Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hücum diplomatiyasının növbəti uğuru

Hücum diplomatiyasının növbəti uğuru

Bu günlərdə Azərbaycanın ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilmiş 28-ci illik sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayacaq yeni yanaşmalar ortaya qoyulub. “Təhlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: parlamentlərin rolu” mövzusuna həsr olunmuş sessiyada müxtəlif məsələlərlə yanaşı, siyasi işlər və təhlükəsizlik komitəsinin hazırladığı qətnamə layihəsi müzakirə olunub. ATƏT Parlament Assambleyasının bütün sənədlərində mövcud münaqişələrin dayanıqlı inkişaf və insan hüquqlarının təmini üçün əsas maneə olması xüsusilə vurğulanır. Bu vəziyyət, təbii ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. 

Birinci növbədə qeyd edilməlidir ki, sənəddə ATƏT və digər beynəlxalq təşkilatların praktikasında ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisindəki münaqişələrə eyni yanaşmanın tətbiq olunmasının vacibliyi öz əksini tapıb. Amma indiyədək müxtəlif ölkə və təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə xüsusi yanaşma tətbiq etməyə çalışıblar. Qətnamədə irəli sürülmüş müddəlar Ermənistanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən etirazla qarşılanıb. Onlar hətta Azərbaycanın adının siyahıdan çıxarılmasını təklif ediblər. Ancaq bunun lehinə cəmi 6 səs verilib. Təklif 41 səs çoxluğu ilə rədd edilib.
Əlbəttə, beynəlxalq aləmdə Azərbaycana qarşı münasibətin müsbət mənada dəyişməsi səbəbsiz deyil. Bu, ilk növbədə, Prezident İlham Əliyevin bir neçə il əvvəl irəli sürdüyü “hücum diplomatiyası”nın nəticəsidir. İlham Əliyevin Azərbaycan diplomatiyası qarşısında qoyduğu tələblər o, hələ AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən ilk nəticələrini vermiş, AŞPA Azərbaycanın ərzi bütövlüyü ilə bağlı prinsipial qərarlar qəbul etmişdi.
Sonradan digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələrdə də Azərbaycanın haqlı tələbi nəzərə alınmış, postsovet ölkələrindəki münaqişələrlə bağlı vahid yanaşma formalaşmağa başlamışdır. 2017-ci il noyabrın 24-də Avropa İttifaqı sammitinin yekun bəyannaməsində “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin ərazisindəki münaqişələrin dövlətlərin ərazi bütövlüyü və dövlət suverenliyi əsasında həllinə çağırış müddəası öz əksini tapdı. 
Lakin uzun müddət ATƏT PA bir istisna təşkil edirdi. ATƏT PA-nın son qətnaməsi bu kontekstdə cənab Prezidentin hücum diplomatiyası siyasətinin növbəti uğurudur. Bununla da, artıq bütün beynəlxalq təşkilatlar həlli uzadılmış münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində nizamlanmalı olduğunu təsdiq edir.

 

Məhərrəm ZÜLFÜQARLI,
tarix üzrə fəlsəfə doktoru

 

15 2019 22:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə