Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda indiyədək 3 milyon tondan çox taxıl yığılıb

Azərbaycanda indiyədək  3 milyon tondan çox taxıl yığılıb

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycanda 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunun 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.

Son operativ məlumata görə, indiyədək 975 min 462 hektar sahədə taxıl biçini həyata keçirilib, 337 min 766 hektarda arpa, 637 min 696 hektarda buğda biçini başa çatıb. Ümumilikdə, ölkə üzrə 3 milyon 86 min 495 ton taxıl yığılıb, orta məhsuldarlıq isə hər hektara 31,6 sentner təşkil edib.
Abşeron, Ağdam, Ağdaş, Ağstafa, Astara, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Beyləqan, Cəlilabad, Cəbrayıl, Füzuli, Naftalan, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Tərtər, Tovuz, Qax, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Yevlax, Göyçay və Neftçalada taxıl biçini artıq başa çatıb.
Ağsu, Xaçmaz, Qəbələ, Oğuz və Şəki rayonlarında isə taxıl biçini başa çatmaq üzrədir. Şəki ərazisində arpa əkilən 21 min 655 hektar sahə, buğda əkilən 46 min 94 hektar zəminin isə 45 min 696 hektarı biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 34,2 s/ha, buğda üzrə məhsuldarlıq isə 35,1 
s/ha təşkil edib.
Xaçmazda arpa əkilən 5786 hektar sahə və buğda əkilən 19 min 223 hektar zəminin isə 18 min 226 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30 s/ha, buğda üzrə məhsuldarlıq 34,7 s/ha qeydə alınıb.
Naxçıvan Muxtar Respublikasında, Şəmkir və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.
O da qeyd edilməlidir ki, hazırda taxıl istehsalçıları məhsulun satışı ilə bağlı heç bir problemlə üzləşmirlər. Çünki son illərdə ölkədə çox sayda taxıl qəbulu məntəqələri və elavatorlar inşa olunub. Fermerlər istehsal etdikləri məhsulu saxlayıb istədikləri vaxt sata bilərlər.
Kənd Təsərrüfatı Nazirliyinin başqa bir məlumatında isə vurğulanır ki, ötən illərdə müşahidə olunan taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, bir çox torpaq mülkiyyətçisi və fermer sahələrin yandırılmasının torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdirlər. Onlar taxıl biçinini başa vurduqdan sonra yerdə qalan kövşənliyi, yığılmamış samanı yandırmaqla torpağın münbitliyinin artacağını, alaqlara və zərərvericilərə qarşı mübarizənin səmərəli olduğunu güman edirlər. Halbuki kökündən yanılırlar. Əksər kənd təsərrüfatı məhsul istehsalçıları XXI əsrdə belə əlavə xərclərin və vaxt itkisinin qarşısını almaq düşüncəsi ilə köhnə qayda ilə sahələrə od vururlar. Yanğın nəinki əkinə yararlı torpaqları, eləcə də meşə, meşə-mühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə, öz növbəsində, ekoloji problemlərə gətirib çıxarır.
Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edərək bildirir ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm də aqrotexniki qaydalar baxımından zərərlidir və yuxarıda qeyd edildiyi kimi, torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikrofloranın məhv olmasına gətirib çıxarır. Sahənin yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşan faydalı mikroorqanizmlər məhv olur.
Eyni zamanda, biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırılır ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilən qaydada inzibati məsuliyyət daşıyırlar. 
“Torpaqların münbitliyi haqqında” Qanunun 9-cu maddəsinə edilən dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinə yararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilən 244-1-ci maddəyə əsasən, əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2 min manata, hüquqi şəxslərin isə 5 min manatdan 6 min manatadək məbləğdə cərimə olunacaqlar.

 

V.BAYRAMOV, “Xalq qəzeti”

17 2019 19:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə