Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub

Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub

İyulun 15-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən gün Şəki Xan Sarayının ərazisindəki ağacın budaqlarının qırılması nəticəsində çoxlu sayda insanın xəsarət alması ilə bağlı yeni məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayının ərazisində ağacın budaqlarının qəflətən qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 13 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər 2 nəfərin Şəki Rayon Mərkəzi Xəstəxanasında, 4 nəfərin isə Bakıdakı Mərkəzi Klinik Xəstəxanada yüksəkixtisaslı mütəxəssislərin cəlb olunması ilə intensiv müalicələri davam etdirilir.
Baş vermiş hadisə ilə əlaqədar rayon prokurorluğunun əməkdaşları, eləcə də aidiyyəti nazirliklərin mütəxəssisləri dərhal həmin ünvana gedərək, ilk növbədə, xəsarət alan şəxslər təcili-tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə baxış keçirilib, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürülüb, mütəxəssislərin ilkin rəyləri alınıb.
Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda – 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qırıb, nəticədə hər iki budaq insanların üzərinə düşüb.
Mütəxəssislərin ilkin rəyinə əsasən, budaqların qırılmasına əlverişsiz hava şəraiti səbəb olub. Belə ki, iyulun 12-də başlayan və sürəti saniyədə 8-12 metr olan küləklə müşayiət olunan, xüsusilə iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54 faizi miqdarında (32 mm) aramsız yağış yağıb.
İlkin müayinələrə əsasən müəyyən edilib ki, qırılmış əsas budaq sağlam olub, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək bioloji tədqiqatın keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilib. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunub.
Hazırda araşdırmalar davam etdirilir.

15 2019 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə