Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən çox turist qəbul edən və turist gedən ölkələri

Dünyanın ən çox turist qəbul edən və turist gedən ölkələri

Ümumdünya Turizm Təşkilatının (UNTWO) verdiyi məlumata görə, 2017-ci ildə dünyada 1,4 milyardadək insan turist kimi səyahətə çıxıb. Bu göstərici 2016-cı illə müqayisədə 6 faiz artım deməkdir. Buraya həm fərdi, həm biznes səfərləri, eləcə də bir şəxsin il ərzində keçirdiyi bütün səfərlər daxildir.

Dünyanın ən çox səfər edilən beş turizm istiqamətindən üçü Avropada yerləşir. 90 milyon turistlə Fransa bu siyahıya başçılıq edir. Sonrakı yerlərdə İspaniya (82 milyon), ABŞ (77 milyon), Çin (61 milyon) və İtaliya (58 milyon) gəlir. Araşdırmalara görə, turistlər son dövrlərdə indiyədək maraqlı olmayan istiqamətləri də kəşf etməkdədirlər. Belə ki, Yaxın Şərq, Şimali Afrika və Cənubi Saxara regionları yeni trendlər sırasındadır.

Beynəlxalq qurumun məlumatına görə, 1970-ci ildə beynəlxalq turistlərin sayı 166 milyon nəfər idisə, 2017-ci ildə təkcə Çindən xaricə səfər edən turistlərin sayı 143 milyon nəfər olub. Sonrakı yerdə 92 milyonla almanlar, 88 milyonla amerikanlar dayanır.

Mütəxəssislər göstərirlər ki, turistlərlə yüklənmə hazırda bir çox şəhər və regionlarda ciddi problemə çevrilib. Barselona, Venesiya kimi bir çox şəhərlər aşırı turizmə qarşı müxtəlif tədbirlər görür, əlavə vergi, məhdudiyyət və tarixi ərazilərə girişi qadağan etməklə turist axınını nizamlamağa çalışır. Turistlərin çoxluğu şəhərlərdə kirayə qiymətlərinin qalxmasına səbəb olur,  mərkəzi küçələrdə sıxlıq və səs-küy yerli sakinləri narahat edir.

Qlobal mobilliyin getdikcə artması, rəqəmsal xidmətlər və rəqabətin xüsusilə endirimli təkliflərə yol açması turist axınının gələcəkdə də davam edəcəyinə dəlalət edir.

 

R.TAHİR,
“Xalq qəzeti”

15 2019 16:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə