəbinin “Buta” qızlar ansamblı və Abşeron, Şuşa, Zəngilan, Qubadlı, Xızı rayonlarını əhatə edən folklor kollektivləri buna əyanı misaldır. Xalq çalğı alətləri orkestri və xor kollektivinin təqdimat mərasiminə ölkənin tanınmış sənətkarları da səhnədə gənc ifaçılara qoşularaq, birgə çıxış ediblər. Bir qayda olaraq, əlamətdar günlərdə, müxtəlif sahələr üzrə peşə bayramlarında Sumqayıtda ölkənin ünlü sənətkarlarının iştirakı ilə möhtəşəm konsertlər təşkil olunur. 
Regional mədəniyyət idarəsinin uğurları artıq beynəlxalq miqyasda təsdiqini tapır. İdarənin rəisi M.Şükürov Mədəniyyət Nazirliyinin əməkdaşları ilə birgə Rusiya və Belarusda, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xətti ilə Türkiyədə işgüzar səfərlərdə olub, təcrübə mübadilələri aparıb və birgə layihələrlə bağlı təkliflər irəli sürüb.
Sumqayıtın günbəgün gözəlləşməsi yerli əhalini son dərəcə fərəhləndirir. Bir axşam maraqlı konsert proqramını izlədiyimiz möhtəşəm Park-Bulvar kompleksi şəhərin tərəqqisi naminə reallaşan ən böyük layihə sayılır. Sumqayıtlılar fəxr edirlər ki, Prezident İlham Əliyev həmin bulvarı möcüzə adlandırıb. Ötən ay Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sumqayıtda IX Şairlər Gününü qeyd etməyə gələn Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin təmsilçiləri, Türkiyə və Qazaxıstan yazarları bu şəhərə heyranlıqlarını dilə gətiriblər. 
Bulvarda şənbə konsertini Bakıdan gəlmiş Məmmədlilər ailəsinin üzvləri də izləyib və razı qalıblar. Günay Məmmədlinin ürək sözləri: 
– Sumqayıt bulvarı haqqında çox eşitmişdik. Bilirdik ki, dizayn estetikasına görə Avropada beynəlxalq mükafata layiq görülüb. Nəhayət, buraya istirahətə gələrək, gözəllikləri özümüz gördük. Körpüdə dayanıb suya tilov atan balıqçıların da sayı çoxdur, müasir kafe və çayxanalarda dincələn ağsaqqal və ağbirçəklərin, attraksionlarda əylənən uşaqların da. Bu gün həm də qızım Gülarənin doğum günüdür. Konsert proqramı sanki Gülarənin doğum gününə bir töhfə oldu. Mahnılar, rəqslər zövqümüzü oxşadı. Tədbirdə gənc rəssamların əl işlərindən ibarət sərgi də maraq doğurdu. Düzü, başqa heç bir şəhərdə açıq havada belə müntəzəm konsertlər verilmir. Biz Sumqayıta səfərimizdən çox razı qaldıq. Bu gözəllikləri yaradanlara “Var olun!” deyirik. 
Hazırda Sumqayıt bulvarının ərazisi daha da böyüdülür, istirahət və əyləncə guşələrinin sayı artırılır. Burada Muğam Mərkəzi də inşa olunur. Yeni sənət məbədinin tikintisini şəhərin yubileyinədək başa çatdırmaq nəzərdə tutulur. Mərkəzdə 400 yerlik konsert zalı, texniki və yardımçı otaqlar olacaq. Burada istedadlı gənclərin muğamın sirlərinə yiyələnməsi üçün 14 sinif otağı tikilir, mərkəzdə ustad sənətkarlar dərs keçəcəklər. Mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq. 
Beləcə, yubilyar şəhərin siması durmadan dəyişir. Park, xiyaban və meydanları günbəgün abadlaşdırılır. Sumqayıt böyük mədəni mərkəzə çevrilir. Bulvar ərazisində Bayraq Muzeyinin tikilib istifadəyə verilməsi, ulu öndərin adını daşıyan parkda Heydər Əliyev Mərkəzinin üçmərtəbəli yeni binası və qarşısında ümummilli liderin əzəmətli abidəsinin ucaldılması, Kimyaçılar sarayının, oradakı meydanın yenidən qurulması mədəni yüksəlişin göstəricisidir. Son illərdə şəhərin gözəllik ünvanları sırasına Şahmat və Uşaq İncəsənət məktəbləri, yeni inzibati binalar da əlavə olunub. İndi Sumqayıtın 2-ci mikrorayonu ərazisində müasir kino-teatr da tikilir. Belə ki, ötən əsrin 60-cı illərində inşa edilmiş və baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı (əvvəlki adı “Rusiya” idi) sökülərək yenidən qurulur. Üç zalı olacaq bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək və ilin sonunadək kinosevərlərin ixtiyarına veriləcək. 
Dünya şəhərlərinin Sumqayıta marağı artır. Bu, mədəni inkişafın etirafı faktıdır. Ötən ay Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərində keçirilən 27-ci festival tədbirlərinə dəvət olunmuşdu. Oradakı çıxışında Azərbaycanda multikultural dəyərlərə böyük önəm verildiyini vurğulayıb. Xatırladıb ki, bu iki şəhərin 40 illik qardaşlıq əlaqələri mövcuddur. Sumqayıtda illər öncə Lüdviqshafen parkı salınıb və inişil əsaslı təmir edilib. Alman qonaqlar bunu razılıqla qarşılayıblar. İndiyədək Sumqayıta və Lüdviqshafenə 60-a yaxın qarşılıqlı səfərlər olub. Bu səfərlərdə iki minə yaxın insan iştirak edib, 23 layihə həyata keçirilib. Ümumiyyətlə, Sumqayıtın dünyanın 19 şəhəri ilə dostluq əlaqələri var.
Sumqayıt yazarları da uğurlarını doğma şəhərin yubileyinə həsr edirlər. Elə bu yazını hansı sonluqla bitirmək barədə düşünürdüm ki, qələm dostum, Əməkdar jurnalist Eyruz Məmmədovdan zəng gəldi. “Sumqayıtım, dünənə boylan” adlı oçerklər toplusunun çap olunduğunu, bir nüsxəsini də mənim üçün ayırdığını söylədi. Eyruz müəllim yarım əsrdən artıq Sumqayıtda yaşayan və bu şəhəri bir könüldən min könülə sevən, sevdirən ziyalılardandır. Yazdıqlarının hamısı maraq doğurur. Düşündüm ki, yazımı elə dostumun ürək sözləri ilə bitirsəm, daha yaxşı olar. 
– Sumqayıt mənim gözlərim önündə böyüyüb, boy atıb, – dedi. - Bütün varlığımla bağlı olduğum bu şəhərin uğurlarını ürəkdən vəsf edirəm. Hazırda şəhərin 70 illiyinə həsr edilən daha bir kitab üzərində çalışıram. Yubiley nəşri payıza qədər hazır olmalıdır. Sumqayıtla bağlı salnamə xarakterli faktlar o qədər çoxdur ki, heç birindən keçmək olmur. Burada bir çox möhtəşəm mədəni-kütləvi tədbirlər, ümumşəhər bayramları keçirmək təcrübəsi var. Bu gün şəhərin mədəniyyət kollektivlərinin ciddi yubiley hazırlıqlarında olduğunu bilirəm. İnanıram ki, bu təntənələr ən yüksək mədəni səviyyədə keçiriləcək. 
 

 

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

 

17 2019 19:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə