Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı Türkiyəyə qarşı sanksiya tətbiq etdi

Avropa İttifaqı Türkiyəyə qarşı sanksiya tətbiq etdi

Avropa İttifaqı Kiprin müstəsna iqtisadi zonasında kəşfiyyat işlərinə başlaması ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiqi barədə qərar qəbul edib. Bu barədə “Lenta.ru” məlumat yayıb. 

Sanksiyalar bu respublikaya ayrılan maliyyənin ixtisarını, aviasiya nəqliyyatı haqqında müqavilə, biznes və ticarət üzrə danışıqlarının dayandırılmasını nəzərdə tutur. Bundan əlavə, əgər Türkiyə öz mövqeyində qalarsa, digər məhdudlaşdırıcı tədbirlər görülə, kəşfiyyat işində iştirak edən şirkət və ayrı-ayrı şəxslərə qarşı yeni sanksiyalar tətbiq oluna bilər. 
Hazırda Kiprin müstəsna iqtisadi zonasında Türkiyənin iki qazma qurğusu – “Fatih” və “Yavuz” işləyir. Yunanıstan və Kipr isə bu ərazidə aparılan qazma işlərini təxribat hesab edir, regiondakı təbii sərvətlərdən istifadə hüququna malik olduqlarını bildirirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının sanksiya hədələrinə cavab olaraq bildirib ki, qazma işləri bundan sonra da davam etdiriləcək: “Təəssüf ki, siz bir dəfə də olsun Şimali Kiprdəki türklərin haqlarını müdafiə etmədiniz. Aİ bölgədə birtərəfli hərəkət edir. Bu halda sizə eyvallahmı deyəcəyik?! Aİ-nin əlində ən böyük silah iqtisadi sanksiyadır. Onların reytinqimizi aşağı salması bizi maraqlandırmır, yetər ki, millətimiz reytinqimizi aşağı salmasın”. 
Ərdoğan əmin olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiya oyununa girməyəcək: “Bir senatorun hazırladığı layihə Türkiyə-ABŞ münasibətlərinə zərər vurmamalıdır”.
Aİ-nin Türkiyəyə qarşı sanksiya tətbiqi barədə qərarı Rusiya tərəfindən də etirazla qarşılanıb. RF XİN başçısının müavini Aleksandr Qruşko bəyan edib ki, birtərəfli sanksiyalar beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının prosedurlarına ziddir. Bu addımlar, eyni zamanda, arzu edilən nəticəni vermir və qarşıduran tərəflərin mövqelərinin radikallaşmasına gətirib çıxarır.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

17 2019 10:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə