Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kaktus radiasiyanın qarşısını almır

Hər biriniz yəqin ki, ev və ofislərdə kompüter önündə kaktus bitkisinə rast gəlmisiniz. Yeddi ildən bir çiçək açan, lakin tikanları heç azalmayan kaktus el arasında radiasiyanın qarşısını alma xüsusiyyəti ilə məşhurdur. Yəqin kaktusun tikanları çox olduğu üçün insanlar radiyasiyanın tikandan qorxduğunu düşünürlər...

Bəs bu nə dərəcədə doğrudur?

Həkim-radioloq Aydın Mirzəyev bildirir ki, kompüter və ya telefon istifadəçiləri elektromaqnit radiasiyasından qorunmaq üçün müxtəlif üsullardan istifadə edirlər: "Bunlardan ən çox yayılanı və kompüterin zərərli şüalarından qoruması ilə məşhur olan kaktusdur. Bu fikir 1980-cı illərdə Avropa ölkələrində yayılıb. Təbii ki, bu fikirlərin elmi əsası yoxdur. Kaktus radiasiyanın qarşısını almır, amma insanların əhval-ruhiyyəsinə müsbət təsir edir.

Ümumiyyətlə, hər bir canlı müəyyən qədər radiasiyanı udur. Ancaq bunların hər birinin öz həddi vardır. Kaktus özlüyündə çox faydalı bitkidir. Onun bir sıra xəstəliklərə, məsələn, həzm probleminə, şəkər xəstəliyinə, s. faydası var. Amma kaktus kompüterdən gələn şüanın qarşısını almır".

Radioloq qeyd edib ki, kompüterlə işləyən şəxslər plazma ekranlara üstünlük verməlidir:  "İstifadə olunmayan elektrik alətlərini ya bağlı saxlamaq lazımdır ya da istifadədən sonra söndürmək lazımdır. Çünki, cihazlar işlək qaldığı zaman elektromaqnetik şüalar yayır.  Hər bir elektrik əşyasından müəyyən məsafədə uzaq dayanmaq lazımdır. Bu məsafə elektron əşyaya görə 2 metrlə 50 santimetr aralığında dəyişir. Bolluca maye qəbul edib və təxminən 1 saatdan bir kompüterdən uzaqlaşıb fasilə vermək lazımdır. Kompüterlərdə işləyənlər plazma ekranlara üstünlük versinlər. Elektrik əşyaları mümkün qədər baş nahiyələrindən uzaq tutulmalıdır".

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 11:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə