Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Qadın Sammitində Azərbaycan həqiqətlərindən söz açılıb

Ümumdünya Qadın Sammitində Azərbaycan həqiqətlərindən söz açılıb

İsveçrədə dünyanın 70-dən artıq ölkəsindən 1000-dən artıq qadının qatıldığı Ümumdünya Qadın Sammitində müxtəlif ölkələri təmsil edən vitse-prezident, baş nazir, nazir, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan, millət vəkilləri, işgüzar qadınlar cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər.

Milli Məclisin deputatı,  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva sammitin işində iştirak etməklə bərabər, müzakirələr zamanı təkliflərlə çıxış edib, sammit çərçivəsində ABŞ, Fransa, Almaniya, İslandiya, Qazaxıstan, Meksika, Hindistan, Malayziya, Çin, Cənubi Koreya, Yaponiya, Filippin, Polşa, Sloveniya, Slovakiya, Veytnam, Afrika, Kamerundan gəlmiş nümayəndə heyətləri ilə görüşüb və Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Q.Paşayeva ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınların cəmiyyətdə rolu ilə bağlı da danışıb və fikir mübadiləsi olub. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Fəal xanımlar Azərbaycan haqqında məlumatlı olduqlarını və böyük məmnuniyyətlə Azərbaycana səfər etmək və daha yaxından tanımaq istədiklərini bildiriblər. Azərbaycan nümayəndə heyəti üzvləri  sammitdə və  sammit çərçivəsində keçirilən görüşlərdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış  kitab, sənədli film və materialları xarici ölkələrin fəal xanımlarına təqdim etmiş və geniş məlumatlar vermişlər.

Qeyd edək ki, sammitdə Azərbaycandan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Q.Paşayeva, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İradə Hüseynova, Fitoterapevtlər Cəmiyyətinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, "İşgüzar qadınlar Naminə" İctimai Birliyin sədri Sürəyya İsmayılova, fəal qadınlar-- Yeganə Əliyeva, Zenfira Musayeva, Janilya Qafarova, Cəmilə İsmayılova, Ramilə Şirinova, Tehran Nağıyeva, Könül Əfəndiyeva, Lətifə Əliyeva, Nəhayət Əliyeva, Sona Qələndərli iştirak ediblər. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 14:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə