Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar

Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar

İyulun 15-də Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmaları ilə əlaqədar tədbir keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirakçıları əlamətdar hadisə – zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb. 
Daxili işlər naziri ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
DİN-in Baş kadrlar idarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov nazirliyə Bakıda qeydiyyatda olan 41 məzunun dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. 
Sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkib və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.
Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş beş məzundan 1-i nazirliyin Baş Təşkilat-İnspeksiya İdarəsinə, 1-i Baş Cinayət Axtarışı İdarəsinə, 1-i Baş Kadrlar İdarəsinə, 2-si isə müstəntiq vəzifələrinə təyin ediliblər. 
Tədbirə yekun vuran daxili işlər naziri gəncləri şərəfli olduğu qədər yüksək məsuliyyət, işgüzarlıq, mükəmməl nəzəri bilik və praktik bacarıq tələb edən orta rəis heyəti vəzifələrinə təyin olunmaları münasibətilə bir daha təbriklərini çatdırıb, konkret tapşırıq və tövsiyələrini verib. O, xüsusi qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.
Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, digər hüquq-mühafizə orqanları ilə birlikdə gərgin səylər hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndərimizin və Prezident İlham Əliyevin vurğuladıqları kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.  
Daxili işlər naziri Vilayət Eyvazov gənc zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, öz üzərlərində işləyərək bilik və təcrübələrini daim artırmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib. 
Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda, Vətənə sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

15 2019 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə