Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsas kapitala 6,13 milyard manat vəsait yönəldilmişdir

Əsas kapitala 6,13 milyard manat vəsait yönəldilmişdir

2019-cu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6131,6 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 68,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, ümumi sərmayənin 63,8 faizi məhsul istehsalı sahələrinə, 26,6 faizi xidmət sahələrinə, 9,6 faizi isə ümumi sahəsi 1 milyon 87,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,3 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,7 faiz, büdcə vəsaitləri 27,7 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, bank kreditləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil etmişdir.

2019-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.  

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

15 2019 10:55 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə