Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsrlərə bərabər yarım əsr

Heydər Əliyev dövrü öz tutumuna və siqlətinə görə Azərbaycan tarixinin bütöv bir mərhələsi, epoxasıdır. Özünün bütün ­obyektiv və subyektiv çalarları, istisnaları, təzadları ilə. ­Taleyüklü məqamları, dövlətçilik uğrunda barışmaz mübarizəsi, ­ümummilli qayə və mündəricəsi ilə... 
Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini düzgün ifadə etmək bir qədər çətindir. Ancaq, heç şübhəsiz, dövlətçilik, idarəetmə, beynəlxalq siyasət və siyasətşünaslıq haqqında yazılacaq nüfuzlu kitabların müntəxabatı məhz Heydər Əliyev irsindən qaynaqlanacaqdır.
Bu gün biz yeni Azərbaycanın həqiqi müstəqilliyini onun üçün fəth etmiş Heydər Əliyev haqqında danışarkən ən müxtəlif aspektlərdən yanaşmalı oluruq: bir hakimiyyət ustadı kimi, dövlətcil məmur, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini dərin məhəbbətlə sevən insan kimi… Və maraqlıdır ki, Heydər Əliyevlə bağlı hər hansı bir ampluasında bəhs etsən də, analogiya gətirə bilmirsən. O, müqayisəyə əl yeri qoymayan, şans buraxmayan şəriksiz və alternativsiz şəxsiyyətdir.

 

Bu gün siyasi baxışlarından asılı olmayaraq, obyektivlik hissini itirməyən hər bir azərbaycanlı müasir Azərbaycan dövlətinin qurucusunun Heydər Əliyev olduğunu etiraf edir. Zəngin mənəviyyata və dünyagörüşünə, konkret həyat amalına malik şəxsiyyət olan ulu öndər dövrünün problemlərinə əsl vətəndaş təəssübkeşliyi ilə yanaşmış, xalqının nicatına, təminatlı gələcəyinə xidmət edən savab əməllərin sahibinə çevrilmişdir. Məhz tarixi ədalət naminə bir zəruri qeydə ehtiyac vardır ki, Azərbaycanın müstəqilliyinin təməli 1991-ci ilin siyasi hadisələri ilə deyil, yarım əsr əvvəl qoyulmuşdu. Hələ Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşməsinə baxmayaraq Heydər Əliyev heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, təfəkkürü, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdi. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. 

Tarixi şərait və zərurət amili 

O kəs dahidir, o kəs mütəfəkkir hesab oluna bilər ki, sıradan təqvim gününü, normativ statistikanı tarixə, salnaməyə çevirməyi bacarır. Heydər Əliyev bu cür nadir şəxsiyyətlərdən idi. 
Ümumiyyətlə, tarixi şəxsiyyətlərdən və tarixi hadisələrdən bəhs edərkən, öncə, həmin dövrün ab-havasına, cəmiyyətin üzləşdiyi və uzlaşdığı problemlər şəridinin təbiətinə, müxtəlif tipli – ictimai-siyasi, iqtisadi, sosiomədəni və s. münasibətlərin konfiqurasiyasına nüfuz etməli olursan. 
Azərbaycanın geopolitik taleyi elə gətirib ki, bəlkə də buna gətirməyib desək, daha doğru səslənərdi, bu ölkəyə həm çar Rusiyası, həm də 17-ci il inqilabından sonra ADR-in hakimiyyətdə olduğu 23 ay istisna olmaqla rus millətinin nümayəndələri rəhbərlik ediblər. 1933-cü ildən bəri respublikaya Mircəfər Bağırov (1933-1953), İman Daşdəmirov (1953-1959) və Vəli Axundovun (1959-1969) timsalında etnik azərbaycanlılar başçılıq etmişlər. Ayrı-ayrılıqda onların hər birinin fəaliyyətinə zaman öz təshihlərini etsə, möhürünü vursa da, həmin siyasi rəhbərlik dövrü ölkənin inkişafına müsbət töhfəsini verə bilməmişdir. 
Hələ Sov. İKP MK-nın 1966-cı il tarixli plenumunda respublikadakı vəziyyətdən narahatlığını dilə gətirən L.İ. Brejnev Siyasi Büroya xitabən soruşurdu ki, yəni Bakıda bir layiqli, bacarıqlı təşkilatçı yoxdurmu ki, respublikanı çəkib aparsın?!
1996-cı ildə V. Axundovun anadan olmasının 80 illiyinə həsr olunmuş yığıncaqda iştirak edən Heydər Əliyev 60-cı illərdə müəyyən uğurların qazanıldığını qeyd etməklə yanaşı, bütövlükdə tarixi etibarilə mürəkkəb dövr olduğunu, respublikanın xalq təsərrüfatı, sənaye, kənd təsərrüfatı, sosial-mədəni inkişaf sahəsində xeyli gerilədiyini diqqətə çatdırmışdı. 
Həmin illərdə dövlət təhlükəsizlik orqanlarında çalışan Heydər Əliyev ölkədə baş verənləri müşahidə edirdi, vəziyyətin mürəkkəb və kritik olduğu, günü-gündən daha da pisləşdiyi barədə səhih və geniş məlumata malik idi. Və bunun bir səbəbini də idarəetmədə çox vacib halqa, element sayılan komanda anlayışının olmamasında görürdü; yuxarı eşelonda birinci katib postu uğrunda açıq və gizli mübarizə şiddətlənirdi, respublikada rüşvətxorluq və korrupsiya baş alıb gedirdi. SSRİ məkanında Azərbaycanın adı Gürcüstanla yanaşı çəkilirdi.
Heydər Əliyevin güc strukturlarından birinin rəhbəri kimi belə vəziyyətə görə ürəyi yansa da, bəzi məsələlər onun səlahiyyəti daxilində deyildi. DTK-nın gənc sədrinin ağlına belə gəlmirdi ki, nə vaxtsa respublika kommunistlərinin başçısı seçilə bilər. Çünki konkret protokol mövcud idi: adətən, həmin vəzifəyə Ali Sovetin Rəyasət Heyətinin sədri, MK katiblərindən biri, nadir halda Nazirlər Sovetinin sədri seçilərdi. 
Lakin rəsmi Moskva partiya rəhbərliyini dəyişmək barədə qəti qərara gəlmişdi və bununla bağlı müxtəlif kreaturaları nəzərdən keçirirdi. Həmin namizədlərdən biri də respublika təhlükəsizlik orqanının rəhbəri, general Heydər Əliyev idi.
Onun namizədliyi kuluarlarda, Kremlin hakimiyyət dəhlizlərində bir çox fərziyyələri qidalandırsa da, nəticə etibarilə hamı belə bir yekdil rəyə gəlirdi ki, Heydər Əliyev gəncdir, qətiyyətlidir, neqativ hallara qarşı barışmazdır və respublikadakı vəziyyəti yaxşı bilir. Bir sözlə, partiya işçisi üçün tələb olunan bütün keyfiyyətlər onda var. 

Dönüş nöqtəsi

1969-cu il. Zəngin təbii ehtiyatları, insan resursları olan Azərbaycan xalq təsərrüfatı və sənayenin bütün sahələri üzrə geridə qalaraq Sovet İttifaqının ucqar və aqrar məntəqəsinə çevrilmişdi. Daha yaxşı yaşamağı haqq etmiş xalqın yeni liderə ehtiyacı vardı. Moskva çox ciddi götür-qoy edir, ortalıqdakı namizədlərin “delo”larını az qala zərrəbinlə araşdırırdı. 
Gözlənilən gün gəlib yetişdi. İyul ayının 14-də Azərbaycan KP MK-nın XVI plenumu işinə başladı. Kvorum çox çətin yığıldı ki, bu da həm partiya intizamının axsadığının, həm də güclü fraksiyalaşma olduğunun daha bir əyani nişanəsi idi. Kremlin bir çox namizədlə maraqlandıqdan sonra Heydər Əliyevin namizədliyi üzərində dayandığını nəzərə çatdıran Sov. İKP MK katibi İ.V. Kapitonov onun yaxşı təşkilatçı olduğunu, insanlarla dil tapmağı, işləməyi bacardığını, özünə və tabeliyindəkilərə qarşı tələbkar olduğunu, respublikanın həyatında deputat kimi yaxından iştirak etdiyini, eləcə də digər müsbət keyfiyyətlərini diqqətə çatdırdı. Sov. İKP MK Siyasi Bürosunun və Azərbaycan KP MK bürosunun Heydər Əliyevin namizədliyini irəli sürdüyünü bildirdi. Beləliklə, Heydər Əliyev yekdilliklə respublika kommunistlərinin lideri, faktiki olaraq ölkənin başçısı seçildi. 
Heydər Əliyev çıxış edərək yüksək etimada görə təşəkkürünü bildirdi. Bütün qüvvəsini səfərbər edəcəyinə söz verdi və gələcək uğurların rəhninin, qarantının birgə, əlbir fəaliyyətin nəticəsi olduğunu bildirdi.
Amma salondakıların əksəriyyəti “küləyin haradan əsdiyinin” fərqində idilər. Çünki yeni katib ən azı DTK-nın sədri kimi respublikada kimin necə işlədiyini, nə ilə “nəfəs aldığını” çox gözəl bilirdi. 
Doğrudan da, Heydər Əliyev respublikadakı vəziyyət, problemlər barədə dəqiq və müfəssəl məlumata malik idi. Vəziyyət isə dözülməz idi demək, bəlkə də heç nə deməməyə bərabərdi. İstisnasız olaraq bütün sahələr üzrə köklü, bəzi hallarda isə radikal islahatlara ehtiyac vardı. 
Çox yox, haradasa 20 gün sonra – Mərkəzi Komitənin tarixi 5 avqust plenumunda, uzun illərdən bəri Azərbaycanın “yaxasından yapışıb” geriyə çəkən, irəliləməyə, inkişaf etməyə qoymayan, həll olunmadıqca bərkiyib qabara çevrilən səbəblər, onların doğurduğu ­neqativ nəticələr, cəmiyyət həyatında kök salmış ictimai bəlalar haqqında çox ciddi və prinsipial söhbət getdi. Ona görə də partiya tarixi, eləcə də Azərbaycan tarixi ilə məşğul olan mütəxəssislər öz tarixi əhəmiyyətinə və mündəricəsinə görə avqust plenumunu iyul plenumundan da üstün sayırlar. 
Doğrudan da, birinci katibin məruzəsi konyunkturdan, qəlibləşmiş sovet-kommunist təfəkkürünün stereotiplərindən uzaq idi. Yeni birinci katib ortaya problemlərin üzünə şax baxmaq, vəziyyətə məsul adamların ad və ünvanını açıq söyləmək nümunəsi, aşkarlıq örnəyi qoydu. Natiq respublikanın qarşısında duran məsələlərə qeyri-standart yanaşma sərgiləyirdi, mövcud situasiyanı dərin təhlil süzgəcindən keçirir, perspektivə hesablanmış cəsarətli planlarından söhbət açırdı. Həmin gün plenumun keçirildiyi Siyasi Maarif evinin salonunda Azərbaycanın bundan sonrakı inkişafının kursu müəyyənləşir, yeni dəyərlər sistemi yaranırdı.
Heydər Əliyev başqalarının nəinki adını çəkməyə, ağlından belə keçirməyə ehtiyat etdiyi korrupsiyadan danışırdı... Özü də SSRİ-də bir kimsənin bu barədə cınqırını belə çıxarmağa ehtiyat etdiyi bir vaxtda. Xalqın sosial-iqtisadi rifahına, güzəranına mənfi təsir göstərən digər neqativ hallardan bəhs edirdi.
Respublika kommunistlərinin başçısı xalq malına xor baxanlara, vəzifə səlahiyyətlərindən sui-istifadə edib hədsiz sərvət toplayanlara, rüşvətxorlara, xəlvəti iqtisadiyyatın himayədarlarına qarşı son dərəcə kəskin, prinsipial və birmənalı mövqe tutmuşdu: Günahkar cəzasını almalıdır!
Heydər Əliyev respublikanın həm ideoloji, həm də iqtisadi həyatına yeni nəfəs, yeni impuls, yeni psixoloji ovqat gətirdi. Və ən əsası da o idi ki, yeni birinci katibin dedikləri və sonradan elədikləri ölkə vətəndaşlarının qəlbinə ümid toxumu səpirdi. İnsanlar inanmağa başlamışdılar ki, tezliklə hər şey yaxşılığa doğru dəyişəcək. Və dəyişdi də.
O, işləyən, çalışqan adamları xoşlayırdı, ələlxüsus, başını aşağı salıb kortəbii şəkildə vəzifəsini icra edənləri deyil, işinə yaradıcı münasibət bəsləyənləri, improvizə etməyi bacaranları, təşəbbüskarları. Beləcə, komanda yarandı, Azərbaycanı İttifaq miqyasında irəli çıxara biləcək işlərin hesabı açıldı.
Bəli, günümüzün həqiqətlərindən boylandıqda bir daha əmin oluruq ki, Heydər Əliyevin milli azadlıq strategiyası öz mənbəyini yaxın keçmişimizdən – 1969-cu ildən götürmüşdür. O, 70-ci illərdə cəmiyyətin inkişaf yolunun üfüqlərində Azərbaycanın müstəqilliyini gördüyündən ölkəsinin iqtisadiyyatını, infrastrukturunu, bütövlükdə düşüncəsini buna hazırlayırdı. Açıq-aşkar olmasa da Heydər Əliyev daxilən böyük bir sistemə qarşı müxalifətdə qalaraq Azərbaycanda milli ruhun təşəkkülünə və inkişafına kömək edirdi. 
Azərbaycan tarix boyu bənzərsiz mədəni irsə, milli ənənələrə, böyük iqtisadi potensiala, zəngin insan resurslarına malik xalq olmuşdur. Lakin mövcud siyasi sistem şəraitində böyük və əzəmətli bir xalq malik olduğu həmin nemətlərdən gözdolusu barına bilmirdi. Yalnız 1969-cu il iyulun 14-də Heydər Əliyevin hakimiyyətə gəlişi milli özünüdərk, soykökə qayıdış, bəşəri dəyərlərə fəal inteqrasiya proseslərinin əsasını qoydu.
1993-cü ildən bəri Azərbaycanın dövlət suverenliyi, iqtisadi müstəqillik, xarici siyasət sahəsində sabitqədəm nailiyyətləri məhz 1970-80-ci illərdə Heydər Əliyevin yaratdığı böyük və ­münbit potensiala əsaslanır.

Dövlət xadimi, ədalət mücahidi

Heydər Əliyev kimi taleyi xalqının taleyi ilə bu qədər yaxından ülfət bağlamış ikinci bir dövlət başçısı təsəvvür etmək çətindir. Dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər onun şəxsində qibtəediləcək kamilliklə əks olunmuşdur: fitri idarəetmə istedadı, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, böyük vətənpərvərlik və yüksək humanizm, qətiyyət və cəsarət, şəfqət və comərdlik, insankeşlik və qədirşünaslıq, ən nəhayət, dövlətçilik və azərbaycançılıq. Ümummilli liderin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada koordinatlarını müəyyən etdi, milli dövlətçiliyimizin ideya əsasına çevrilərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı.
Heydər Əliyev 70-ci illərdə respublikanın təsərrüfat fəaliyyətinə, xalqın əmək nailiyyətlərinə qara yaxmağa çalışanlara belə cavab verirdi: “Mən 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçildim. Səkkizinci beşilliyin dördüncü ili gedirdi. Və aydın idi ki, beşillik planı yerinə yetirmək mümkün olmayacaq. Kadr işində və ideoloji işdə ciddi səhvlər vardı, mənfi hallar geniş yayılmışdı, rəhbər işçilər müxtəlif pozuntulara yol verirdilər. Bu vəziyyət zəhmətkeşləri möhkəm narazı salmışdı. Vəziyyəti köklü surətdə dəyişmək üçün cəsarətli, prinsipial tədbirlər tələb olunurdu. Elə biz də onlardan başladıq. Bütün mənfi hallara qarşı fəal mübarizə genişləndirildi – yeri gəlmişkən, bu istiqamət Azərbaycan KP MK-da işlədiyim bütün dövr ərzində öz aktuallığını qoruyub saxladı. İqtisadiyyatın bütün sahələrində, sosial sahədə, partiya-siyasi işi sahəsində işlərin vəziyyətini özünütənqid baxımından təhlil etdik. İqtisadiyyat sahəsində nə baş verdiyini əyani surətdə təsəvvür etmək üçün mən bir neçə konkret rəqəm üzərində dayanacağam. 1970-1982-ci illərdə 250 yeni müəssisə, istehsalat və sex tikilmişdir. Biz neftayırma sənayesi müəssisələrini tamamilə rekonstruksiya etdik. İri elektron, elektrotexnika, radio-texnika, cihazqayırma sənayesi zavodları tikdik. Nəticədə maşınqayırma məhsulları istehsalı üç beşillikdə 5 dəfədən də çox artdı... 1970-ci ildən başlayaraq Azərbaycanın sənaye və kənd təsərrüfatı orta İttifaq göstəricilərini qabaqlayan sürətlə inkişaf etmişdir. İqtisadi inkişafın əsas ümumi göstəricisi - milli gəlir 1970-1985-ci illərdə 2,6 dəfə çoxalmış, adambaşına milli gəlir isə 2 dəfədən də çox artmışdır”. 
Həmin illərdə 18,5 milyon kvadratmetr yaşayış sahəsi istifadəyə verildi ki, bu da Bakı boyda yeni bir şəhərin mənzil fondu demək idi. Mənzil şəraitini 2 milyon 200 min adam, başqa sözlə desək, respublikanın hər üçüncü sakini yaxşılaşdırdı. 
Bəziləri sonralar Heydər Əliyevin birinci hakimiyyəti illərində hər cür sosial natarazlığa, mənəvi-əxlaqi eybəcərliyə qarşı son dərəcə kəskin çıxış etdiyini, insanların, xüsusilə də müəyyən vəzifə sahiblərinin eybəcər davranışlarına qarşı barışmaz mövqedə durduğunu təftiş etməyə cəhd göstərirdilər.
1999-cu ilin noyabrında ölkə ziyalılarının nümayəndələri ilə görüşündə ulu öndər həmin dövrü xatırlayaraq bunu belə izah edirdi ki, dövlət məmuru, vəzifəli şəxs dəbdəbəli bağ evi tikmək, avtomobil sahibi olmaq üçün mütləq vəzifəsindən sui-istifadə etməli idi: “Mənim bu ciddi tədbirlərim nəyə yönəlmişdi? Azərbaycanda qayda-qanun yaratmağa, rüşvətxorluq, vəzifədən sui-istifadə və korrupsiya ilə mübarizəyə. Bunu Sovet İttifaqında qaldıran mənəm”.
Mübahisəyə əl yeri qoymayan faktdır ki, Azərbaycanı əyalət respublikasından SSRİ-nin bir çox göstəricilərinə görə öncül respublikalarından birinə çevirən məhz Heydər Əliyev olmuşdur. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim, xarizmatik lider idi. Və etiraf etmək lazımdır ki, tarixi hadisə və həqiqətlərin o dövrkü sahmanında Heydər Əliyev kimi kadrlara Mərkəzdə ehtiyac vardı. Bu güclü və güclü olduğu qədər də kirəcləşmiş sistemə yeni nəfəs, yeni qan lazım idi. Və sistem üçün həmin taleyüklü məqamda “donor” qismində məhz Heydər Əliyevin seçilməsi onun fitri dövlətçilik istedadı və idarəçilik qabiliyyətinin növbəti etirafı idi. 
Heydər Əliyev Nazirlər Soveti sədrinin birinci müavini kimi hökumətin işinə yeni impuls verdi. Azərbaycanda işləyərkən qazandığı nüfuz, təcrübə onu digər İttifaq respublikalarının birinci şəxslərindən əhəmiyyətli dərəcədə fərqləndirirdi. Bu fərq o qədər kəskin və əyani idi ki, onu görməmək sadəcə mümkün deyildi. O, özünün tükənməz enerjisi, təşəbbüskarlığı və zəhmətsevərliyi ilə ətrafındakıları, münasibətdə olduğu adamları yaxşı mənada yoluxurdu. Hamı əmin idi ki, hər şeyə qadir birinci müavin rəhbərlik etdiyi sahələri dartıb ətalət yuxusundan ayıldacaq, həmin infrastrukturlarda davamlı və dinamik inkişafın bazasını yaradacaqdır. Bu, belə də oldu. 
Heydər Əliyev böyük bir dövlət adamı kimi anlayırdı ki, xeyirxah əməllərin cücərə biləcəyi zəhmət tarlası yalnız ədalətlə suvarıldıqda bol məhsul verə bilər. Buna görə də ədalət anlayışına münasibəti çox həssas və prinsipial idi. Bilirdi ki, ədalət həm mənəvi-estetik kateqoriyadır, həm fəlsəfi anlayışdır, həm də idarəetmə sənətinin vazkeçilməz imperativlərindən biridir. Bu səbəbdən ədalət kateqoriyası onun idarəçilik fəlsəfəsinin əsas aparıcı qayəsinə, leytmotivinə, kulturoloji təməlinə çevrilmişdi. 
Həmin 70-ci illərdə cəmiyyət həyatındakı çoxsaylı müsbət dəyişiklikləri Heydər Əliyev dahi Nizaminin “Qoy ədalət zəfər çalsın!” sözlərini sitat gətirərək həyata keçirirdi. Həmin ədalətin carçısı, daşıyıcısı və bayraqdarı isə ilk növbədə onun özü idi.
Elə Heydər Əliyevin üç onillik hakimiyyət həyatı ən yüksək amala – sosial ədalətin bərpasına xidmət etmişdir. Bu mənada onun 1993-cü ildə Rusiyanın “Sobesednik” qəzetinin müxbiri ilə mükaliməsi diqqətəlayiqdir. Jurnalistin – Siz kommunist ideallarına inanırdınız. Bu gün nəyə inanırsınız? – sualına o, belə cavab vermişdi: “Haqq-ədalətə. Mən ki, qayıtmışam, deməli, təcrübəm, zəkam, biliyim adamlara lazım olmuşdur. Deməli, dünya xali deyil, haqq-ədalət var”.
Ölkədə milli ruhun yüksəlişini şərtləndirən əsas amillərdən birinin anadilli təhsil olduğunu bilən Heydər Əliyevin rəhbərliyi altında 1969–1982-ci illərdə respublikada yüzlərlə uşaq bağçası, məktəb tikilib istifadəyə verildi, ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə çatdırıldı. Gələcəkdə ölkəsinin müstəqil olacağını görən dövlət başçısı milli hərbi kadrların hazırlanması məqsədilə hələ 30 il əvvəl C.Naxçıvanski adına hərbi liseyin əsasını qoydu. Xalqımızın böyük oğlu Nəriman Nərimanovun şərəfli adının bərpa edilməsi birbaşa Heydər Əliyevin hünəri ilə bağlıdır.
Azərbaycanın yazıçı və şairlərinin, rəssam və incəsənət xadimlərinin yubileylərinin İttifaq miqyasında anılması, sənaye və xalq təsərrüfatına aid strateji müəssisələrinin ölkəmizdə qurulması bu “müsəlman” respublikasına olan maraq və önəmin artdığından soraq verirdi. 
Sonralar, Qorbaçov hakimiyyətinin bərqərar olduğu dövrdə, Heydər Əliyevin həyatı bir qədər təlatümlü keçdi. İllərlə ürəklərdə mürgü döyən xəbislik, xılt, qısqanclıq sanki vulkan kimi püskürüb onun yollarını qapadı. Görünəni bu idi ki, Qorbaçov Əliyevi “həzm” edə bilmir və yeni Baş katib illərlə onu təqib edərək az qala kompleksə çevrilmiş bu məngənədən, nəhayət ki, qurtulduğuna sevinərək Əliyevə qarşı sərt, amansız və ədalətsiz mövqe tutdu. 
Lakin Heydər Əliyev də ona qəti və kişi cavabını verə bildi. Sov. İKP MK-nın sonuncu plenumunda (1989-cu il aprel) Heydər Əliyev SSRİ prezidenti M.S. Qorbaçovun üzünə deyirdi: “Heydər Əliyevə nöqtə qoymağa tələsməyin. Mən hələ son sözümü deməmişəm. Siz hələ mənim barəmdə eşidəcəksiniz”.
Bəli, tarix “öz evində” səliqə-sahmanı xoşlayır. Qısa bir zaman məsafəsi, təxminən beş-altı il tələb olundu ki, kimin kim olduğunu ortaya qoysun. Heydər Əliyev bədxahlarının külləri üzərində qayıtdı. Çünki o, zorən deyil, fitrətən siyasətçi idi, dövlət xadimi idi, bu elmin düsturunu, müntəxəbatını yazıb-yaradanlardan biri idi. 
Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. 
Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu və bu gün onun praktiki nəticələri göz önündədir. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək yolunun bərpası, transmilli nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi, Qərbin enerji təhlükəsizliyinə töhfəsini verən neft-qaz kəmərinin çəkilişi Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir.
“Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. – Qanına, iliyinəcən vətənpərvər şəxsiyyət olan Heydər Əliyev belə deyirdi və onun millət qarşısında ən böyük tarixi xidmətlərindən biri də məhz güclü və nüfuzlu Azərbaycan dövlətini qurmasıdır. 
Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilsinlər. Ulu öndər Heydər Əliyev də Azərbaycanın getdiyi yolun üfüqlərində onun müstəqilliyini görən belə dahilərdən idi. 
Gəncliyində memar olmaq istəmişdi Heydər Əliyev... tale isə bir binanın deyil, məhz bütöv bir dövlətin, onun müstəqilliyinin memarına çevrilmək qismətini yazdı bəxtinə.
 * * *
Ulu öndər Heydər Əliyev vicdanlı, şərəfli, comərd, ləyaqətli bir kişi ömrü yaşadı. Bu ömrün səhifələri nəslimizin mənəvi boyartımının güzgüsü olmağa layiq və qadirdir. Bu ömür tarixə cahanşümul sərkərdələr, filosoflar, söz xiridarları bəxş etmiş bir millətin son yarım əsrdə gəldiyi keşməkeşli yolun əxlaq kodeksi, mənəviyyat əlifbası, ləyaqət aynası olmağı bacardı. 
XIX əsrin böyük filosoflarından K. Marks deyirdi ki, əgər insan yalnız özü üçün çalışırsa, o, görkəmli alim, müdrik şəxs, istedadlı şair ola bilər. Ancaq ondan heç vaxt mükəmməl və dahi insan çıxmaz. 
Bu mənada XX yüzilin müqtədir filosof-mütəfəkkiri və dövlət xadimi Heydər Əliyevin fəaliyyət manifestinə çevrilmiş etirafları əlamətdar səslənir: ”Mən bütün həyatımı Azərbaycana, xalqıma həsr etmişəm... Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram!”

 

Xalid NİYAZOV,
Əməkdar jurnalist

 

13 2019 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə