Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili sabitliyini itirmiş Ermənistan...

Postinqilab sancısı işğalçı ölkəni silkələyir

Daxili sabitliyini itirmiş Ermənistan...

Ermənistanda sular durulmur. Küçədən hakimiyyətə “hoppanmış” Nikol Paşinyanın populist siyasəti ölkədaxili siyasi atmosferi daha da pisləşdirməkdədir. Kökündən yanlış daxili və xarici siyasətin ümidsiz girovlarına çevrilmiş sıravi ermənilərə yaxşı həyat vəd edən N.Paşinyan keçmiş hakimiyyətin qruplaşmaları ilə üz-üzə qalaraq, vədlərini yerinə yetirməkdə çətinlik çəkməkdədir. Sözdə bir, əməldə başqa addımlar atmağa can atan jurnalist – baş nazirə istər daxili, istərsə xarici təzyiqlər də artmaqdadır. Görünən budur ki, işğalçılıq siyasətinin əsarətində olan köhnə-yeni erməni siyasi elitası və şəxsən N.Paşinyan Ermənistanı düşdüyü bəlalardan və yaxşı heç nə vəd etməyən gələcəkdən uzaq tutmağa nə siyasi iradələri, nə də potensial imkanları var. 

Heç kimə sirr deyil ki, Ermənistan problemlər içərisində çapalayır. Yaxın qonşularla problemlər və iqtisadiyyatda yaşanan gərginlik, bir tərəfdən də güclü mühacirət faktı Ermənistanın bir ölkə kimi gələcəyini şübhə altına alır. Uzun illərdir davam edən belə ağır çətinliklərin fonunda küçənin dəstəyi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyanın məqsədsiz və yanlış siyasəti də ölkəni iqtisadi-siyasi böhrandan çıxara bilmir. Ölkə daxilində baş verən son gərginlik də baş nazirin Ermənistanın daxili və xarici siyasətinin tam yanlış meyarlar üzərində qurulduğunu göstərir. 
Artıq reallığı anlamağa başlayan erməni mütəxəssisləri N.Paşinyanın siyasətinin gələcəyini şübhə altına alırlar. Bu gün Ermənistanda köklü problemlər həllini gözləyir, amma baş nazirin belə problemlərin həlli ilə bağlı hər hansı bir işlək qərarlar qəbul etməməsi erməni ictimaiyyətinin narazılığını getdikcə gücləndirir. N.Paşinyanın aydın və dəqiq iqtisadi planlarının olmaması hətta erməni əsilli iqtisadiyyatçıların da rəsmi İrəvandan uzaq durmalarına səbəb olur. Məsələn, erməni əsilli iqtisadçı Daron Əcəmoğlunun Ermənistan hökuməti ilə əməkdaşlıqdan qəti şəkildə imtina etməsi barədə məlumat yayılmışdır.
Ermənistanın “Politik.am” saytının yazdığına görə, hələ bir il əvvəl N.Paşinyan iqtisadçı ilə əlaqə saxladığını bu ifadələrlə elan etmişdi. “O, Ermənistan iqtisadiyyatının bərpa və inkişafını dəstəkləməyə hazır olduğunu bildirdi. Cənab Əcəmoğlu mənim Ermənistanı ziyarətlə bağlı təklifimi qəbul etdi. Səfərin vaxtı yaxın günlərdə müəyyən ediləcək”. Bunu Paşinyan feysbuk hesabında yazmışdı. Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Sisseryan isə ötən ilin iyulunda Daron Əcəmoğlunun 10-20 avqust tarixləri arasında bir neçə günlük ölkəyə səfər edəcəyini açıqlamışdı. Lakin bütün bunların üzərindən artıq bir il keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı hər hansı bir irəliləyiş müşahidə edilmir. Ən əsası, D.Əcəmoğlu bu əlaqələrin ümumiyyətlə, mövcud olduğunu təsdiqləyəcək hər hansı bir məlumat paylaşmır. Erməni saytı yazır ki, deyəsən, D.Əcəmoğlu Ermənistan hökuməti ilə əlaqələrini də ­üzmüşdür. 
“Politik.am”ın məlumatına görə, erməni hökumətinin tərzini və atdığı addımları təhlil edən D.Əcəmoğlu anlamışdır ki, bu strukturla çalışıb müsbət nəticələr əldə etmək mümkün olmayacaq. Bundan başqa, D.Əcəmoğlu öz yaxın çevrəsi ilə söhbət əsnasında bildirmişdir ki, o, həqiqətən də Ermənistanı dəstəkləmək istəmişdir, lakin bununla belə öz adını “uğursuzlar”la əlaqələndirmək istəmir. Bütün dünyada məşhur olan iqtisadçı Ermənistan hökuməti ilə əməkdaşlığın onun reputasiyasına zərər vuracağını düşünür. Göründüyü kimi, məşhur erməni əsilli mütəxəssislər belə N.Paşinyan hökumətinin həyata keçirdiyi siyasətə inanmır və uğursuzlarla yanaşı dayanmağı arzulamırlar.
Xarici siyasətdə naşılığını nümayiş etdirən erməni hökuməti daxildə də ipin ucunu əldən verməkdədir. Məsələn, Ermənistanın “golosarmenii.am” saytı yazır ki, Ermənistanda baş verən hadisələrin xronikası cəbhədən gələn xəbərlərə daha çox oxşayır. Hər gün atəş, bıçaqlanma, kütləvi və lokal dava-dalaş, yaralı, həlak olanlar və öldürülənlər. Saytın ölkədə baş verənlərə ümumi qiyməti maraqlıdır və həqiqəti əks etdirir: “Bir sözlə, biz emosiyaların qaynadığı qazan içində yaşayırıq. Daha doğrusu, gözlənildiyi kimi, inqilabi -- sosial eyforiyanı əvəz etmiş ictimai affekt halındayıq. Həmin eyforiya keçdi və indi stress, depressiya, narazılıq, nifrət, təcavüz ictimai şüuru yoluxdurmuşdur və onlar artıq təhlükəli miqyas almaqdadır.” Məqalənin müəllifi Ara Meliksetyan Ermənistan ictimaiyyətinin belə gərgin vəziyyətlə üzləşməsinin səbəblərini də açıqlayır. Onun fikrincə, ölkədə son ilyarım ərzində ictimaiyyət üçün belə davranışlar üzrə master-klasslar keçilir. Müəllif son zamanlar N.Paşinyan da daxil olmaqla erməni rəsmi nümayəndələrinin küçə etirazları keçirməklə müəyyən məqsədlərinə nail olmalarına ehyam vurur. Qeyd edir ki, məhz belə küçə etirazları sayəsində Ermənistanda hakimiyyət dəyişdi, parlament buraxıldı və məhkəmə sisteminə görünməmiş təzyiq göstərildi. A.Meliksetyan düşünür ki, hakimiyyətin belə dərslərini tezliklə mənimsəyən ictimaiyyət də müstəqil məşğələlərə başlamışdır. Son zamanlar Ermənistanı bürümüş tətillər və özbaşınalıqlar da məhz belə “məşğələ”lərdir. 
Müəllif erməni cəmiyyətində gərginliyin artmasını hüquqi nihilizmin və cəzasızlığın hökm sürməsi ilə əlaqələndirir. A.Meliksetyan yazır: “Bu gün insanları qəzəbin, kədərin, hiddətin ən vəhşi ifadə etmələrinin belə qarşısını alacaq real heç nə yoxdur. Daxili əyləc yoxdur. Məsələn, rəhbərinin periodik olaraq kimisə “asfalta bürüyəcəyini” və kimisə “divara dirəyəcəyi”ni deməsi ölkə vətəndaşını ifadələrində və hərəkətlərində nə utandıra bilər?”. Erməni yazarı Ermənistan cəmiyyətində indiki psixoloji vəziyyətin narahatlıq doğurduğunu vurğulayır və əlavə edir ki, belə vəziyyət həddən artıq təhlükəlidir, çünki o, tam deqradasiyaya və özünü fiziki məhvetməyə gətirib çıxarır: “Görünən budur ki, cəmiyyəti affekt vəziyyətindən çıxarmaq lazımdır. Bu işi də cəmiyyəti belə vəziyyətə gətirənlər görməlidirlər, o adamlar ki, sevərək kütləvi nifrət atmosferi formalaşdırdılar, ictimai şüurda nihilizm, radikallıq və aqressiyanı ­stimullaşdırdılar”. 
Görünən budur ki, N.Paşinyanı və ətrafdakıları, eləcə də keçmiş rejimin ünsürlərini bu problemlər narahat etmir və cəmiyyəti narahat edən problemləri həll etmək əvəzinə hakimiyyət uğrunda amansız mübarizə aparırlar. Ölkədəki yeni-köhnə siyasi elitanın qarşıdurması onsuz da zəif olan dövlət idarəçiliyini iflic vəziyyətinə aparır. Məsələn, təkcə N.Paşinyanın Konstitusiya Məhkəməsinin sədrini dəyişdirmək cəhdləri və məhkəmənin hakimi Vaqe Qriqoryanın özünü sədr elan etməsi Ermənistanda dövlət idarəçiliyinin hansı vəziyyətdə olduğunu göstərir. 
Bir sözlə, Ermənistanda “məxməri inqilab”dan təxminən bir il keçməsinə baxmayaraq, ölkənin bütün sahələrində mövcud olan əvvəlki vəziyyət yenə hökm sürməkdədir. Qonşu ölkələrlə münasibətlərini hələ də normal qaydaya sala bilməməsi, ölkəni ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün aydın proqrama və potensiala malik olmaması N.Paşinyan hökumətinə olan etibarı zəiflədir. Ermənistan mətbuatı da artıq jurnalist --baş nazirin reallıqlıqlara adekvat reaksiya verə bilməməsindən gileylənir. Məsələn, “1.in.am” saytında “Nikol Paşinyan adekvatlığı itirir: hakimiyyətdə “layiqlilər” hardadırlar?” adı altında yerləşdirilmiş yazıda qeyd olunur ki, son altı ay ərzində erməni hökumətinin qəbul etdiyi qərarların ölkəyə təsir edəcəyini düşünənlərin sayı 72 faizdən 53 faizə düşmüşdür. Rəqəmləri təhlil edən sayt yazır ki, yeni hökumətin reytinqinin 53 faiz təşkil etməsi N.Paşinyanla bağlıdır. Klassik mənada baş nazirin komandasının olmadığını yazan sayt əlavə edir ki, inqilabı tək həyata keçirən N.Paşinyan hazırda ölkə idarəçiliyini də təkbaşına həyata keçirir, hökumət və parlament isə, sadəcə, N.Paşinyanın hakimiyyətini və superbaşnazirlik sistemini ört-basdır edən pərdədir. 
Ermənilər də artıq anlayırlar ki, “inqilabi” hakimiyyət praktik olmur və “inqilabi romantizm” çoxdan arxada qalmışdır. Bu gün ayıq ermənilər etiraf edirlər ki, “inqilab” eyforiyasının itməsindən sonra ortaya çıxmış acınacaqlı mənzərə N.Paşinyan hökumətinə inamı azaldır. Erməni mütəxəssislər də vurğulayırlar ki, praqmatiklik özündə konkret proqramı, fəaliyyət sistemini ehtiva edir. Lakin ötən il ərzində Ermənistanda məqsədyönlü, konseptual siyasət həyata keçirilməmişdir, əksinə, “1.in.am” saytının da qeyd etdiyi kimi, ölkədə hər gün müşahidə olunan siyasi adekvatlığın itirilməsi prosesi baş verir. Reallığı və gücünü düzgün qiymətləndirməyən N.Paşinyanın da belə acı aqibətlə üzləşəcəyi, əlbəttə, yaxın zamanın işidir.

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

15 2019 22:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə