Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident Administrasiyasının şöbə müdiri Böyük Britaniyanın Müdafiə Tədqiqatları üzrə Kraliyyət Kollecində olub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın  Müdafiə Tədqiqatları üzrə Kraliyyət Kollecinin (RCDS) rəis əvəzi və Durham Universitetinin professoru Deyvid Eleri ilə görüşüb.
Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və Silahlı Qüvvələrimizin bu ölkədəki hərbi attaşesi də iştirak ediblər.
Görüş zamanı D.Eleri kollecin tarixi və hazırkı fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin Azərbaycanın Müdafiə Nazirliyi ilə həyata keçirilən hərbi təhsil əməkdaşlığından bəhs edib.  Rəhbərlik etdiyi dinləyici qrupunun Azərbaycana faydalı və informativ səfərini məmnuniyyətlə dilə gətirən professor, eyni zamanda, kollecdə təhsil alan azərbaycanlı zabitlərin göstərdiyi nəticələrdən razı qaldıqlarını bildirib. O,  Hikmət Hacıyevin bu ziyarətinin ikitərəfli hərbi münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Daha sonra, D.Eleri ADA Universiteti ilə Durham Universitetinin gələcəkdə kadr hazırlığı və digər sahələrdə əməkdaşlığını özündə ehtiva edən anlaşma memorandumu layihəsinə hazırda Durhamda baxıldığını, məsələ ilə bağlı müsbət nəticəni cari ilin sonunadək gözlədiklərini diqqətə çatdırıb. 
H.Hacıyev iki ölkə arasındakı əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində uğurlarından bəhs edərək  bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Görüşdə, həmçinin ölkəmizdə aparılan islahatlar çərçivəsində RCDS ilə Azərbaycanın Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Elmi Tədqiqatlar Mərkəzi arasında kadr hazırlığı sahəsində mümkün gələcək əməkdaşlıq imkanları müzakirə mövzularından biri olub.
Görüşün sonunda  xatirə şəkli çəkdirilib.

 

Aynurə TAĞIYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
London

13 2019 23:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə