Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanı suverenlik epoxasına hazırlamış və onun müstəqilliyini təmin etmiş lider

Azərbaycanı suverenlik epoxasına hazırlamış və onun müstəqilliyini təmin etmiş lider

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır.
 Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir. 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Ümummilli lider Heydər Əliyev ötən əsrin 70–80-ci illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da respublikanın gələcəyi, müstəqilliyi haqqında düşünürdü. Böyük rəhbər, gələcəyə aydın baxışı olan müdrik siyasətçi kimi Azərbaycanın müstəqil yaşaması üçün zəruri imkanları görür, respublikanın sosial-iqtisadi, milli-mədəni inkişafını yüksək səviyyədə təmin etməklə yaxınlaşan müstəqillik epoxası üçün təməlləri də inkişaf etdirirdi.

 Sonralar müstəqil dövlətimizin Prezidenti olarkən Heydər Əliyev həmin tarixi hazırlığı xatırlayaraq demişdi: “Mən keçmişdə də Azərbaycanın gələcəyi, müstəqilliyi haqqında düşünərkən və Sovet İttifaqı dağılan zaman bu barədə öz fikrimi qəti bildirərkən Azərbaycanın müstəqil yaşaması üçün tam imkanı olduğu barədə fikirlərimi deyərkən, eyni zamanda, zəngin yeraltı sərvətlərimizlə, neft-qaz yataqlarımızla və başqa mədənlərimizlə bərabər, böyük sənaye potensialı ilə bərabər, geniş aqrar sektorda, kənd təsərrüfatı sahəsində, ərzaq məhsulları istehsalı sahəsində də Azərbaycanın böyük potensialını həmişə nəzərə alırdım”. 
1969 –1982-ci illərdə Azərbaycanın inkişaf tarixinin təhlili də sübut edir ki, qurucu liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yol olmuşdur. Heydər Əliyevin böyük əməyinin nəticəsində həyata keçirilən dəyişikliklərin həcminə, ictimai-iqtisadi islahatların səciyyəsinə görə ötən əsrin 70-80-ci illəri Azərbaycanın tarixində ən parlaq səhifələr təşkil etmişdir. Ötən əsrin 70-80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində müstəqillik uğrunda mübarizənin miqyası və gücü isə ümummilli lider Heydər Əliyevin rəhbərliyinin birinci dövründə, o zamanın imkan və tələblərinə uyğun olaraq, əldə edilmiş hərtərəfli inkişaf və milli dirçəliş ruhunun dinamikası ilə təmin olunmuşdu.
Yaxın tarixə obyektiv və sistemli baxış göstərir ki, 1970–1985-ci illər Azərbaycanın quruculuq tarixinin ən məhsuldar, işıqlı səhifələri olmuşdur. O zaman yaxın və uzaq gələcəyə yönələn, müstəqilliyə yol açan, mütərəqqi ənənələrə söykənən inkişaf strategiyası müəyyənləşdirilmiş və uğurla həyata keçirilmişdir. Heydər Əliyevin müdrik siyasəti nəticəsində 14 il ərzində respublikada yaranmış güclü sosial, iqtisadi və intellektual potensial Azərbaycanın müstəqilliyi üçün mühüm zəmin yaratmışdı. 
Müstəqillik dövrünün tarixçiləri göstərirlər ki, bütün əsrlər boyu qədim əkinçilik diyarı kimi tanınmış Azərbaycan Heydər Əliyevin rəhbərliyi dövründə nəhəng aqrar-sənaye respublikalarından birinə çevrilmişdi, O dövrdə meliorasiya və irriqasiya sahəsində mühüm tədbirlər həyata keçirilmiş, aqrotexniki qaydalar təkmilləşmiş, taxılın, pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa kənd təsərrüfatı məhsullarının artımı ildən-ilə nəzərəçarpacaq dərəcədə yüksəlmişdi. 
Əgər XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərliyiilə 14 ildə onların sayı ­1048-ə çatdırılmışdı. Respublikamızın əsas istehsal sahəsi olan neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi inkişaf etdikcə respublikamız keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. 
Nəticədə, 1969 –1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı 2 dəfə artmışdı. Təkcə 1982-ci ilin iki günü ərzində, bütünlükdə, 1920-ci ildə buraxılan məhsulun həcmi qədər məhsul buraxılırdı. 14 ildə istehsal olunmuş sənaye məhsulları öz həcminə görə, əvvəlki 50 ildəkinə bərabər idi. 1970–1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmişdi. O illərdə respublikamızın sənayesinin orta illik artımı 7,9 faizə yüksəlmişdi. Kənd təsərrüfatında əmək məhsuldarlığı 1,8 dəfə artmışdı. Məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı malları isə 3 dəfə artmışdı. İqtisadiyyatda köklü struktur və keyfiyyət dəyişiklikləri baş vermişdi, tərəqqinin və yüksəlişin təməli qoyulmuşdu. 
Heydər Əliyevin təşəbbüsü ilə 70–80-ci illərdə ucqar rayon mərkəzlərində, müxtəlif bölgələrdə respublika əhəmiyyətli obyektlər tikilmiş, iş yerləri açılmışdı. Bunun nəticəsində respublikada ən kəskin problemlərdən biri olan əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi təmin edilmişdi. 
Azərbaycan sənayesinin inkişafında elmi-texniki tərəqqinin nailiyyətləri geniş tətbiq olunaraq 1971–1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. 1050 adda mühüm sənaye məhsulunun 2519 mexanikləşdirilmiş axın xətti, 73 elmi-istehsalat və istehsalat birlikləri yaradılmışdı ki, bunların da tərkibində 264 iri müəssisə vardı. Prezident Heydər Əliyev sonralar deyirdi ki, Azərbaycan 1970–1985-ci illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı və s. istehsalı üzrə SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Respublikamızda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. 
Zaman gəldi ki, ümummilli lider Heydər Əliyev dərin zəkası və möhtəşəm əməlləri ilə qurub-­yaratdığı, suverenlik epoxasına yönləndirdiyi Azərbaycana ikinci dəfə – bu dəfə müstəqil dövlətə rəhbərlik etməli oldu. 1993-cü ilin böhranlı yayında xalqın tələbi ilə hakimiyyətə qayıtmış dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev yeni Azərbaycanın müasir dünya düzənində mötəbər mövqeyini təmin etdi, onu gələcək tərəqqi yoluna çıxartdı.
Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəb olur. Azərbaycanda bu, daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmamış, eyni zamanda, real olaraq onun ərazi bütövlüyünə qəsd edilmişdi və üstəlik, daxildən də parçalanmaq təhlükəsi vardı. Müstəqilliyimiz bədxah dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüzə və siyasi təzyiqlərə məruz qalırdı. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Bunun isə kökləri olduqca dərindir.
İstehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi. Ölkə əhalisi açıq-aşkar aclıq imtahanına çəkilirdi. Ərzaq anbarları boşalmış, ilkin tələbat mallarının istehsalı xeyli dərəcədə azalmışdı. Dəyirmanlar boşalmışdı. Elə gün olurdu ki, Qazaxıstandan yola salınmış un gecə Bakıya çatmasaydı, səhəri gün şəhərdə aclıq baş verə bilərdi. Ona görə də dövlət orqanlarının bütün gücü həmin unun Bakıya vaxtında çatdırılmasına yönəldilirdi. 

 

Məsuliyyətsiz vəzifəli şəxslər isə bu çətinlikdən öz ciblərini doldurmaq üçün istifadə edirdilər. 1992-ci ilin qışında ölkəni Avropa Birliyindən alınan 300 min ton, 1993-cü ilin qışında isə Türkiyənin verdiyi yenə 300 min ton əvəzsiz un və taxıl yardımı xilas etdi. Amma ölkənin əsl xilaskarı 1993-cü ildə xalqın istəyi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”. 
XX əsrin son onilliyində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını suverenliyin ilk addımlarında yanlış idarəçilikdən, xaos, parçalanma və işğaldan xilas edib möhkəm sabitlik, demokratik inkişaf və milli maraqların tam təmin edilməsi yoluna çıxarmaqla ulu öndər Heydər Əliyev nəinki ölkəmizi məhv olmaqdan xilas etdi, eyni zamanda, gənc dövlətin müstəqilliyinin möhkəmləndirilməsində və gələcək sosial-iqtisadi yüksəlişində tarixi dönüşə nail oldu . Bu demokratik yeniləşmə və tarixi təkamül prosesində ulu öndərin gerçəkləşdirdiyi taleyüklü dəyişikliklər isə onun ideya və əməllərinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə 16 ildən bəri aparılan hərtərəfli inkişaf və tərəqqinin möhtəşəm özülünü təşkil edir. 
Artıq üçüncü onillikdir ki, biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni bu sahədə də demokratik islahatlar aparılması, sosialyönümlü bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə müstəqil Azərbaycanı yaxın dünəndən bugünə və sabaha aparan baş yol, strateji xətdir.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq, müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı”. 
Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs razılaşması əsasında erməni təcavüzünün dayandırılması, “Əsrin müqaviləsi”nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, heç bir ölkənin tarixində rast gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin: müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi; inzibati-amirlik sistemi ləğv edilərək, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması; qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi. 
Bu tarixi vəzifələrin hər biri istənilən bir dövlət üçün kifayət qədər ciddi və əhəmiyyətli idi və bütün qüvvələrin bu məqsədlərə səfərbər edilməsini tələb edirdi. Totalitar sosialist sisteminin süqutu nəticəsində yaranmış yeni müstəqil dövlətlər qarşısında duran problemlərin orijinallığı və tarixdə mövcud olmuş iqtisadi sistemlərin heç birində analoqu olmaması dünya iqtisadi və siyasi ədəbiyyatına bu ölkələrin real durumunu və perspektivlərini əks etdirən yeni bir termin “keçid iqtisadiyyatı ölkələri” terminini də gətirdi. Keçid anlayışı yalnız iqtisadi termin deyildir və cəmiyyətin bütövlükdə mövcud siyasi, iqtisadi və sosial quruluşundan imtina edildiyi və hələlik yenisinin yaradılmadığı bir vəziyyəti ifadə edir, cəmiyyətin sosial-iqtisadi strukturunun transformasiya prosesində olduğunu göstərir. 
Problemin çətinliyi bir də onda idi ki, totalitar rejimin 70 illik despotik hakimiyyəti dövründə cəmiyyət demokratiya, sərbəst bazar iqtisadiyyatı, azad sahibkarlıq, siyasi plüralizm və bu kimi digər çağdaş dəyərlərdən uzaq məsafədə saxlanılmışdı. Üstəlik əhalidə uzun illər boyu xüsusi mülkiyyət, bazar iqtisadiyyatı, sahibkarlıq anlayışlarına mənfi münasibət formalaşdırılmışdı. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, cəmiyyət və dövlət demokratiya, millət, kimlik, ideologiya, siyasət və iqtisadiyyat kimi həyati əhəmiyyətli məsələlərin yenidən qurulmasını bir vəzifə kimi qarşıya qoysun və uğurla həll etsin. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi: “1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı – modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi”.
Ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlətin möhkəm təməli Heydər Əliyevin memarlığı ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə qoyuldu. Konstitusiya bütün dünyaya bir daha bəyan etdi ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının suveren hüququdur, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 
Müstəqillik əldə etmiş dövlətlərin təcrübəsi göstərir ki, suveren sosial-iqtisadi inkişafın müvəffəqiyyəti, ilk növbədə, iqtisadi müstəqilliyin təmin olunmasından və köhnə iqtisadi sistemin düşünülmüş şəkildə yenisi ilə əvəz olunmasından asılıdır. Ona görə də konstitusiyada birmənalı şəkildə təsbit edilmişdir: təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına məxsusdur; Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir; Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bütün bunlar əsasında Azərbaycan dövləti xalqın və hər hansı bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Müstəqil Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə, iqtisadi sabitliyin də təmin olunmasını tələb edirdi. Çünki 1992--1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılıdır. 
Həyat bütün kəskinliyi ilə iqtisadi islahatların da sürətləndirilməsini tələb edirdi. Ona görə də ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı. 1994--1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlanmışdır. Xarici ticarət sahəsində liberallaşdırma tədbirlərinin önə çəkilməsi qısa bir zamanda açıq qapı siyasətinin tətbiq edilməsi zərurətindən doğurdu.
İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995--1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı. 
Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı həmin islahatlara dəstək verməyə başladılar. Onlar Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar dönməz xarakter aldı. 
Sərt və çevik pul-kredit, büdcə, vergi gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində qısa zamanda (1995–1996-cı illər) ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Əgər 1994-cü ildə inflyasiya tempi 1800 faizə, manatın ABŞ dollarına nisbətən dəyərsizləşməsi 1200 faizə çatmışdırsa, artıq 1995-ci ildə vəziyyət əsaslı dəyişməyə başlamış və həmin göstəricilər uyğun olaraq 84,6 və 3,6 faiz olmuşdur. Sonrakı illərdə bu göstəricilər daha da yaxşılaşmış, 1996-cı ildə inflyasiya 6,8 faizə enmiş, manatın ABŞ dollarına nisbətən məzənnəsi isə 8 faiz möhkəmlənmişdir. 
1997-ci ildə inflyasiya tempi minimuma enərək cəmi 0,4 faiz təşkil etmiş, manatın dəyəri isə 5,1 faiz möhkəmlənmişdir. Bu sabitlik dünya maliyyə bazarlarında baş vermiş maliyyə böhranına baxmayaraq 1998-ci ildə də qorunub saxlanılmış, 7,6 faiz səviyyəsində deflyasiya baş vermiş, manatın ABŞ dollarına nisbətən məzənnəsi isə devalvasiyaya uğramamış, sabit olaraq qalmışdır. İstehlak qiymətlərinin indeksi kəskin şəkildə azaldılmağa başladı. Belə ki, mallar və xidmətlər üzrə qiymət indeksi 1994-cü ildə özündən əvvəlki ilə nisbətən 1763,5, 1995-ci ildə 511, 1996-cı ildə 119,9, ­1997-ci ildə 103,7 faiz və 1998-ci ildə isə 99,2 faiz təşkil etmişdir. 
1995-96-cı illərdə yaranmış əlverişli makro-iqtisadi sabitlik şəraitindən istifadə edərək 1997–­1998-ci illərdə ölkədə iqtisadi islahatların yeni mürəkkəb mərhələsinə – struktur islahatlar mərhələsinə başlandı. Xüsusi dövlət proqramına uyğun olaraq ölkədə genişmiqyaslı özəlləşdirməyə başlanmış, iqtisadiyyatın əsas sahələrindən olan aqrar sferada torpağın xüsusi mülkiyyətə verilməsi istiqamətində radikal islahatlar aparılmış, yeni iqtisadi tələblərə cavab verən maliyyə sektorunun, onun vacib hissəsi olan bank sisteminin formalaşdırılması, dövlət banklarının yenidən qurulması istiqamətində radikal addımlar atılmışdır. 
İqtisadi islahatların mühüm istiqamətləri kimi ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafına şərait yaratmışdır. Qeyd etmək lazımdır ki, 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşmiş və demək olar ki, kiçik özəlləşdirmə başa çatmışdı. 1997-ci ildən başlayaraq özəlləşdirmədə həlledici mərhələ olan böyük özəlləşdirməyə – orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlanmışdır. Təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəssisələri səhmdar cəmiyyətlərə çevrilmişdir. 
Beləliklə, ölkədə makromaliyyə sabitliyinin təmin edilməsinin, bazar münasibətlərinin formalaşdırılmasının əsas şərti olan iqtisadiyyatın idarə olunmasının bütün istiqamətlərdə liberallaşdırılmasının, bazar iqtisadiyyatının bütün atributlarının yetişməsinə iqtisadi və hüquqi islahatlar aparılması yolu ilə zəruri mühitin yaradılmasının və əsaslı struktur islahatlarının aparılmasının məntiqi nəticəsi olaraq 1989-cu ildən sonra davam edən iqtisadi tənəzzül dayandırıldı və ümumi daxili məhsulun həcminin aşağı düşməsinin qarşısı alındı. Reallıqlar göstərir ki, iqtisadi tənəzzülün qarşısı nəinki alınmış, hətta 1996-cı ildə onun artımına nail olunmuşdu. 1996-cı ildən 1,3 faiz olan iqtisadi artım 1997-ci ildə 5,8 faizə çatmışdı. 
Real sektordakı bu canlanma Cənub–Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq 1998-ci ildə daha da inkişaf etmişdir. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyillərin ildən-ilə möhkəmləndiyini, bu prosesin dönməz xarakter almasını göstərir. Az bir zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqeni tutmağa və lider olmağa başladı. Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur.
Deyilənləri yekunlaşdıraraq göstərmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi (10 may 2004-cü il) kimi: “Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”. 
İqtisadi inkişaf səviyyəsi yaxın perspektivdə daha da yüksələcəkdir. İqtisadi inkişaf sürətinin dünyada analoqu olmayan səviyyəsi Azərbaycanın bir çox inkişaf parametrlərinə görə inkişaf etmiş ölkələrlə arasında olan fərqin azalmasına gətirib çıxaracaqdır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır. Beləliklə, iqtisadi inkişafın tarixdə analoqu olmayan Azərbaycan modelinin formalaşması və inkişafı nəticəsində uzunmüddətli perspektivdə Azərbaycanın sosial-iqtisadi inkişaf trayektoriyası yüksək dərəcədə perspektivlidir. 
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin 10 ilində qazanılmış və sonrakı dövrün də inkişafı üçün təməl olmuş tarixi uğurları aşağıdakı kimi sıralamaq olar: 
1. İnzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsipləri bərqərar olmuşdur. 
2. Müstəqil, demokratik, hüquqi dövlətin əsasları qoyulmuş və ölkə yüksək inkişaf mərhələsinə daxil olmuşdur. 
3. Transformasiya prosesi uğurla aparılmış və özünün son mərhələsinə qədəm qoymuşdur. 
4. Qapalı sosial-iqtisadi sistem xaricə açılmış və “açıq qapı” siyasətinin tətbiq edilməsi nəticəsində bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya prosesi sürətlənmişdir. 
5. Xarici kapital geniş miqyasda cəlb edilərək, resurs amillərindən intensiv istifadə edilmişdir. 
6. Ölkədə yaradılmış yeni imkanlar daxili mənbələrin hərəkətə gətirilməsi, iqtisadiyyatın strukturunun yenidən qurulması, informasiya texnologiyalarının sürətli inkişafı və bütün sahələrdə modernləşdirmə xəttinin həyata keçirilməsi məqsədlərinə xidmət etmiş və bu sahədə ciddi irəliləyiş əldə edilmişdir.
7. Həyata keçirilən qlobal əhəmiyyətli infrastruktur layihələri Azərbaycanın Avrasiya məkanında mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi üçün geniş imkanlar yaratmışdır. 
8. Siyasi müstəqillik iqtisadi müstəqilliklə möhkəmləndirilmişdir. Ölkə tam müstəqil və balanslaşdırılmış iqtisadi siyasət yeritməklə ölkənin milli təhlükəsizliyini və onun mühüm tərkib hissələri olan iqtisadi, enerji və ərzaq təhlükəsizliyini qısa zaman kəsiyində təmin edə bilmişdir. 
9. Ölkə qısa tarixi dövr ərzində kapital idxal edən ölkədən ixrac edən ölkəyə, təbii qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, bir çox həyati əhəmiyyətli məhsullarla öz ehtiyaclarını təmin etmişdir. 
10. Ölkənin əlverişli geosiyasi vəziyyətindən məharətlə istifadə edilməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsinə və qabaqcıl dünya dövlətləri arasında mövqenin möhkəmləndirilməsinə səbəb olmuşdur. 

 

Dünyamalı VƏLİYEV, 
AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru

15 2019 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə