Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şahdəniz-2” ən yaxşı mühəndislik layihəsi mükafatına layiq görülüb

“Şahdəniz-2” ən yaxşı mühəndislik layihəsi mükafatına layiq görülüb

“Royal Academy of Engineering” (“Kral Mühəndislik Akademiyası”) BP-nin “Şahdəniz-2” layihəsini ən yaxşı mühəndislik layihəsi mükafatı ilə təltif edib. Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolsonun KİV-də yayılan məlumatına görə, adı çəkilən layihənin reallaşdırılması zamanı sənayenin ən müasir texnologiyalarından istifadə edilib. 

“The Royal Academy of Engineers”in mükafat komitəsinin sədri Raffaella Ocone isə bildirib ki, “Şahdəniz-2” layihəsi mühəndislik həllərinin öhdəsindən layiqincə gəlinməsinin əyani sübutudur. BP-nin mühəndislik meneceri Mark Tatum isə qeyd edib ki, 2018-ci ildə layihə üzrə Türkiyəyə ilk təbii qaz həcmlərinin təhlükəsiz və etibarlı tədarükü “Şahdəniz-2”nin uğurudur.
Xatırladaq ki, “Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 13 il ötür. Hesablamalara görə, yatağın ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir. “Şahdəniz”in kəşfi və layihənin uğurla reallaşdırılması ilə Azərbaycan dünyaya böyük həcmdə təbii qaz ixrac edən bir ölkə kimi tanınıb. Bu qaz yatağı Alyaskadakı “Prudo Bey” (“Prudhoe Bay”) neft yatağından sonra BP-nin ən böyük kəşfi kimi qeydə alınıb. 
Yeri gəlmişkən, 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü (HPBS) haqqında saziş imzalanıb. Bundan 3 il sonra - 1999-cu ilin iyununda isə nəhəng “Şahdəniz” yatağı kəşf edilib. 
Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşən yataqda ilk quyu 2006-cı il dekabrın 15-də istismara verilib. Quyunun gündəlik qaz hasilatı 5,6 milyon kubmetr, kondensat hasilatı isə 2,5 min ton olub. Həmin quyunun yerləşdiyi sahədə dənizin dərinliyi 100 metr, quyunun dərinliyi isə 6 min 500 metr təşkil edib. Bu hadisə Azərbaycanın neft sənayesi tarixində yeni bir mərhələnin başlanğıcı olub.
“Şahdəniz-1” üzrə əməliyyatlara elə 2006-cı ildə başlanıb və yataqdan hasilat həyata keçirilib. Layihə üzrə hasil olunan qazın Azərbaycan, Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz Boru Kəməri - CQBK (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verilib. 
2006-cı ilin sonlarından etibarən isə bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstana və Türkiyəyə çatdırılır. 
“Şahdəniz-1” üzrə maksimum hasilat ildə təxminən 10 milyard kubmetr qaz və gündəlik 50 min barrel kondensat təşkil edir. 2014-cü ildə mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırılıb.
“Şahdəniz-2” isə “Şahdəniz-1” üzrə çıxarılan illik 10 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qaz hasil edəcək nəhəng bir layihədir. Qazın hasil edilməsi və onun Gürcüstan-Türkiyə sərhədinə çatdırılması üçün təxminən 28 milyard ABŞ dolları dəyərində kapital qoyuluşu həyata keçirilib. Əlavə kəmər sistemləri vasitəsilə Cənub Qaz Dəhlizi marşrutu üzrə 6 milyard kubmetr qazın Türkiyəyə nəqlinə başlanılıb, daha 10 milyard kubmetr qazın Avropa bazarına çatdırılması isə gələn il mümkün olacaq. “Şahdəniz” qazı 2500 metr hündürlüyə qalxan və dəniz dibində 800 metr dərinliyinə enən 3500 kilometrlik boru kəmərləri ilə qitəyə nəql ediləcək.
Dünyanın ən böyük qaz yatağı üzrə işlənmə layihələrindən biri olan “Şahdəniz-2”yə iki yeni platforma, 26 qazma quyusu, sualtı avadanlıqlar, Səngəçal terminalının genişləndirilməsi və 500 kilometrlik sualtı boru kəmərləri daxildir. 
Burada bir məqamı da diqqətə çatdırmaq istərdik. Belə ki, keçən il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə indiyədək təqribən 1,9 milyard kubmetr “Şahdəniz” qazı nəql edilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

 

17 2019 11:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə