Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antiazərbaycan qüvvələrin bütün cəhdləri iflasa uğrayır

Antiazərbaycan qüvvələrin bütün cəhdləri iflasa uğrayır

Azərbaycanın ötən əsrin əvvəllərində qazandığı dövlət müstəqilliyini əlindən almış qüvvələr əsrin sonlarında da həmin çirkin ssenarini davam etdirməyə çalışırdılar. Bu məqsədlə gah xarici mərkəzlərə meyilli bir adamın prezident olmasını dəstəkləyir, gah da küçədən gəlmiş diletantların hakimiyyəti ələ almasına imkan yaradırdılar ki, ölkəmiz onların tələblərinə “baş üstdə” desin. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra isə ssenarilər daha da sərtləşdirilmiş, gah dövlət başçısını fiziki cəhətdən yox etmək planı, gah da dövlət çevrilişi cəhdləri dövriyyəyə buraxılmışdı. Ancaq Heydər Əliyev elə bir siyasətçi idi ki, xalq onun bütün addımlarını dəstəklədiyi kimi, antiazərbaycan qüvvələrin məkrli planlarının puç edilməsində də ümummilli liderin yanında oldu.

Düşmən qüvvələr vəziyyəti belə görəndə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün xarici ölkələrin aparıcı neft şirkətləri ilə imzalanacaq Hasilatın Pay Bölgüsü sazişinin ətrafında qara piar kampaniyasına start verdilər ki, guya, həmin sənəd Azərbaycana sərf etmir. Əvvəlcə Heydər Əliyev, sonra isə zaman sübut etdi ki, “Əsrin müqaviləsi” məhz Azərbaycan xalqının və dövlətinin maraqlarını təmin edir. Nəticə göz qabağındadır.
Hasil edilmiş neft və qazın dünya bazarına çıxarılması üçün marşrutların seçilməsi prosesində də xaricdə oturub Azərbaycanın daxili işlərinə qarışmaq istəyənlər ölkəmizdəki qulbeçələrinin vasitəsilə minbir oyundan çıxdılar. Heydər Əliyev həmin məsələdə də onların bütün planlarını alt-üst elədi. Nəticədə həmin marşrutlar da xalqa və milli dövlətçilik maraqlarımıza xidmət edən şəkildə seçildi və səmərəsini hər gün, hər saat görürük. 
2003-cü ilin payızından sonra Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, mətbuat və söz azadlığı məsələlərini əsas götürərək ölkəmizə qarşı növbəti çirkin kampaniyalara start verildi. Prezident İlham Əliyev həmin sahələrdəki qanunvericilik bazasının nəinki yenilənməsinə və müasirləşməsinə nail oldu, hətta avropalı ekspertlər bizim qanunlarımızın bir çox Avropa ölkələrindəki anoloji sənədlərdən qat-qat demokratik olduğunu etiraf etmək məcburiyyətində qaldılar. 
Bu tezisdən də əli çıxan antiazərbaycan qüvvələr siyasi məhbus məsələsini gündəliyə gətirməyə başladılar. Dövlət orqanlarımız həmin qaragüruhçulara qapıları taybatay açdı: “Buyurun gəlin, həbs edilmiş insanların cinayət işi ilə maraqlanın, görək onların arasında siyasi mənsubiyyətinə görə həbs edilən kimsə varmı?” Gəlmədilər, maraqlanmadılar. Çünki çox yaxşı bilirdilər ki, Azərbaycandakı “siyasi məhbus” məsələsi xaricdə hazırlanmış və heç bir əsası olmayan cəfəngiyyatdır.
Sonra ortaya söz atıldı: “Azərbaycan Xəzərin statusu məsələsində xalqın mənafeyinə cavab verməyən mövqe nümayiş etdirir”. Dövlətimizin bu məsələdə əldə etdiyi nəticələr qaragüruhçuların həmin tezisini də puç elədi. Onlar Xəzərin statusu məsələsində daha böyük fiaskoya uğradılar. 
Belə ki, enerji təhlükəsizliyi üzrə erməni ekspert, beynəlxalq politoloq Bahe Davtyan ötən il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair imzalanan Konvensiya ilə bağlı demişdi ki, bu konvensiyanın imzalanmasının nəticəsində Ermənistan qismən də olsa regionda mövcud olan hərbi-siyasi və geosiyasi əhəmiyyətini itirir. Erməni ekspert həyəcan təbili çalırdı ki, konvensiyanın imzalanması Rusiya, İran və Azərbaycan arasında bir çox sahələrdə, ələlxüsus iqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirəcək ki, bu da Yerevanın maraqlarına toxunur: “Bu gün biz artıq görürük ki, Ermənistan və Azərbaycan ərazilərindən keçməli olan əsas nəqliyyat-logistik layihələr tamamilə Azərbaycan ərazisinə istiqamətlənib. Təbii ki, Xəzər Konvensiyası bu prosesin fəallaşması üçün zəmin yaradacaq. Söhbət İran--Ermənistan dəmir yolu layihəsinin dondurulması və həmin marşrutun Azərbaycan--İran ərazisinə keçməsindən gedir”.
Xəzərin statusu məsələsi də bədxahlarımızın əlindən çıxandan sonra daim ehtiyatda saxladıqları dini dözümlülük məsələsindən istifadə etməyə çalışdılar. Əslində, bu “silah” onların ən şərəfsiz planı idi. Çünki bütün dünyada hamı Azərbaycanı sivil, dünyəvi, demokratik, tolerant ölkə kimi tanıyır. Dövlət başçımızın dini dəyərlərə verdiyi önəm, təkcə məscid və digər dinlərin ibadət yerlərinin tikilməsi, bərpası ilə ­qurtarmır. Prezident ölkəmizdə “İslam Həmrəyliyi ili”nin elan edilməsinə və İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə nail olmuşdur. Buna baxmayaraq, qaragüruhçular “qaşınmayan yerdən qan çıxartmağa” çalışdıqlarını gizlədə bilmirlər. 
Bir neçə gün əvvəl KİV-ə xüsusi açıqlama verən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı danışarkən demişdir: “Dini şüarlarla pərdələnən, təxribatçı, niyyəti dövlətlə xalq ­arasında inamsızlıq, mümkün olarsa düşmənçilik toxumları səpmək olan bəzi internet resurslarında Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını təsdiqləyən kadrlar nümayiş etdirilir və onu əsl “qəhrəman” kimi populyarlaşdırmağa cəhdlər olunur, xanımının hadisədən dərhal sonra etdiyi müraciət təkrar-təkrar yayımlanır. Təəssüf doğuran odur ki, özlərinin demokrat və dünyəvi dövlət tərəfdarı olduqlarını iddia edən bəzi müxalifət liderləri və fəalları da terroru təşviq edən belə bir kampaniyaya dəstək verir, ifrat ekstremizmi özünə ideologiya seçmiş xarici qruplaşmaların istifadə etdiyi şüarları təkrarlayır, bu səpkidə çağırışlar səsləndirir, ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına alırlar”.
Bu da təbiidir. Çünki xaricdəki antiazərbaycan qüvvələrin əlində əsir-yesir olmuş həmin müxalifətə, məhz Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşmalarının tüğyan etdiyi Azərbaycan lazımdır. Dərk edə bilmirlər ki, həmin xaos və anarxiyalar adı çəkilən ölkələrin iqtisadiyyatını da, mədəniyyətini də ən azı 50-60 il geriyə salıb. 
Başqa bir məsələyə diqqət yönəldək. Bu günlərdə Cənubi Qafqaz ölkələrinin qonağı olan Avropa İttifaqı Şurasının ­prezidenti Donald Tuskun Bakıda Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, ölkəmizin problemlərinin həlli istiqamətində birgə çalışmaq əzmini dilə gətirməsi təkcə xaricdəki bədxahlarımızı deyil, ölkə daxilindəki müxalifətçiləri də ciddi narahat etmişdi. Məhz həmin narahatlığın nəticəsidir ki, AXCP sədri Əli Kərimli Donald Tuskun vəzifə səlahiyyətlərinin başa çatmasına sevindiyini demişdi. 
Ancaq həmin “səlahiyyətləri başa çatmış” cənab Tusk İrəvanda nə dedi, nə danışdısa, həm Ermənistan, həm də Gürcüstan mətbuatı bəzi xəbərlərə sərlövhə verdilər: “Tusk İrəvana “bomba” qoydu”. Həmin sərlövhələri görən Azərbaycan ekspertlərindən biri isə yazmışdı: “ Tusk İrəvana “bomba” qoymazdan əvvəl Bakıda səsləndirdiyi “ Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”-- sözləri ilə Azərbaycan müxalifətinin ürəyinə od salmışdır”.
Ancaq bizim fikrimizcə, xaricdəki antiazərbaycan dairələrin və daxildəki Əli Kərimlilərin kürkünə birə, ürəyinə od salan ən qətiyyətli addımı ötən ay ATƏT Parlament Assambleyası postsovet məkanındakı münaqişələrlə bağlı qəbul etdiyi məlum qərarla atmışdır. Bu isə o deməkdir ki, antiazərbaycan qüvvələrin ölkəmizlə bağlı istənilən qərarı, cəhdi, hətta arzusu belə iflasa məhkumdur. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

17 2019 19:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə