Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fövqəladə missiya, yaxud tarixin ən böyük azərbaycanlısı

Fövqəladə missiya, yaxud tarixin ən böyük azərbaycanlısı

Yaşadığımız günlər çoxəsrlik tariximizin mühüm hadisələrindən biri ilə əlamətdardır. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 ili tamam oldu. Bu ərəfədə onun keçdiyi zəngin həyat yolunu, çoxşaxəli titanik fəaliyyətini, yeritdiyi daxili və xarici siyasəti, dövlət quruculuğunda gördüyü böyük işləri, bütövlükdə xalqımızın və dövlətimizin inkişafında həyata keçirdiyi fövqəladə missiyanı bir daha nəzərdən keçirmək və təhlil etmək zərurəti yaranır. Qəti əminəm ki, Heydər Əliyev kimi nəhəng şəxsiyyətin fəaliyyətini müəyyən zaman kəsiyində qiymətləndirmək doğru deyil. Böyük dövlət xadimlərinin fəaliyyəti yalnız müqayisəli-tarixi aspektdə qiymətləndirilməlidir, onların ölkəsinin və xalqının taleyində oynadığı rolu yalnız zaman özü dəyərləndirməlidir. Məşhur bir deyimə görə, dağın əzəmətini görmək üçün ona uzaqdan baxmaq lazımdır. Tarixi hadisələr də belədir. Günümüzdən ölkədə son 50 ildə baş verən proseslərə və həmin proseslərin mərkəzində dayanan ulu öndər Heydər Əliyevin fövqəladə missiyasına nəzər saldıqda, o dövrün tariximizdə müstəsna yerini və əhəmiyyətini daha dərindən dərk edirik.

Öz taleyini yaşayan insanlar olduğu kimi, bütöv toplumun, xalqın taleyində böyük rol oynayan, hətta bir çox cəhətdən onu müəyyənləşdirən şəxsiyyətlər də olur. Xalqımızın tarixində və taleyində artıq 50 illik zaman kəsiyində müstəsna təsirə malik olmuş ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.
İlk dəfə Azərbaycanda siyasi hakimiyyətə 14 iyul 1969-cu ildə gələn ulu öndər qısa zamanda ölkəmizin sosial-iqtisadi və mədəni yüksəlişinin əsasını qoydu. Bu illərdə respublikamızın sosial-iqtisadi tərəqqisi yolunda əsl dönüş yarandı: 250-dən çox zavod, fabrik istifadəyə verildi, 630 min nəfərlik yeni iş yeri yaradıldı. Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublikada xalq təsərrüfatının inkişafı üçün beş xüsusi qərar qəbul etdi. 1971-85-ci illərdə iqtisadiyyata sərmayə qoyuluşunun həcmi 32 milyard rubl təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində istifadə olunan vəsaitdən 2,1 dəfə çox idi.
1985-ci ildə Cənubi Qafqazda ən iri poladəritmə zavodu istifadəyə verildi, Dərin dəniz özülləri zavodu tikildi. Sənayedə struktur dəyişiklikləri aparıldı. Bakı məişət kondisionerləri zavodu qısa müddətdə tikilib, 1975-ci ildə istifadəyə verildi. “Ulduz”, “Azon” cihazqayırma zavodları, Sumqayıt kompressorlar zavodu, Bakı elektrik qaynaq avadanlığı zavodu işə düşdü. Onlarca istehlak malları istehsal edən, o cümlədən Abşeron, Siyəzən broyler fabrikləri, Bakı şampan şərabları zavodu, habelə Bakıda 2 evtikmə kombinatı, Sumqayıt və Mingəçevirdə evtikmə zavodları, Sumqayıt şüşə zavodu, Ələt ağac emalı kombinatı və s. müəssisələr istifadəyə verildi. Araz, Tərtər, Şəmkir su-elektrik stansiyaları, “Azərbaycan” DRES-i işə salındı. Azərbaycanın enerji müstəqilliyi təmin olundu.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə kənd təsərrüfatının dinamik inkişafı, respublikanın və bütövlükdə ölkənin iqtisadiyyatında onun rolunun artması ən mühüm iqtisadi nəticələrdən biri idi. Kolxoz və sovxozların maddi-texniki bazası daha da möhkəmləndi. Böyük meliorasiya proqramı həyata keçirildi. Baş Mil, Abşeron, Lənkəran, Şəmkir kanalları, Araz, Arpaçay, Sərsəng, Yuxarı Xanbulançay, Şəmkir və b. dəryaçalar istifadəyə verildi. Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan iri pambıqçılıq rayonlarına çevrildilər. Lənkəran – Astara, Quba – Xaçmaz zonalarında tərəvəzçilik daha da inkişaf etdirildi. Üzüm plantasiyaları 1970-ci ildəki 121,6 min hektardan 1985-ci ildə 268 min haektara çatdırılaraq, 2,2 dəfə artdı. İri heyvandarlıq kompleksləri tikildi. Respublikaya cins qaramal gətirildi. Kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981-85-illərdə 1966-70-ci illərin səviyyəsinə nisbətən 2,6 dəfə çoxaldı.
Geniş iqtisadi quruculuq sayəsində əmək məhsuldarlığı sənayedə 2,1, kənd təsərrüfatında 1,8 dəfə, xalq təsərrüfatında gəlir 335 faiz və ya Ümumittifaq göstəricisindən 2 dəfə çox artdı.
Həmin illərdə yaradılmış iqtisadi, elmi-texniki və mədəni potensial gələcəkdə respublikanın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratdı. XX əsrin 70-80-ci illərində SSRİ-də müstəqil yaşamağa qadir olan 2 respublikadan biri Azərbaycan idi.
Respublikada geniş sosial-mədəni quruculuq proqramı həyata keçirilirdi. Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər böyüyür, ətrafında yeni yaşayış massivləri salınırdı. Azərbaycanda 20 milyon kvadratmetr mənzil sahəsi istifadəyə verildi, yüzlərlə müasir binalar tikildi, yollar, körpülər, kənd və qəsəbələr salındı. Respublikamız az vaxt içərisində inkişafın başlıca keyfiyyət ölçülərinə görə müttəfiq respublikalar içərisində önə çıxdı. Sürətli sosial-iqtisadi inkişaf nəticəsində ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən məhsulların həcminə görə İttifaq miqyasında Azərbaycanın rolu xeyli artdı.
Respublikada elm, təhsil, ədəbiyyat, incəsənət və memarlığın inkişafına da diqqət artırıldı. Ali, orta ixtisas, ümumtəhsil məktəbləri, teatr, klub, muzey, kitabxanalar şəbəkəsi xeyli genişləndi. 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə milli hərbi kadrlar yetişdirilməsi üçün C.Naxçıvanski adına respublika ixtisaslaşdırılmış orta internat məktəbi təşkil olundu. Yüksəkixtisaslı kadrlar hazırlanmasına diqqət artırıldı. 17 mindən çox azərbaycanlı gənc SSRİ-nin 170 aparıcı ali təhsil ocağına göndərildi.
Azərbaycanda onlarca yeni elmi tədqiqat müəssisəsi yaradıldı. 1975-ci ildə EA-nın nəzdində “Xəzər” Elmi Mərkəzi fəaliyyətə başladı. 1978-ci ildə mərkəzin əsasında Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutu, 1981-ci ildə isə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi təşkil edildi.
Respublikada kitab çapı və mətbuat xeyli inkişaf etdi. 1969-cu ildə “Qobustan” almanaxı nəşr edilməyə başladı. 1990-cı ildə 168 qəzet, 91 jurnal, 1300-dən çox kitab çap olunurdu. 1976-87-ci illərdə Azərbaycanda ilk dəfə böyük informasiya tutumlu 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası” nəşr edildi.
Xalqın mədəni və mənəvi dəyərlərinə diqqət artırıldı. Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Hüseyn Cavid kimi görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan teatrının 100 illiyi təntənə ilə qeyd olundu. Azərbaycan tarixinə və Azərbaycan dilinə aid qiymətli araşdırmalar yüksək dövlət mükafatlarına layiq görüldü. 1974-cü ildən ali məktəblərdə Azərbaycan tarixinin tədrisinə ayrılan saatlar artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu, bu sahədə səmərəli işlər görüldü. Cənubi Azərbaycanla bağlı mövzuların ədəbiyyatda inikası üçün geniş imkanlar açıldı. 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqının Cənubi Azərbaycan üzrə katibi seçildi. Vaxtilə “pantürkist” kimi damğalanmış Hüseyn Cavidin cənazəsinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.
Heydər Əliyevin rəhbərliyi dövründə erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. 1977-ci ilin noyabrında onların Dağlıq Qarabağ məsələsini növbəti dəfə qaldırmaq cəhdinin qarşısı qətiyyətlə alındı. 
Qısa müddətdə Azərbaycan SSR-in sürətli sosial-iqtisadi və mədəni inkişafı SSRİ rəhbərliyində Heydər Əliyevə böyük nüfuz qazandırdı. O, 1976-cı ildə Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçildi. 1982-ci ilin dekabrında Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi və bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdi. 
Bütövlükdə, 1969-87-ci illər Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil oldu. Bu dövrdə müasir müstəqil Azərbaycan Respublikasının təməli qoyuldu.
Sovetlər Birliyinin dağılması ərəfəsində mühüm geostrateji mövqeyi və zəngin təbii sərvətləri ilə fərqlənən Azərbaycana qarşı məkrli siyasət həyata keçirilməyə başlandı. Və ilk növbədə, bu proseslərin ­qarşısını ala biləcək, məhz öncəki illərdə Azərbaycan xalqına qarşı hər hansı təxribatları cəsarətlə zərərsizləşdirilmiş almış bir insan – ulu öndər Heydər Əliyev sovet rəhbərliyindən düşünülmüş şəkildə uzaqlaşdırıldı. Məhz bundan sonra Azərbaycana qarşı istənilən təxribatları həyata keçirmək mümkün oldu.
SSRİ-nin dağılması nəticəsində iqtisadi böhran, ərazilərin itirilməsi, qaçqın, məcburi köçkün ordusunun yaranması Azərbaycanın inkişafına, iqtisadi-siyasi durumuna mənfi təsir göstərdi. Ölkəyə səriştəsiz insanların rəhbərlik etməsi həm iqtisadi, həm də siyasi böhran şəraitində müstəqilliyimizin, dövlətimizin mövcudluğunu belə sual altında qoymuşdu.
Heydər Əliyevin respublikada  hakimiyyətə qayıdışından sonra istər siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda böyük inqilabi dəyişikliklər baş verdi. Azərbaycan xalqı, ilk növbədə lider qazandı – uzun illər respublikamızı idarə etmiş, özünü təsdiqləmiş, xalqımızı çox çətin bir dövrdə ağır bəlalardan qurtaran, millətin gələcəyini, dövlətçiliyin təməlini quran, siyasi sabitliyi, əmin-amanlığı təmin edən, gələcək iqtisadi inkişafın əsasını qoyan qüdrətli lider. Ulu öndər Heydər Əliyevin bu amallar uğrunda hələ sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi vaxtlarda da böyük xidmətləri olmuşdu. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, Naxçıvanski adına hərbi liseyin yaradılması, ölkədə müstəqil sosial-iqtisadi infrastrukturun yaradılması və inkişafı, istehsal müəssisələrinin artırılması gələcək müstəqilliyin təməlini qoyurdu. Ulu öndər özü də deyirdi ki, dili, ordusu olan bir ölkə, iqtisadiyyatı güclü olan dövlət müstəqil sayılır.
Biz tariximizin bütün anlarını yadda saxlamalıyıq. Unutmayaq ki, xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və şərəfli olduğu qədər də faciəvi olub. Faciəvi olub ona görə ki, zaman-zaman tarixi şəraitin diktəsi və xalqın azadlıq ruhunun hökmü ilə milli haqlarımız uğrunda gedən mücadilələr son nəticədə məğlubiyyətə uğramış, ata-babalarımızın müstəqillik arzuları yadelli işğalçılar tərəfindən qan içində boğulmuşdur. Ən ibrətamiz və təəssüfləndirici hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv proseslərlə yanaşı, subyektiv amillərin də ciddi təsiri olmuşdur. Daxili çəkişmələr və münaqişələr, regional və sinfi maraqların milli mənafelərdən üstün tutulması, ən başlıcası xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran ümummilli liderin olmaması məhz bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə meydan açmış, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməmişdir. Bunu XVIII əsrdə – bütün dünyada milli dövlətlərin formalaşması prosesinin getdiyi bir zamanda Azərbaycanın xanlıqlara parçalanması faktı da təsdiq edir, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadıqdan sonra süquta uğraması da.
XX əsrin sonlarında xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə hakimiyyət təcrübəsi və səriştəsi olmayan qüvvələrin daxili və xarici siyasətdə buraxdığı səhvlər xalqımızı ciddi sınaqlar qarşısında qoydu. Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən fərqli olaraq indi xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi ümummilli lider, böyük siyasi iradəyə və təcrübəyə malik Heydər Əliyev şəxsiyyəti var idi. Xalqın mütləq əksəriyyətinin, o cümlədən, hakimiyyət nümayəndələrinin təkidli tələbi ilə Bakıya gəlib Ali Sovetin Sədri, daha sonra ölkə Prezidenti seçilən Heydər Əliyev müstəqilliyimizə qarşı yönəlmiş, necə deyərlər, ənənəvi ssenarini pozdu, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi. Bu, çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən bariz nümunə, ən parlaq örnəkdir. 1993-cü ilin son dərəcə gərgin şəraitində möhtərəm Heydər Əliyevin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin qarşısını almaq və beləliklə, dövlət müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində apardığı nəhəng işlər bu gün öz bəhrəsini verir. Biz o günlərin canlı şahidləri olsaq da, həmin dövrdə baş vermiş prosesləri yenidən mənalandırmaq, onların mahiyyətinə daha dərindən varmaq ehtiyacı duyuruq.
Möhtərəm Heydər Əliyevin Ali Sovetin Sədri seçilərkən etdiyi çıxışın mətni xüsusi diqqət çəkir. Ötən illərdən sonra həmin proqram xarakterli çıxışa nəzər saldıqda görürük ki, ulu öndərin bütün fəaliyyəti o tarixi çıxışdakı müddəaların addım-addım gerçəkləşdirilməsindən ibarətdir. Millət və dövlət qarşısında götürülmüş öhdəliklərə sədaqətin bundan böyük nümunəsini təsəvvür etmək çətindir. Ulu öndər müstəqilliyimiz üçün təhlükə törədən amilləri aradan qaldıraraq onu, öz təbirincə desək, dönməz və əbədi etmişdir. Həmin çıxışda müəyyən edilən digər iki istiqamət – demokratik islahatların həyata keçirilməsi və ərazi bütövlüyünün təmin olunması istiqamətində də ardıcıl işlər görülmüşdür.
Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi dövründə əldə olunan nailiyyətlər, iqtisadi uğurlar Azərbaycanı həyatın müxtəlif sferalarında dünya miqyasında aparıcı mövqelərə çıxartdı. Məhz möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti sayəsində Azərbaycan inkişaf tempinə görə ən yüksək yeri tutdu, bütün dünyanı iqtisadi böhran bürüdüyü bir dövrdə həmin böhranı, demək olar ki, hiss etmədən adladı və iqtisadi inkişafını davam etdirdi.
Azərbaycanın dünya dövlətləri arasında layiqli, möhkəm yerini tutmasında ulu öndərin müdrik xarici siyasəti mühüm rol oynadı. Mən bir şərqşünas kimi, ilk növbədə Heydər Əliyevin xarici siyasətindən danışmaq istərdim. Ulu öndər öz xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışırdı. Ümummilli lider Heydər Əliyevin xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusilə, Türkiyə, İran və s. ölkələrlə münasibətlərdə uzaqgörənlik, müdriklik və diplomatik səriştə həmişə duyulurdu. Ölkəmizlə çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə bərabərhüquqlu münasibətlər qurulur, regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq əlaqələri saxlanılır, bu əlaqələr inkişaf etdirilərək möhkəmləndirilirdi və indiyədək də bu siyasət uğurla davam etdirilir. Burada əsasən dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda, region problemləri ilə hər hansı bir əlaqəsi olan və bizə coğrafi və siyasi cəhətdən yaxın ölkələrlə münasibətlərə daha çox diqqət yetirilirdi. Belə ölkələrə birinci növbədə Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan və s. aiddir. Bu və İslam Konfransı Təşkilatına daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı gənc dövlətimiz üçün çox vacib idi. Bütün bu amilləri nəzərə alan Heydər Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılmış və qazanılmaqdadır.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və Elmlər Akademiyasının üzvləri ilə, elmi ictimaiyyətlə tarixi görüşündən və bu görüş nəticəsində atdığı addımlardan sonra Elmlər Akademiyası sistemində mövcud olmuş dərin böhran, tənəzzül, hətta iflas proseslərinin qarşısı alındı və necə deyərlər, ölkənin digər sahələrində olduğu kimi, Elmlər Akademiyasında da sabitlik yarandı. Elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 15 may tarixli fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi. Bu tarixi fərman ölkədə fundamental elmin nailiyyətlərini, Azərbaycan xalqının sosial, iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu, dövlətin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqlədi.
Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atdı. Ötən illərdə ölkəmizdə alimlərin məvacibləri dəfələrlə artırılıb. Xüsusən də, dövlət başçısının 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyi ilə əlaqədar imzaladığı sərəncamlarla görkəmli alimlərimizə yüksək dövlət mükafatları, elmi adlar, Prezident təqaüdü və mənzillər verilməsini qeyd etmək istərdim. Elmin inkişafına yönəldilən xərclər təxminən 7 dəfə artıb. Azərbaycan Elminin İnkişaf Strategiyası təsdiq olunub, 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib, Elmin İnkişafı Fondu yaradılıb və s. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə diqqət ilbəil artırılır. Bu il Prezidentimizin AMEA-nın illik hesabat yığıncağındakı iştirakı da elmə dövlət tərəfindən yüksək diqqət və qayğının nümunəsidir. Dövlət başçısının həmin tədbirdə söylədiyi nitqdə Azərbaycan elminə yüksək qiymət verilir, görülən işlərin çox uğurlu və təqdirəlayiq olduğu bildirilir, Azərbaycan elminin gələcəyinə böyük inam bəslənilir.
Elmimizin dünyaya inteqrasiyası məsələsinə gəldikdə isə, bu proses gedir. Bu məsələ 2009-2015-ci illərdə Elmin İnkişafı üzrə Milli Strategiyada öz əksini tapıb. Hazırda bu istiqamətdə böyük işlər gedir, mütəmadi beynəlxalq konfrans, simpozium, seminarlar keçirilir. Böyük uğurlar qazanılır. Beynəlxalq jurnallarda məqalələr dərc olunur.
İstənilən şəxsin Vətənə, xalqa xidməti onun gördüyü işlərlə, yaratdığı maddi sərvətlərlə, harada olursa-olsun Vətəninin, xalqının mənafeyini hər şeydən uca tutması ilə ölçülür. Heydər Əliyevin həyat yolunu nəzərdən keçirərkən bir daha əmin oluruq ki, onun çoxşaxəli yorulmaz və zəngin fəaliyyəti Azərbaycana, Azərbaycan xalqına fədakarcasına xidmətin bariz nümunəsidir. Bu sovet dövründə də belə olub, Vətənimiz müstəqillik əldə edəndən sonra da.
Heydər Əliyevin bütün rəhbərliyi dövründə apardığı ümumi siyasət bu olmuşdur: Azərbaycanın ümummilli mənafelərini istənilən səviyyədə müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın və ölkənin təhlükəsizliyini təmin etmək. Hesab edirəm ki, ulu öndər tarix boyu xalqımızın yaşadığı ən möhtəşəm renessans dövrünün banisidir. Heydər Əliyev Azərbaycan tarixinə böyük qurucu kimi daxil olub. Türkiyədə Mustafa Kamal Atatürk öz xalqının tarixində hansı yeri tutmuşsa, Heydər Əliyev də Azərbaycan xalqının tarixində o yerə sahibdir.
Bu gün Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin sükanı arxasında onun siyasi kursunun ən layiqli davamçısı – Prezident İlham Əliyev və onun ən yaxın silahdaşı Mehriban xanım Əliyeva dururlar və ulu öndərin ideyalarını yaşadaraq, çiçəklənən Azərbaycanı daha uca zirvələrə aparmaqdadırlar. Bu yolda ulu öndərimiz daim bizimlədir, çünki onun ömrü Vətənə fədakarcasına xidmətin bariz nümunəsi, dövlətimizin tarixinin parlaq səhifəsi, xalqımızın həyatının ayrılmaz bir parçasıdır.

 

Gövhər Baxşəliyeva,
Milli Məclisin deputatı,
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik

 

17 2019 18:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə