Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xilaskarlıq missiyası

Sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan uğurla, sürətlə inkişaf edib. 1969-cu ildə o, Azərbaycan Respublikasının rəhbəri seçiləndə Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi. Bunu sosial-iqtisadi göstəricilər də təsdiq edir. On üç il ərzində yorulmaz fəaliyyət nəticəsində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Əgər sovet dövründə – 1980-ci illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi. Azərbaycan Ümumittifaq xəzinəsinə daha çox vəsait verirdi, nəinki alırdı. Məhz o illərdə Azərbaycanda sənaye inkişafı böyük templərlə təmin olunurdu. Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük işlər görülmüşdür. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. Kənd təsərrüfatına böyük diqqət göstərilirdi. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi. Yəni, 1982-ci ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, doğrudan da Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində böyük işlər görülmüşdür və Azərbaycan, qeyd etdiyim kimi, qabaqcıl yerlərdə idi.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


50 il bundan əvvəl – 1969-cu il iyulun 14-də Azərbaycan xalqının tarixində mühüm hadisə baş vermişdir – ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. Məlum olduğu kimi, Sovet İttifaqında bu vəzifə de-fakto respublikanın rəhbəri demək idi. Ulu öndər Heydər Əliyevin bu yüksək vəzifəyə seçilməsi Azərbaycanın sonrakı tarixinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olaraq bütün sahələrdə onun yüksəlişində həlledici rol oynadı. Yer üzündə yüzlərlə xalq və etnik qrup yaşasa da, müstəqil dövlət qurmaq hər xalqa nəsib olmamışdır. Tarix şahiddir ki, əski dövrlərdə böyük imperiyalar quran millətlərin bir çoxu taleyin hökmü ilə yox olmuşdur. Həmçinin dünyada özünün qədim dövlətçilik ənənələri ilə fəxr edə biləcək xalqların sayı da çox azdır. Bu anlamda Azərbaycan xalqı qədim dövlətçilik ənənəsini sədaqətlə qorumağı bacaran, bu günə qədər gətirib çıxardaraq daha da inkişaf etdirməyə nail olan xalqlardan biridir. 

Bu da bir həqiqətdir ki, əsrlər boyu dövlətçilik ənənəsini yaşadan və nəsildən-nəslə ötürən xalqımız bu uzun və keşməkeşli yolu qət edərkən müxtəlif ağır tarixi sınaqlarla üzləşmiş, zaman-zaman işğalçı qüvvələrin istilalarına məruz qalmış, müstəmləkə boyunduruğu altında yaşamağa məcbur olmuşdur. Lakin bütün bunlar Azərbaycan xalqının müstəqillik eşqini söndürə və azadlıq əzmini sındıra bilməmişdir. Daim istiqlaliyyəti uğrunda mübarizə aparan xalqımız tarixin sərt sınaqlarından şərəflə çıxaraq, milli dövlətçilik ənənələrini dirçəltməyə müvəffəq olmuşdur. 
Azərbaycan xalqının qədim dövlətçilik ənənələrindən danışarkən, mütləq görkəmli dövlət və ictimai-siyasi xadimlərimizin tarixdə oynadıqları rolları da qeyd edilməlidir. Çünki ictimai-siyasi proseslərə doğru istiqamət verən, tarixinin taleyüklü və mürəkkəb mərhələsində Vətənin xilası missiyasını boynuna götürən, xalqın iradəsinə söykənərək onu arxasınca aparan, həlledici məqamlarda və çətin anlarda böyük uzaqgörənliklə və müdrikcəsinə doğru qərar verməyi, xarizmatik keyfiyyətlərə malik olan güclü lider olmadıqca, ülvi amallar, müqəddəs ideallar gerçəkləşməmiş xəyallar olaraq qalır. Görkəmli akademik Ramiz Mehdiyevin “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” kitabında bu barədə qeyd etmişdir: “Lider funksiyasını öz üzərinə götürmüş şəxsiyyət taleyüklü, milli problemləri həll etmək üçün ayağa qalxmış xalq kütlələrinin öndəri rolunu yerinə yetirir. Belə şəxsiyyət heç də hər kəsin bacarmadığı əməllərə və fəaliyyətə qadirdir. O, cəsarətlidir, qorxub çəkinmir, ən təhlükəli, ən gözlənilməz, lakin son nəticədə ən düzgün yolu seçməyi, millətin və dövlətin tərəqqisi naminə riskə getməyi bacarır”. 
Gördüyümüz kimi, xarizmatik liderlər ictimai inkişafın lokomotivi kimi çıxış edirlər. Odur ki, Azərbaycanın qədim dövlətçilik mədəniyyətinin zənginləşməsi tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyəti ilə bilavasitə bağlıdır. Xalqımız çoxəsrlik tarixi ərzində Vətənin azadlığı və inkişafı naminə əzmlə mübarizə aparan bir çox görkəmli şəxsiyyətlər yetirmişdir. Cavanşir, Şəmsəddin Eldəgiz, Uzun Həsən, Şah İsmayıl, Nadir şah və digər görkəmli dövlət xadimləri Azərbaycan xalqının zəfər salnaməsinə şanlı səhifələr yazmış, parlaq qələbələrə, böyük nailiyyətlərə imza atmışlar. 
Əminliklə demək olar ki, Azərbaycanın dövlətçilik mədəniyyətinin çağdaş inkişaf mərhələsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əgər Şah İsmayılın sərkərdəlik məharəti sayəsində vahid və mərkəzləşdirilmiş Azərbaycan dövləti yaranmışdırsa, ümummilli lider Heydər Əliyevin unikal siyasi dühası nəticəsində müasir Azərbaycan dövləti qurulmuşdur. 
Məhz ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müstəqilliyimiz möhkəmləndirilərək əbədi və dönməz xarakter almış, qədim dövlətçilik ənənələrimiz bərpa olunaraq inkişaf etdirilmiş və zənginləşdirilmişdir. Dahi lider Heydər Əliyevin söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” tarixi kəlamı onun görkəmli dövlət xadimi və tarixi şəxsiyyət kimi həyat amalını əks etdirir. 
Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yeri, xalqımızın taleyində oynadığı mütərəqqi və əhəmiyyətli rolu, dövlətçilik fəlsəfəsini və zəngin siyasi-nəzəri irsini doğru-dürüst anlamaq üçün mütləq bu dahi şəxsiyyətin birinci dəfə ölkəmizə rəhbərlik etməyə başladığı dövrə, daha dəqiq desək, 1969-1982-ci illərə nəzər yetirməliyik. Belə ki, Heydər Əliyev Azərbaycan rəhbərliyinə 14 iyul 1969-cu ildə, çətin bir dövrdə gəlmişdi. Faktiki olaraq, ulu öndərə sosial-iqtisadi baxımdan Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri miras qalmışdı. Həmin dövrdə ölkədə bütün sahələrdə tənəzzül hökm sürürdü, hakimiyyətin yüksək eşelonlarında rüşvətxorluq və korrupsiya tüğyan edirdi, əhalinin sosial vəziyyəti xeyli aşağı idi. Bununla yanaşı, dövlət idarəçiliyinin bütün səviyyələrində Azərbaycan xalqına və ana dilimizdə danışanlara xor baxan qeyri-azərbaycanlılar üstünlük təşkil edirdi. Bir sözlə, xalqla hakimiyyət arasında dərin uçurum yaranmışdı. 
Yalnız Heydər Əliyevin 1969-cu ildə ali hakimiyyətə gəlişi ilə ölkəmizin tarixində böyük dönüş dövrü başlandı. Ulu öndər qəti addımlar ataraq, respublikamızın hərtərəfli inkişafına nail oldu. Məhz onun təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqraryönümlü respublikadan sənayeyönümlü respublikaya çevrildi. Belə ki, 1969–1982-ci illərdə kimya və neft-kimya sənayesinin təməli qoyuldu. Həmçinin əlvan metallurgiya, neft emalı, maşınqayırma, energetika, qara metallurgiya və dağ-mədən sənayeləri sahəsində böyük irəliləyiş baş verdi. 
Bununla yanaşı, ümummilli lider dövlət idarəçiliyində mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Həmin tədbirlərin tərkib hissəsi kimi rüşvətxorluq və korrupsiya bataqlığına yuvarlanmış yüksək çinli məmurlar cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırıldı. Bu isə keçmiş Sovet İttifaqında böyük əks-səda doğurdu. Eyni zamanda, Heydər Əliyevin gərgin səyləri nəticəsində müxtəlif sahələr üzrə peşəkar milli kadrların yetişdirilməsi məqsədilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə, aparıcı elm ocaqlarına təhsil almaq üçün göndərildi ki, bu uzaqgörən addım vətənpərvər, dövlətinə və millətinə sadiq olan yüksəkixtisaslı mütəxəssislərin respublikamızın bütün dövlət strukturlarında müxtəlif vəzifələrdə yer almasına gətirib çıxardı. 
Həmin dövrdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, eləcə də yeniyetmə və gənc azərbaycanlı oğlanların keçmiş Sovet İttifaqının ali hərbi məktəblərinə göndərilməsi milli hərbi kadrların hazırlanması işinə böyük təkan verdi. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, öz növbəsində, gələcəkdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşması işinə öz mühüm töhfəsini verdi. 
Hələ Sovet İttifaqı dövründə ulu öndər milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan dilinin mühafizəsi, ədəbiyyatımızın, musiqimizin, ümumən mədəniyyətimizin inkişafı istiqamətində böyük işlər görürdü. Məhz onun hakimiyyəti dövründə – 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi və 1980-ci ildə görkəmli azərbaycanlı alimi Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti (1136–1225-ci illər)” adlı monoqrafiyası Dövlət Mükafatına layiq görüldü. Habelə 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bütün bunlar bir daha onu göstərir ki, ümummilli liderimiz beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında hər cür milli ideyaların boğulduğu vaxtlarda belə ana dilimizin mühafizəsi, mədəniyyətimizin inkişafı, milli-tarixi yaddaşımızın bərpa edilməsi naminə, həqiqətən də, cəsarətli addımlar atırdı. 
Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın iqtisadi in-frastrukturu köklü surətdə dəyişdirildi. Həmçinin aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində respublikada yeni yaşayış massivləri və yollar salındı, çoxsaylı təhsil müəssisələri açıldı. 
Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyəti nəticəsində Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinə yönələn milli ideya olan azərbaycançılığın tarixi inkişafında da mühüm nailiyyətlər əldə olundu. 
Akademik Ramiz Mehdiyev “Qlobal transformasiyalar dövründə Azərbaycanın milli ideyası” adlı kitabında 1969-cu ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin azərbaycançılığın inkişafında rolunu yüksək qiymətləndirərək qeyd edir ki, ötən əsrin 70 – 80-ci illərində Azərbaycan cəmiyyətinin inkişafının ictimai müzakirəsi milli ideyanın formalaşması istiqamətində gedirdi. “Milli maraq” anlayışı Azərbaycan cəmiyyətinin qabaqcıl nümayəndələri və Heydər Əliyev başda olmaqla hakim elita üçün yad deyildi. 
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişinədək azərbaycançılıq müəyyən tarixi inkişaf mərhələlərini keçmişdir. Milli ideyanın konkret tarixi forması olan azərbaycançılıq məfkurəsi XIX əsrin ikinci yarısında yenidən artıq dəyişilmiş yeni bir şəraitdə xalqımızın siyasi, iqtisadi, sosial və mədəni yüksəlişi ideyası kimi formalaşmağa başlamışdır. Xalqımızın milli azadlıq uğrunda mübarizəsi Azərbaycanda milli ideyanın formalaşmasının əsas hərəkətverici qüvvəsi idi. 
Görkəmli türk sosioloqu Ziya Göyalpa görə, Şərq xalqlarının milli hərəkatı ardıcıl olaraq üç mərhələdən keçir: mədəni, siyasi və iqtisadi. Şərq xalqlarının milli hərəkatı onların mədəni oyanışından başlayaraq, siyasi hərəkat formasını qəbul edir və daha sonra iqtisadi proqramların tərtibatı mərhələsinə daxil olur. Ziya Göyalpın irəli sürdüyü bu fikrə əsasən, azərbaycançılıq özünü ilkin olaraq XIX əsrin ikinci yarısında meydana gəlmiş mədəni hərəkat kimi göstərdi. O vaxt Azərbaycan ədəbiyyatının, incəsənətinin və maarifçilik hərəkatının Cəlil Məmmədquluzadə, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov və başqaları kimi görkəmli xadimləri mədəni azərbaycançılıq hərəkatına başçılıq edirdilər. Onlar dini fanatizmi, xalqın inkişafına mane olan köhnə adət-ənənələri tənqid edir, xalqı elmə və təhsilə yiyələnməyə çağırırdılar. Onların fəaliyyəti nəticəsində azərbaycançılıq ideyasının ilk mərhələsi olan mədəni azərbaycançılıq məfkurəsi ümumilikdə öz tarixi missiyasını yerinə yetirdi. 
XIX əsrin sonları – XX əsrin əvvəllərində azərbaycançılıq ideyası Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin nəzəri və siyasi fəaliyyətləri nəticəsində mədəni sahədən siyasi sahəyə adladı. Bu görkəmli şəxslərin ictimai-siyasi fəaliyyətinin nəticəsində 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixinin mühüm mərhələlərindən biri oldu. Onun yaradılması uzun illər xalqımızın azadlıq uğrunda apardığı mübarizəsinin məntiqi və qanunauyğun nəticəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması siyasi azərbaycançılıq ideyasının inkişafında keyfıyyətcə yeni bir mərhələ oldu. Bu mərhələ azərbaycançılıq ideyasının iqtisadi mərhələyə keçməsi üçün lazımi şərait yaratdı. Lakin 28 aprel 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması səbəbindən bu keçid baş tutmadı. Azərbaycançılıq ideyasının inkişafının qarşısı müvəqqəti olaraq alındı. Azərbaycan xalqının tarixinin yeni mərhələsi – sovet dövrü başlandı.
Sovet dövrü ərzində Azərbaycan xalqı müvafiq iqtisadi, elmi-texniki, sosial-mədəni inkişaf yolu keçsə də, onun milli mədəniyyəti Moskva tərəfindən sıxışdırılırdı. Bolşeviklər cəmiyyətin bütün sahələrində ruslaşdırma siyasətini həyata keçirirdilər. Onlar bəzi demokratik və beynəlmiləl şüarlarla, həmçinin milli regionlara özünüidarəetmə və mədəni muxtariyyət verməklə siyasətinin mahiyyətini ört-basdır etməyə müvəffəq olsalar da, bu siyasət gerçəklikdə totalitar millətçiliyin formalarından biri idi.
Sovet İttifaqı Kommunist Partiyasının milli siyasətinin əsas vəzifələrindən biri bütün milli regionların siyasi, iqtisadi, sosial və mədəni sahələrində islahatlar keçirilməsi idi. Hətta sovet dövrünün ilk illərində bolşeviklərin milli siyasəti “korenizatsiya” (milli mədəniyyətin inkişafı) siyasəti əsasında həyata keçirilirdi. Bu siyasətin mahiyyəti haqqında görkəmli amerikalı azərbaycanşünas alim Tadeuş Svyatixovski deyir: “Bu siyasət (korenizatsiya siyasəti) milli kadrların rəhbər partiya və dövlət vəzifələrinə irəli çəkilmələri ilə yanaşı, qeyri-rus xalqların dillərinin rus dili ilə tam bərabərliyini müdafiə edir, həmçinin, sovet hakimiyyətinin milli regionlarda mövqeyini möhkəmləndirir, müxtəlif xalqları sovet hakimiyyətinə dəstək olmalarına yönəldirdi.” Qeyd etmək lazımdır ki, bu siyasətin nəticəsində əvvəllər geridə qalmış milli regionlar sosial-iqtisadi, mədəni sahələrdə mühüm nailiyyətlər əldə etdilər. Bu isə öz növbəsində ruslaşdırma siyasəti üçün əlverişli şərait yaradırdı. 
Siyasi sahədə ruslaşdırma siyasətinin əlamətləri Mərkəz ilə müttəfiq respublikalar arasında olan əlaqələrin xüsusiyyətlərində özünü büruzə verirdi. Müttəfiq respublikaların fəaliyyəti Mərkəzin tam nəzarəti altında idi. Milli maraqları müdafiə edən hər bir təşkilatın fəaliyyətinin qarşısı alınırdı.
İqtisadi sahədə ruslaşdırma siyasətinin əlamətləri iqtisadiyyatın ifrat mərkəzləşdirilməsində və xüsusi mülkiyyətin qadağan olunmasında görünürdü. Müttəfiq respublikalar arasında əmək bölgüsünə əsaslanan vahid iqtisadi kompleksin fəaliyyətini təmin etmək, milli regionları bir-birindən və xüsusilə Mərkəzdən asılı vəziyyətdə saxlamaq üçün Kreml bir regionda olan müəssisənin fəaliyyətini digər regionlardakı müəssisələrin fəaliyyətindən asılı vəziyyətə qoyur və beləliklə də, totalitar dövlətin iqtisadi bazasını yaradır və möhkəmləndirirdi. 
Mədəniyyət sahəsində ruslaşdırma siyasətinin həyata keçirilməsi digər sahələrdən daha çətin idi. Bu, mədəniyyət sahəsinin insanın daxili aləmi ilə, tarixi ənənələrlə, milli və mənəvi dəyərlərlə bağlılığı ilə izah olunur. Lakin mədəniyyət sahəsində ruslaşdırma siyasətinin həyata keçirilməsi Mərkəz üçün daha vacib bir məsələ idi. Çünki digər sahələrdə bu siyasətin uğurla həyata keçirilməsi xeyli dərəcədə mədəniyyət sahəsindəki vəziyyətdən asılı idi. 
Lakin sovet hökumətinin ruslaşdırma siyasəti Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini, azərbaycançılıq ideyasının qarşısını ala bilmədi. 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi azərbaycançılıq idealogiyasının inkişafına, ümumiyyətlə, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixinin yeni mərhələsinin başlanğıcına səbəb oldu. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi xalqımızın həyatının bütün sahələrində möhtəşəm tərəqqinin başlanğıcı kimi tarixə həkk oldu. Bununla əlaqədar ölkə Prezidenti cənab İlham Əliyev qeyd edir: “Sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan uğurla, sürətlə inkişaf edib. 1969-cu ildə o, Azərbaycan Respublikasının rəhbəri seçiləndə Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi. Bunu sosial-iqtisadi göstəricilər də təsdiq edir. On üç il ərzində yorulmaz fəaliyyət nəticəsində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Əgər sovet dövründə – 1980-ci illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi. Azərbaycan Ümumittifaq xəzinəsinə daha çox vəsait verirdi, nəinki alırdı. Məhz o illərdə Azərbaycanda sənaye inkişafı böyük templərlə təmin olunurdu. Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük işlər görülmüşdür. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. Kənd təsərrüfatına böyük diqqət göstərilirdi. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi. Yəni, 1982-ci ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, doğrudan da Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində böyük işlər görülmüşdür və Azərbaycan, qeyd etdiyim kimi, qabaqcıl yerlərdə idi”.
14 iyul 1969-cu ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi yeni tarixi şəraitdə Azərbaycan xalqının milli azadlıq hərəkatının başlanması üçün əlverişli şərait yaratdı. Heydər Əliyevin göstərişi və rəhbərliyi ilə dil, ədəbiyyat, incəsənət, elm, təhsil sahələrində böyük işlər aparılmağa başlandı. Ulu öndər Azərbaycan xalqının milli azadlıq uğrunda tarixini və həmin tarixin görkəmli şəxsiyyətlərinin fəaliyyətlərini işıqlandırmaqla, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Azərbaycan xalqının milli şüurunun inkişafı, azadlıq uğrunda mübarizəsi üçün zəruri şərait yaradırdı. Ədəbiyyat və incəsənət xadimlərimiz bu şəraitdən istifadə edərək əsərlərində xalqımızın müstəqillik uğrunda mübarizəsi ideyasını təbliğ edirdilər. Bu, yeni tarixi şəraitdə Azərbaycan xalqının milli azadlıq uğrunda hərəkatının başlanmasına təkan verirdi və onun müstəqil dövlət yaratmaq istəyini artırırdı. 
Beləliklə, ulu öndər Heydər Əliyevin 1969–1982-ci illər ərzindəki fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifahı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikalar sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Heydər Əliyev bu fəaliyyəti ilə tək həmin dövrün Azərbaycanı və vətəndaşları üçün yox, həm də gələcək müstəqil Azərbaycanın möhkəm özülünü sonrakı nəsillərin xoşbəxt və firavan həyatının etibarlı təməlini qoymuşdur.

 

Etibar NƏCƏFOV,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor

 

 

13 2019 23:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə