Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Beynəlxalq əmək standartları” mövzusunda konfrans

“Beynəlxalq əmək standartları” mövzusunda konfrans

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Beynəlxalq əmək standartları” mövzusunda konfrans öz işinə başlayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev 2019-cu ilin sosial sahədə inqilabi addımların atıldığı bir il olduğunu qeyd edərək, dövlət başçısının cari ildə təqdim etdiyi iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının iki dəfəyə yaxın artırıldığını deyib. Qeyd edib ki, bununla da cari il sentyabrın 1-dən ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələyəcək. Dövlət büdcəsindən maliyyələşən bütün sahələrdə çalışan işçilərin vəzifə maaşları da sentyabrın 1-dən əhəmiyyətli dərəcədə artırılacaq. Bu il müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb.

A.Əliyev ölkəmizin  BƏT-lə geniş əməkdaşlıq gündəliyinin olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Respublikası ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulub, xüsusilə də həmin sənədlər sırasında BƏT-in bütün fundamental (8 ədəd) və prioritet (4 ədəd) Konvensiyalarını ratifikasiya edib. Nazir müavini BƏT-lə birgə icra olunan “Azərbaycan Respublikasının 2016 – 2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində aparılan işlərin müsbət nəticələrini, BƏT-in dəstəyi ilə yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əmək, məşğulluq, sosial müdafiə sahələrində uğurlu islahatlar proqramının həyata keçirilməsində önəmli rolunu diqqətə çatdırıb.  A.Əliyev ölkəmizdə əmək sahəsində BƏT Konvensiyalarına, beynəlxalq əmək standartlarına uyğun islahatların ardıcıl xarakter aldığını, hazırkı konfransın beynəlxalq əmək standartları, onların tətbiqi məsələlərinin müzakirəsinə həsr edildiyini deyib.

Konfranda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müavini  Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  (ASK) vitse-prezidenti Jalə Hacıyeva, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev, BƏT-in Moskva Ofisinin beynəlxalq əmək standartları və əmək hüququ üzrə mütəxəssisi Lejo Sibbel çıxış ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 11:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə