Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müasir Azərbaycanın zəruri təməllərini yaratmış qüdrətli lider

Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına ­get-gedə daha da dərindən inteqrasiya olunması hələ 1970–1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır. 
Heydər ƏLİYEV
Ümummilli lider


XX əsrin son 30 ilində və XXI əsrin başlanğıcında Azərbaycan Respublikasına ali rəhbərlik ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər XX əsrin son üç onilliyində, iki fərqli ictimai-siyasi quruluşda ölkəmizin və xalqımızın lideri, 1993--2003-cü illərdə isə müstəqil Azərbaycanın Prezidenti kimi suveren dövlətimizin memarı və qurucusu olmuşdur. 
Hər iki sistemdə dünya şöhrətli dövlət və siyasət xadimi kimi Heydər Əliyev Azərbaycanın iqtisadiyyatını və sosial sferasını inkişaf etdirmiş, mədəniyyət və mənəviyyatını zənginləşdirmiş, öz xalqının milli mənafeyini qorumuş, ölkəsinin şöhrətini və nüfuzunu dünyaya yaymışdır. Çoxminillik milli varlığımızın və qədimlərdən gələn dövlətçilik tariximizin ən yüksək epoxasını təşkil edən son yarıməsrlik siyasi mərhələ 1969-cu il iyulun14-də xalqımızın yetirdiyi ən mükəmməl və qüdrətli şəxsiyyət olan Heydər Əliyevin respublikanın ali rəhbəri seçilməsi ilə başlanmışdır.

Ümummilli lider Azərbaycana rəhbərliyinin birinci dövründə – 70 illik sovet hakimiyyətinin son iki onilliyində respublikamızı keçmiş SSRİ-də bütün sahələrdə öncül yerlərə çıxarmış, sosial-iqtisadi və mədəni sahələrdə həyata keçirdiyi möhtəşəm tədbirlərlə və uzaqgörən siyasəti ilə ölkəmizi yaxınlaşmaqda olan dövlət müstəqilliyi erası üçün hazırlamışdır. 1969–1982-ci illərin zəfər irsi dövlət müstəqilliyinin bərpasından sonrakı quruculuq üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır. 
İstər Sovetlər Birliyi, istərsə də müstəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət ulu öndərin mübarizə devizi və həyat idealı olmuşdur. Dərin zəkası, tükənməz enerjisi və xalqına sonsuz sevgisi ilə Heydər Əliyev ictimai fəaliyyətinin ilk dövrlərindən yüksək səviyyədə fərqlənmiş, iki onillik bir müddətdə respublikanın rəhbəri ali mövqeyinə qalxmışdır. 
1969-cu il iyulun 14-də keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda respublika partiya təşkilatının birinci katibliyinə namizəd məsələsi müzakirə edilərkən qeyd-şərtsiz MK-nın üzvü, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyevin üzərində dayanılmışdı.
Plenum günü Sov.İKP MK katibi İ.Kapitonov iclas iştirakçılarının Heydər Əliyevi yaxşı tanıdıqlarını nəzərə alaraq onun haqqında Mərkəzi Komitənin mötəbər rəyini belə ifadə etmişdi: “Heydər Əliyev yoldaş əməli fəaliyyətində yetkin siyasi savadlı işçi kimi özünü göstərmişdir. Sov.İKP Mərkəzi Komitəsində də biz onu belə qiymətləndiririk, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin bürosunda da sizin yoldaşlar belə qiymətləndirir. O, yaxşı təşkilatçıdır, adamlarla işləməyi bacarır, bununla yanaşı, özünə və başqalarına qarşı tələbkardır. Sizə məlumat vermək istəyirəm ki, yoldaş Əliyev Sov.İKP Siyasi bürosunun iclasına dəvət edilmiş, onunla söhbət aparılmışdır”. 
Respublikaya 10 il başçılıq edən Vəli Axundov isə plenumda Heydər Əliyev haqqında belə söyləmişdi: “Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə imkan verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər obyektiv, vicdanlı və layiqli insandır”.
Plenum yekdilliklə Heydər Əliyevə səs vermiş və o, AKP MK-nın birinci katibi vəzifəsinə seçilmişdi. Plenumda çıxış edən Heydər Əliyev özü isə bildirmişdi: “Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır”. Azərbaycanın yeni seçilmiş rəhbəri Heydər Əliyevin ümidverici və səmimi çıxışı alqışlarla qarşılanmışdı. 
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçilən vaxt respublika iqtisadiyyatı dərin iqtisadi böhran mərhələsinə qədəm qoymuşdu. 60-cı illərdə iqtisadiyyatın inkişafında mənfi meyillər özünü göstərirdi. Bir sıra obyektiv və subyektiv səbəblərə görə Azərbaycanın sosial-iqtisadi inkişafdan geridə qalması artıq nəzərə çarpırdı. Bir çox sahələrdə – milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə respublika Ümumittifaq göstəricilərindən geridə qalırdı. 
Respublikanı belə bir ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu axtarıb tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsip etibarı ilə yeni konseptual proqram işlənməsi, xalq təsərrüfatında köklü struktur dəyişikliklərinin həyata keçirilməsi, təsərrüfatçılıq işində yeni metodların tətbiq edilməsi kimi zəruri vəzifələr qarşıda dururdu. Bu çətin və mürəkkəb işlərin həyata keçirilməsində güclü, bacarıqlı təşkilatçı, cəsarətli bir rəhbərə ehtiyac var idi. Belə bir rəhbər məhz Heydər Əliyev oldu. Yeni rəhbər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən bir ay keçməmiş Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda məruzə ilə çıxış etmiş, respublika iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyəti böyük prinsipiallıqla dərindən və hərtərəfli təhlil etmiş və xalq təsərrüfatına, mədəni quruculuğa rəhbərlikdə buraxılmış ciddi nöqsanları və çatışmazlıqları açıb göstərmişdi. 
Heydər Əliyev bununla bütün təşkilatları dövlət və əmək intizamını möhkəmlətməyə, respublikada mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa istiqamətləndirmişdi. 1969–1970-ci illərdə keçirilən Azərbaycan KP MK-nın plenumlarında, fəallar yığıncaqlarında və digər toplantılarda da respublika rəhbəri məruzə və çıxışlarında ardıcıl olaraq təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil etmiş və qarşıya yeni vəzifələr qoymuşdu. Həmin illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş məqamı olmuşdu. Azərbaycanın müasir tarixində həmin mərhələnin təməli məhz 1969-cu ilin 14 iyulunda qoyulmuşdu. 
Respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında Azərbaycan rəhbəri Heydər Əliyevin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı bütün 1970–80-ci illərdə müvəffəqiyyətlərin rəhni olmuşdu. Azərbaycan KP MK-nın birinci katibi kimi onun respublika partiya təşkilatının XXVIII qurultayına (10–12 mart 1971-ci il) hesabat məruzəsində də ölkədə vəziyyətin dərin təhlili verilmişdi. Təsərrüfat və mədəni quruculuq təcrübəsində, kadrların seçilib yerləşdirilməsində bir sıra ciddi çatışmazlıqlar və səhvlər meydana çıxarılmışdı. Qurultayın respublika rəhbərinin məram və iradəsini tam əks etdirən qətnaməsində isə qarşıda duran yeni önəmli vəzifələr müəyyən edilmişdi. 
Aşkar edilmiş nöqsanlardan məlum olmuşdu ki, Azərbaycanda 1966–1970-ci illərdə bütünlüklə sənaye üzrə müəyyən edilmiş vəzifələr yerinə yetirilməmişdir. Bu dövrdə əmək məhsuldarlığının azalması hesabına məhsulun artım norması xeyli aşağı düşmüşdü. Məsələn, yeddiillikdə Azərbaycan sənayesində əmək məhsuldarlığı nəzərdə tutulan 48,7 faiz əvəzinə, 26,8 faiz artmışdı. 1966–1970-ci illərdə ümumi kənd təsərrüfatı məhsulunun artımı nəzərdə tutulan 29 faiz əvəzinə, vur-tut 23 faiz olmuşdu. Kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və onun sahələrinin yerləşdirilməsi kifayət qədər düşünülmədən, tələsik və müvafiq hazırlıq olmadan aparılmışdı ki, bu da məhsul istehsalının həcminin xeyli azalmasına gətirib çıxarmışdı. Respublikada kənd təsərrüfatının əsas sahəsi olan pambıq, dənli bitkilər əkin sahələri əsassız surətdə azaldılmışdı. 1961–1965-ci illərdə orta illik pambıq istehsalı 339 min ton idisə, 1966–1970-ci illərdə 328 min ton olmuşdu. 
Heydər Əliyev bu nöqsanları aşkara çıxarmaqla yanaşı, onları aradan qaldırmaq yollarını da aydın göstərmiş, respublikanın fasiləsiz, möhkəm və daha səmərəli inkişaf xəttini müəyyən etmişdi. 1970-ci ilin oktyabr ayında Azərbaycan SSR-nin və Azərbaycan Kommunist Partiyasının 50 illiyi münasibətilə təntənəli iclasda iştirak etmək üçün Bakıya gəlmiş SSRİ-nin ali partiya rəhbəri L.İ.Brejnev çıxışında 1969–1970-ci illərdə görülən işlərə yüksək qiymət vermişdi: “Böyük və gərgin işin başlanğıcı qoyulub, qısa müddətdə çatışmazlıqların aradan qaldırılması təmin ediləcəkdir”. 
Doğrudan da, Heydər Əliyevin apardığı genişmiqyaslı quruculuq işləri qısa müddətdə respublikada onu yeni tipli – aydın baxışlı, işgüzar, yurdsevər lider kimi tanıtdı, insanlarda ona qarşı böyük inam yaratdı. Yeni rəhbər strateji məsələlərin həllində mərkəzin diqqətini Azərbaycana yönəltmişdi. Heydər Əliyevin təkliflərinə əsasən Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti 1970-ci il iyulun 23-də “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək üzrə tədbirlər haqqında” qərar qəbul etmişdi. 
Bu qərarda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və bununla yanaşı, Heydər Əliyevin kənd təsərrüfatının inkişafına daimi qayğısı nəticəsində, artıq 1975-ci ildə Azərbaycan kənd təsərrüfatı sahəsində ciddi yüksəliş baş vermişdi. 1975-ci ildə kənd təsərrüfatının ümumi məcmu məhsulu 1 milyard 572 milyon manat, 1969-cu ildə isə 999 milyon manat təşkil etmişdi. Deməli, 1969-cu ilə nisbətən artım 57 faiz olmuşdu. Bu dövrə kimi toplanmış təcrübəni ümumiləşdirərək Heydər Əliyev yenidən Azərbaycan KP Mərkəzi Komitəsi adından respublikanın kənd təsərrüfatını daha da inkişaf etdirmək haqqında Sov.İKP Mərkəzi Komitəsinə müraciət etmişdi. 
Sov.İKP MK və SSRİ Nazirlər Soveti 1975-ci il iyulun 9- da “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında”, 1976-cı il iyulun 27-də “1976-1980-ci illərdə respublikanın ayrı-ayrı sənaye sahələrinin inkişafına dair Azərbaycan Kommunist Partiyası MK-nın təklifinə baxılmasının yekunları haqqında”, 1979-cu il fevralın 22-də “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da ixtisaslaşdırılması və üzümçülüyün və şərabçılığın inkişafı haqqında” tarixi qərarları qəbul edilmişdi. Bu qərarların 1970--80-ci illərdə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyəti olmuşdu. 
Heydər Əliyevin məqsədyönlü təşkilatçılığı və rəhbərliyi sayəsində Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sahədə, dinamik inkişaf sürəti meydana gəlmişdi və bu sürət plan tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin etmişdi. Heydər Əliyevin rəhbərliyi, təşkilatçılığı sayəsində l970-ci ildən Azərbaycan həyatında əsaslı sıçrayış dövrü başlanmışdı. Bu onun xalqına, Vətəninə sevgisindən qaynaqlanan məqsədyönlü, yorulmaz fəaliyyətinin nəticəsi idi. 1970-ci il start ili olmuşdu. Şəhər və kənd əməkçiləri illik planı vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirmişdilər. 1970-ci ildə respublikada milli gəlirin artım sürəti əvvəlki ildəkindən dörd dəfədən də yüksək, 1966–1969-cu illərdəki göstəricilərdən, təqribən, iki dəfə artıq olmuşdu. 
Heydər Əliyev tərəfindən kənd təsərrüfatı istehsalında ixtisaslaşma, təmərküzləşmə, zonalaşdırma və rayonlaşdırma, intensivləşdirmə metodlarının tətbiqi müvəffəqiyyətlərin əsas bünövrəsi oldu. Eyni zamanda, əkinçilikdə yeni məhsuldar və perspektivli sortlardan istifadə edilməyə başlandı. Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 9 iyun 1975-ci il tarixli “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi üzrə tədbirlər haqqında” qərarı əsasında 29 aprel 1976-cı ildə Azərbaycan KP Mərkəzi Komitəsi və respublika Nazirlər Soveti 1976-1980-ci illərdə respublikada dövlət və təsərrüfatlararası heyvandarlıq kompleksləri və quşçuluq fabriklərinin tikilməsi haqqında xüsusi qərar qəbul etmişdi. Qərarda cari onuncu beşillikdə 38 südçülük kompleksi, buzov yetişdirmək üçün təsərrüfatlararası 19 kompleks, iribuynuzlu heyvanların yemləndirilməsi üçün 53 təsərrüfatlararası açıq meydan, 20 qoyunçuluq kompleksi və 21 quşçuluq fabriki tikilməsi nəzərdə tutulurdu.
Azərbaycanda həyatın bütün sahələrində baş verən müsbət dəyişikliklər yeni, daha yüksək inkişaf üçün geniş perspektivlər açırdı. Bakı metropoliteninin yeni stansiyası “Ulduz” işə düşdü. 30 ayda görüləsi iş cəmi 4 ayda yerinə yetirilərək Kürün suyu Bakıya axıdıldı. Neft sənayesi sahəsində “Bahar” adlı təzə neft yatağı açıldı. Azərbaycan neftçiləri tərəfindən 1971-ci il martın 28-də Azərbaycanın bütün neftçıxarma tarixi dövründə milyardıncı ton “qara qızıl” çıxarıldı. 
Azərbaycan Respublikasının doqquzuncu beşillikdə inkişaf planı Heydər Əliyevin ideyaları, fikirləri, proqnozları əsasında tərtib edilmişdi. Bilavasitə Heydər Əliyevin uzaqgörənliyini əks etdirən bu beşillik planın əsas istiqamətləri aşağıdakı vəzifələrdə öz əksini tapmışdı. Doqquzuncu beşillikdə respublikada sənaye sahəsində əsas vəzifə əvvəlki beşilliyə nisbətən inkişaf sürətinin artırılması idi. Belə ki, yeni beşillikdə sənaye məhsulu istehsalının həcmini 1966-1970-ci illərdəki 37 faiz əvəzinə, 43-46 faiz artırmaq nəzərdə tutulmuşdu. İstehsal vasitələri istehsalı 42-45 faiz, istehlak malları istehsalı isə 45-48 faiz artırılmalı idi. 
Bu beşillikdə əvvəlki beşilliyə nisbətən kapital qoyuluşu 43 faiz artırılmışdı. Doqquzuncu beşillikdə 100-dən çox yeni müəssisə və işləyən sənaye müəssisələrində 60 istehsalat sahəsinin istifadəyə verilməsi müəyyən edilmişdi. Heydər Əliyev respublikamıza rəhbər seçildikdən sonra Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin inkişaf etdirilməsinə də xüsusi fikir verirdi. 
Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı 1970–1975-ci illərdə yeni vüsət aldı. Heydər Əliyevin məqsədyönlü, böyük təşkilatçılıq və səfərbəredici fəaliyyəti, kadrların seçilib-yerləşdirilməsində tələbkarlığı sayəsində doqquzuncu beşillik plan respublikamızda vaxtından əvvəl yerinə yetirildi. Ölkədə ilk dəfə olaraq Azərbaycan SSR 1975-ci il sentyabrın 10-da ümumi sənaye istehsalı üzrə doqquzuncu beşillik planı yerinə yetirmişdi. 
Heydər Əliyevin böyük təşkilatçılığı və rəhbərliyi altında, 1971–1975-ci illərdə xalq təsərrüfatının bütün sahələrində əməyin səmərəli təşkili, 1976–1980-ci illərdə planların vaxtından əvvəl yerinə yetirilməsi üçün möhkəm baza yaradılmışdı. 1978-ci ildə ümumi məhsul istehsalı 1980-ci ilə nəzərdə tutulan səviyyəni ötmüşdü. 
1970–1985-ci illər Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Bu dövrdə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan kompleks inkişaf planlarının həyata keçirilməsi respublikamızın tarixində misli görünməmiş dəyişikliklərlə, yüksəlişlə nəticələnmişdir. Bu faktı qeyd etmək kifayətdir ki, doqquzuncu və onuncu beşilliklər ərzində 1945-ci ildən 1970-ci ilə qədər dövrdəkinə nisbətən daha çox məhsul istehsal edilmişdi. Müharibədən sonrakı dövrdə ilk dəfə olaraq, doqquzuncu və onuncu beşilliklər üçün xalq təsərrüfatının inkişaf planları vaxtından əvvəl yerinə yetirilmişdi. Bunun nəticəsində əvvəllər bütün əsas göstəricilər üzrə Ümumittifaq səviyyəsindən geri qalan Azərbaycan tezliklə keçmiş ittifaqın ən inkişaf etmiş respublikalarından birinə çevrilmişdi. 
1969–1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı 2 dəfə artmışdı. 14 ildə istehsal olunmuş sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Kənd təsərrüfatında əmək məhsuldarlığı 1,8 dəfə artmışdı. İstehsal olunan məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artmışdı. İqtisadiyyatda köklü struktur və keyfiyyət dəyişiklikləri baş vermişdi, tərəqqinin və yüksəlişin təməli qoyulmuşdu. 
O illərdə respublikamızın sənayesi nəinki keçmiş ittifaqın bütün respublikalara, hətta bir sıra inkişaf etmiş xarici ölkələrə nisbətən də daha yüksək sürətlə inkişaf edirdi. Sənayenin orta illik artımı 7,9 faizə yüksəlmişdi. Təkcə 1982-ci ilin iki günü ərzində, bütünlükdə, 1920-ci ildəki qədər məhsul buraxılırdı. Sənaye müəssisələrinin, yaşayış binalarının, mədəni-məişət obyektlərinin tikilib istifadəyə verilməsi sosial-iqtisadi tərəqqinin yüksək mərhələsinə çatmışdı. 1970–1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmişdi. Elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıqlar və i.a mütərəqqi sənaye sahələri həmin dövrdə yaranmışdı. 
Əgər XIX əsrdən 1969-cu ilədək (təxminən, 100 il ərzində) Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərliyi ilə 14 ildə onların sayı 1048-ə çatdırılmışdı. Əsas istehsal sahəsi olan neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi inkişaf etdikcə Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilirdi. 1982-ci ildə kimya və neft-kimya sənayesinin, maşınqayırma və metal emalının, yüngül və yeyinti məhsulları sənayesinin xüsusi çəkisi sənayenin strukturunda 1913-cü ildəki 14,8 faizə qarşı 75,6 faiz təşkil edirdi.
Bütün əsrlər boyu qədim əkinçilik diyarı kimi tanınmış Azərbaycan Heydər Əliyevin rəhbərliyi dövründə nəhəng aqrar-sənaye respublikalarından birinə çevrilmişdi. Meliorasiya və irriqasiya sahəsində mühüm tədbirlər həyata keçirilir, aqrotexniki qaydalar sürətlə təkmilləşir, taxılın, pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa kənd təsərrüfatı məhsullarının artımı ildən-ilə nəzərəçarpacaq dərəcədə yüksəlirdi. 
Heydər Əliyevin təşəbbüsü ilə 70–80-ci illərdə ucqar rayon mərkəzlərində, müxtəlif bölgələrdə respublika əhəmiyyətli obyektlər tikilmiş, iş yerləri açılmışdı. Bunun nəticəsində respublikada ən kəskin problemlərdən biri olan əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi təmin edilmişdi. 
1970–1985-ci illərdə Azərbaycanın paytaxtı Bakı şəhərinin inkişaf etdirilməsi və abadlaşdırılması nəticəsində onun görkəmi dəyişmişdi. Yeni binalar, mədəniyyət obyektləri tikilmiş, 14 ildə yaşayış evlərinin tikintisi geniş həcmdə həyata keçirilmişdi. Bu illərdə tikilən yaşayış binaları bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi. 14 ildə respublika əhalisinə 376,1 min yeni mənzil verilmişdi. Bu Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə təzə mənzillə təmin edilməsinə imkan yaratmışdı. Orta və kiçik şəhərlərdə, kənd yerlərində əlavə iş yerləri açılması hesabına fəhlə, qulluqçu və kolxozçuların orta illik sayı 813 min nəfər, yaxud 1,5 dəfə artaraq 1985-ci ildə 2 milyon 360 min nəfərə çatmışdı. 
Azərbaycan sənayesinin inkişafında elmi-texniki tərəqqinin nailiyyətləri geniş tətbiq olunaraq 1971–1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. 1050 adda mühüm sənaye məhsulunun 2519 mexanikləşdirilmiş axın xətti, 73 elmi-istehsalat və istehsalat birlikləri yaradılmışdı ki, bunların da tərkibində 264 iri müəssisə vardı. Prezident Heydər Əliyev sonralar göstərirdi ki, Azərbaycan 1970–1985-ci illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı və s. istehsalı üzrə Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Ölkəmizdə buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. 
Ümummilli lider Heydər Əliyev 1970–1985-ci illərdə Azərbaycanda yaradılan maddi-texniki bazanı, möhkəm iqtisadiyyatı müstəqil Azərbaycan Respublikasının gələcək quruculuq işləri üçün təməl, bünövrə hesab edir və yüksək qiymətləndirirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha da dərindən inteqrasiya olunması hələ 1970--1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”. 
Heydər Əliyev bütün fəaliyyəti dövründə həmişə Azərbaycan xalqının dilinin, mənliyinin, milli şüurunun, milli mentalitetinin qorunması və inkişaf etdirilməsinin də keşiyində durmuş və bu sahədə çalışanların əməyinə yüksək qiymət vermişdi. 
Azərbaycan SSR Heydər Əliyevin rəhbərliyi ərzində SSRİ-də qabaqcıllar sırasında idi. Hər il keçici qırmızı ­bayraqla təltif edilirdi. Heydər Əliyevin özü isə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 24 avqust tarixli fərmanı ilə Lenin ordeni və “Oraq və çəkic” qızıl medalı təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanının qızıl medalını təqdim edərkən L.İ.Brejnev onun böyük fəaliyyətini və rəhbərə xas olan zəruri keyfiyyətlərini göstərmiş və qeyd etmişdi ki, “Siz Heydər Əliyeviç, Azərbaycan zəhmətkeşlərinin qazandığı yaxşı və yüksək nəticələrə böyük hədiyyənizi vermiş və vaxtı çatmış böyük vəzifələrin həll edilməsi üçün olan çatışmazlıqların aradan qaldırılmasında da az iş görməmişsiniz. Buna görə də təltif olunursunuz, layiqli təltifdir”.
Beləliklə, 1970–1982-ci illərdə Azərbaycan böyük inkişaf yolu keçdi. Respublikanın rəhbəri, Sov. İKP MK Siyasi bürosu üzvlüyünə namizəd Heydər Əliyev həm də SSRİ-nin görkəmli rəhbərlərindən biri kimi sovetlər ölkəsində və dünyada geniş tanındı. 1992-ci ildə isə Azərbaycanın qüdrətli lideri Sov.İKP MK Siyasi bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. 
Ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70–80-ci illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da respublikanın gələcəyi, müstəqilliyi haqqında düşünürdü. Azərbaycanın müstəqil yaşaması, mövcudluğu üçün böyük imkanlara malik olduğuna tam əmin idi. Qeyd etmək lazımdır ki, o, respublikanın sosial-iqtisadi, milli-mədəni inkişafını yüksək səviyyədə təmin etməklə məhz bunun gələcəkdə əsas təməl olacağını nəzərdə tuturdu. Müstəqil dövlətimizin lideri kimi Heydər Əliyev çıxışlarının birində göstərmişdi ki, “Mən keçmişdə də Azərbaycanın gələcəyi, müstəqilliyi haqqında düşünərkən və Sovet İttifaqı dağılan zaman bu barədə öz fikrini qəti bildirərkən Azərbaycanın müstəqil yaşaması üçün tam imkanı olduğu barədə fikirlərini deyərkən, eyni zamanda, zəngin yeraltı sərvətlərimizlə, neft-qaz yataqlarımızla və başqa mədənlərimizlə bərabər, böyük sənaye potensialı ilə bərabər, geniş aqrar sektorda, kənd təsərrüfatı sahəsində, ərzaq məhsulları istehsalı sahəsində də Azərbaycanın böyük potensialını həmişə nəzərə alırdım”. 
1969–1982-ci illərdə Azərbaycanın inkişaf tarixinin dinamikası belə bir fikri təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızın müstəqil dövlət quruculuğuna aparan yol olmuşdur. Heydər Əliyevin böyük əməyinin nəticəsində həyata keçirilən dəyişikliklərin həcminə, ictimai-iqtisadi islahatların səciyyəsinə görə ötən əsrin 70–80-ci illəri Azərbaycanın tarixində ən parlaq səhifələr təşkil etmişdir. 
Həqiqi xalq lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə başlanan iqtisadi inkişaf, sosial-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının gerçəkləşməsinə hərəkətverici qüvvə kimi mühüm zəmin yaratmışdı.Nəhayət, 80-ci illərin sonu-- 90-cı illərin əvvəlində müstəqillik uğrunda mübarizənin yüksəlişi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi canlanma və milli mübarizlik ruhunun təşəkkülü nəticəsində mümkün olmuşdu. 
Yaxın tarixə obyektiv və sistemli baxış göstərir ki, 1970--1985-ci illər Azərbaycanın quruculuq tarixinin ən məhsuldar, işıqlı səhifələri olmuşdur. Həmin vaxtda yaxın və uzaq gələcəyə yönələn, müstəqilliyə yol açan, mütərəqqi ənənələrə söykənən inkişaf strategiyası müəyyənləşdirilmiş və uğurla həyata keçirilmişdir. Heydər Əliyevin müdrik siyasəti nəticəsində 14 il ərzində respublikada yaranmış güclü sosial, iqtisadi və intellektual potensial Azərbaycanın müstəqilliyi üçün mühüm zəmin yaratmışdı. 
Bu gün qətiyyətlə deyə bilərik ki, müstəqilliyə gələn yolumuzu işıqlandıran qüdrətli və bütöv şəxsiyyət hələ o zaman gələcəyə aydın baxan, həyatın sərt, çətin sınaqlarına sinə gərən, ən çətin şəraitdən də maksimum düzgün çıxış yolu tapan, daim xalqı ilə yaşayan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən ümummilli lider Heydər Əliyev olmuşdur. Müasir Azərbaycan dövlətinin inkişafı məhz həmin illərdə yaradılmış bünövrə üzərində qurulub və bu gün ulu öndərin ən layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi altında hərtərəfli yüksəliş və tərəqqi səviyyəsində uğurla davam edir. 

 

İradə HÜSEYNOVA, 
BDU-nun kafedra müdiri,
tarix elmləri doktoru, professor Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

 

 

13 2019 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə