Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yens Stoltenberq Rusiyanı DRSMD-ni qorumağa çağırdı

Yens Stoltenberq Rusiyanı DRSMD-ni qorumağa çağırdı

NATOnun Baş katibi Yens Stoltenberq hesab edir ki, ­ABŞ-ın birtərəfli qaydada tərk etdiyi orta və yaxın mənzilli raketlərin məhvi haqqında müqavilənin (DRSMD) qorunub saxlanmasına görə Rusiya cavabdehlik daşıyır. Bu barədə Stoltenberq Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetində yazıb. Məlumatı TASS verib.

“Bu gün mən Rusiyanı DRSMD-ni qorumaq üçün əlimizdə olan sonuncu şansdan istifadə etməyə çağırıram. Əks təqdirdə müqavilənin sıradan çıxmasına görə o, təkbaşına cavabdehlik daşıyacaq, çünki bundan sonra dünya bizim hamımız üçün daha çox qeyri-sabit olacaq”, – deyə baş katib bəyan edib. Stoltenberqin fikrincə, hazırda Avropanın taleyi sınaq qarşısındadır. 
Xatırladaq ki, bu il fevralın 1-də ABŞ birtərəfli qaydada altıaylıq müddətdə DRSMD-dən çıxmaqla bağlı prosedura başladığını elan etmişdi. Buna səbəb kimi Birləşmiş Ştatlar Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsini göstərmişdi. Rusiya isə buna cavab olaraq iyulun 3-də öz tərəfindən müqaviləyə əməl etməyi dayandırdığını elan etmişdi. 
Rusiya bundan əvvəl ABŞ-ın irad bildirdiyi 9M729 raketlərinin DRSMD-nin tələblərinə tam uyğun olduğunu bəyan etmişdi. Bu il yanvarın 23-də RF Müdafiə Nazirliyi Moskvada xarici ölkələrin hərbi attaşeləri üçün raketin xüsusi nümayişini həyata keçirmişdi. ABŞ və digər NATO ölkələrinin hərbi attaşeləri isə bu təqdimatda iştirakdan imtina etmişdilər. 
Onu da qeyd edək ki, Rusiya müxtəlif təyinatlı yeni raketlərin istehsalına ABŞ-ın 1972-ci ildə imzalanmış raket əleyhinə müdafiə haqqında müqavilədən 2002-ci ildə birtərəfli qaydada çıxmasından sonra başlayıb. Moskva Vaşinqtonu bu addımdan çəkindirmək üçün dəfələrlə xəbərdarlıq edib ki, bu, hücum raketlərinin istehsalı üzrə yarışa gətirib çıxaracaq. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

15 2019 22:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə