Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekoloji təmiz məhsul istehsalı ərzaq təhlükəsizliyinin əsas şərtidir

Ekoloji təmiz məhsul istehsalı ərzaq təhlükəsizliyinin əsas şərtidir

Hazırda dünyada ciddi narahatlıqla qarşılanan məsələlərdən biri də kənd təsərrüfatı məhsulları üzrə genetik dəyişikliklərin aparılması ilə bağlıdır. Bu sahədə insan sağlamlığına təhlükə yaradan texnologiyalardan, kimyəvi preparatlardan istifadə olunması, geni dəyişdirilən sort və cinslərdən yararlanılması əhalinin etibarlı ərzaq təminatına təhlükə yaradır. Ona görə də hazırda bütün dünyada ekoloji təmiz kənd təsərrüfatı məhsul istehsalına xüsusi əhəmiyyət verilir, aqrar sahədə kimyəvi maddələrin istifadəsi məsələsinə nəzarət gücləndirilir, torpaqların çirklənməsinə təsir göstərən texnologiyaların tətbiqinin qarşısı alınır. Başqa sözlə, bu gün orqanik kənd təsərrüfatı məhsullarının-insan sağlamlığına və ətraf mühitə zərər verməyən və istehsalda heç bir kimyəvi maddədən istifadə edilməyən, istehsaldan istehlaka qədər hər mərhələsinə nəzarət və sertifikatlı əkinçilik istehsalının ­formalaşdırılması diqqət mərkəzində saxlanılır. 

Bu günlərdə Bakıda keçirilən “Organic Food” festivalının açılış mərasimindəki çıxışında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak da bu barədə danışaraq, bildirib ki, təmsil olunduğu qurum dünyada ərzaq və qida təhlükəsizliyinə böyük önəm verir. Onun sözlərinə görə, orqanik kənd təsərrüfatı FAO-nun fəaliyyətində çox vacib bir yer tutur. Bu sahə qida təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır.
Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının məlumatına görə, hazırda dünyanın 172 ölkəsində 2,3 milyon fermer 43,7 milyon hektar ərazidə ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Bəs Azərbaycanda bu məsələ ilə əlaqədar hansı işlər görülür? Sualın cavabı ilə bağlı əvvəlcə onu xatırladaq ki, respublikamızda orqanik kənd təsərrüfatı məhsul istehsalının normativ-hüquqi və informasiya-məlumat bazasını formalaşdırmaq məqsədilə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” 2008-ci il 13 iyun tarixli qanun qəbul olunub. Bundan başqa, ekoloji təmiz kənd təsərrüfatının inkişafını təmin etmək üçün beynəlxalq təcrübədə tətbiq edilən qanunvericilik bazası formalaşdırılıb və tənzimlənmə mexanizmləri, o cümlədən müvafiq standartlar hazırlanıb. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı qarşıya mühüm vəzifə kimi qoyulub. 
Bütün bunlarla yanaşı, Nazirlər Kabineti ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalını genişləndirmək məqsədilə “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydaları”nı təsdiq edib. Həmin qaydaya əsasən ekoloji təmiz kənd təsərrüfatında istehsal olunan məhsullar istehsalçılar tərəfindən texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq qablaşdırılır və “EKO-keçid” və “EKO” sözləri göstərilməklə, müvafiq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən markalanır. Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması üçün istehsalçı akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma ərizə ilə müraciət etməlidir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların siyahısı Qida Təhlükəsizliyi Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 
Müvafiq sənədlər təqdim edildikdən sonra akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 iş günü müddətində məlumat verir. Markalanmaya təqdim edilən ekoloji təmiz kənd təsərrüfatı məhsulu qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olduğu təqdirdə, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum 7 iş günü müddətində məhsulun markalanmasını başa çatdırmalıdır.
“Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası”na əsasən, respublikamızda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilmədiyi barədə məlumatlar bildirilməlidir. İxrac üçün Azərbaycan ərazisində istehsal edilən malların etiketləri üzərindəki məlumatlar müvafiq xarici dillərlə yanaşı, Azərbaycan dövlət dilində də yazılmalıdır. 
“Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”da isə ekoloji təmiz kənd təsərrüfatı məhsul istehsalı üçün iki şərt diqqətdə saxlanılıb. Bunlardan biri kənd təsərrüfatında kimyəvi maddələrin istifadəsinin milli və regional səviyyələrdə sxemlərinin yaradılması və nəzarətin gücləndirilməsi, digəri isə torpaqların çirklənməsinə və zəifləməsinə səbəb ola bilən texnologiyalardan istifadənin qarşısının alınmasıdır. 
Yeri gəlmişkən, yuxarıda adıçəkilən Milli Proqramda qarşıya qoyulan vəzifənin reallaşdırılması məqsədilə hazırda ölkə regionlarında orqanik gübrənin istehsalı planlaşdırılır. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) yaydığı məlumatda bildirilir ki, respublikada orqanik gübrə yalnız Bakı şəhərində fərdi sahibkar tərəfindən istehsal olunur. Həmin sahibkar orqanik gübrə istehsalı texnologiyası ilə bölüşməyə hazırdır və ASK bu istehsalın regionlarda təşkilini təşviq edir.
Ümumdünya Ərzaq Təşkilatının (FAO) orqanik kənd təsərrüfatı üzrə beynəlxalq məsləhətçisi Uyğun Aksoyun bir müddət əvvəl bildirdiyinə görə, Azərbaycanda 37 min hektar ərazi orqanik ərazi kimi dövlət qeydiyyatına alınıb. Bundan başqa, hazırda ölkədə 305 orqanik məhsul istehsalçısı var. 
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda ölkəmizin aqrar sektorunda ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı ciddi irəliləyişlər müşahidə olunmaqdadır.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

 

15 2019 22:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə