Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Fransa münasibətləri strateji səviyyəyə yüksəlir

Bu gün nəinki Avropanın, heç dünyanın da siyasi, iqtisadi və mədəni həyatını Fransasız təsəvvür etmək mümkün deyil. Bu ölkə təkcə bəşər tarixində, onun hərbi-siyasi həyatında deyil, eyni zamanda, iqtisadi həyatında da güc mərkəzi kimi seçilməkdədir. Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin “böyük yeddiliyi”nə daxildir. O, dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ümumi daxili məhsulunun 5 faizini və dünya ticarətinin 6 faizini formalaşdırır. Fransa Rusiya və Ukraynadan sonra ərazi baxımından Avropanın ən böyük ölkəsidir.

 

Hər il iyulun 14-də fransız xalqı öz ölkəsinin milli bayramını – Bastiliya qalasının alınması gününü təntənə ilə qeyd edir. Təbii ki, bu bayram Fransa ilə isti münasibətlərə malik olan Azərbaycanda da qeyd olunur. Təsadüfi deyil ki, bu gün Azərbaycanın xarici siyasətində Fransa önəmli yer tutur. Xüsusilə Avropaya inteqrasiya prosesində bu ölkənin əhəmiyyətli rolunu nəzərə almaq lazımdır. O, Avropada ümumi iqtisadi göstəricilərinə görə Almaniyadan sonra ikinci yerdə durur.
Cənubi Qafqaza həmişə ciddi fikir verən rəsmi Paris 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıdı. Belə bir qərarı Türkiyədən sonra ikinci qəbul edən Fransa 1992-ci il fevralın 21-də Azərbaycan ilə diplomatik münasibətlər qurdu, martın 19-da isə Bakıda öz səfirliyini açdı. Avropanın siyasi, iqtisadi, mədəni həyatında mühüm rol oynayan Fransa ilə Azərbaycanın diplomatik münasibətləri hələ 1918-ci ildə – Azərbaycan Xalq Cümhuriyyəti elan olunduğu vaxtdan formalaşıb.
O dövrdən etibarən dövlət və hökumət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin ildən-ilə güclənməsinə müsbət təsir göstərmişdir. 1993-cü ildə Azərbaycanın yeni dövlət başçısı, Prezident Heydər Əliyev xarici ölkələrə ilk rəsmi səfərini məhz Fransadan başladı. 
Azərbaycan–Fransa tərəfdaşlığı Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərlik etdiyi müddətdə daha da dərinləşdi. Prezident İlham Əliyev də ilk xarici və rəsmi səfərini Fransaya etdi. Bu cür siyasi gedişlər Azərbaycanın xarici siyasət kursunda Fransaya böyük önəm verildiyini göstərirdi. Ötən illərin müsbət ənənəsinin davamı olaraq Prezident İlham Əliyevin 2018-ci ilin iyulunda Fransaya rəsmi səfəri səmərəli və məhsuldar oldu. Səfər zamanı 2,3 milyard dollarlıq sazişlər imzalandı. Həmçinin səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli işgüzar görüşlər keçirildi.
Fransa 1995-ci il martın 23-də ATƏM-in (sonralar ATƏT) Budapeşt sammitində Rusiya və ABŞ ilə yanaşı, Minsk qrupunun həmsədri oldu və ona münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyası həvalə edildi.
Azərbaycan 2009-cu ildə daxil olduğu “Şərq Tərəfdaşlığı’’ proqramı çərçivəsində Avropa ilə fəal dialoq aparmağa başladı. Bu işdə Fransa xüsusi önəm kəsb edirdi. 2014-cü ilin may və 2015-ci ilin aprelində Bakıya rəsmi səfərlər edən Fransa Prezidenti Fransua Olland ilə Prezident İlham Əliyev arasında görüş səmimi və konstruktiv xarakter daşıdı.
Ötən dövr ərzində çoxtərəfli beynəlxalq qurumlar çərçivəsində, xüsusilə də NATO strukturları ilə geniş əlaqələr qurulmuşdur. 2011-ci ildə Azərbaycan bu qurumla əməkdaşlıq barəsində üçüncü fərdi fəaliyyət planını təsdiq etmiş və xaricdəki sülhməramlı əməliyyatlara (Kosova, Əfqanıstan) dair öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməkdə davam edir.
İki ölkə arasında münasibətlərin belə yüksək səviyyəyə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin də özünəməxsus rolu olub. Fondun prezidenti, Birinci vitse-prezident ­Mehriban Əliyeva bu əlaqələri daim diqqət mərkəzində saxlayır, öz fəaliyyəti ilə ölkələrarası münasibətlərə töhfə verib. Eyni zamanda, Milli Məclisdə Azərbaycan–Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu səmərəli fəaliyyət göstərir. Onun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadır. 2019-cu il martın 11-də birinci vitse-prezident 
Mehriban Əliyevanın Fransaya növbəti səfəri qarşılıqlı münasibətləri yeni səviyyəyə qaldırdı.
Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələri bərpa olunub. Buna misal olaraq Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin, Strasburqda XV əsrə aid kafedralın beş vitrininin bərpasını, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasını göstərmək olar.Bu istiqamətdə artıq bir sıra konstruktiv addımlar atılmışdır. İki ölkə arasında münasibətlərə hüquqi baza yaratmaq məqsədilə artıq 42 sənəd imzalanmışdır.
Hazırda qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri olan Fransanın Azərbaycanla əməkdaşlığının daha da dərinləşməsinə, respublikamızın Avropa strukturlarına dinamik inteqrasiyasına marağı daha da artıb. Həmçinin Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycan ilə telekommunikasiya, şəhərsalma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlığı getdikcə möhkəmlənir.
Son illər ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollar təşkil etmişdir. Azərbaycanda həm səhmdarlar, həm də tədarükçülər qismində 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Azərbaycana əmtəə ixrac edən ölkələr arasında Fransa ilk onluğa daxildir.
Fransanın Azərbaycana göndərdiyi ixracat məhsulları daha geniş sahələri əhatə edir. Bunlar əsasən təchizat avadanlıqları, informatika və elektronika məmulatları, sənaye və kənd təsərrüfatı avadanlıqları, digər sənaye məhsulları – məsələn, kimya, kosmetika və metal məmulatlardan ibarətdir. Fransız müəssisələri bank, elektrik enerjisi və ətraf mühitin mühafizəsi və istehlak malları bölmələrində fəaliyyət göstərir.
Azərbaycanın Fransa ilə infrastruktur, nəqliyyat, ictimai nəqliyyat, metro, dəmir yolu nəqliyyatı, suyun idarə edilməsi və bu sektorlara investisiyaların yatırılması sahəsində geniş əməkdaşlığı mövcuddur. Xüsusilə nəqliyyat, ərzaq-yeyinti, mehmanxana, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar, telekommunikasiya və s. sahələrdə iqtisadi əlaqələr qurulmuşdur.
Fransız müəssisələri neft və neft məhsulları sənayesində daha yaxından iştirak edir, onlar həmçinin Bakı–Tbilisi–Ceyhan neft kəmərini idarə edən konsorsiuma daxildir. “Total” şirkəti bu konsorsiumun 5 və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin 10 faizinə sahibdir. 2009-cu il fevralın 27-də “Total” şirkəti Xəzərin Azərbaycan sektorunda “Abşeron” strukturunun birgə kəşfiyyatı və işlənilməsinin əsas prinsipləri haqqında fransızlarla müqavilə imzalayıb (“Total”ın iştirak payı 40 faiz). 
2013-cü ildə “Şahdəniz” layihəsi ilə bağlı XXI əsrin kontraktı imzalanıb. Burada Avropa İttifaqı - Azərbaycan əlaqələrinin əhəmiyyəti ön plandadır. Bu layihə Avropanın ən böyük infrastruktur layihəsi olmaqla oraya qoyulacaq sərmayənin həcmi təqribən 45 milyard dollar təşkil edir. 
İki ölkə arasında ətraf mühitin çirklənməsinə qarşı mübarizə sahəsində də əməkdaşlıq genişlənir. Fransanın CNİM şirkəti Bakıda zibil emalı zavodunun tikintisi və zavodun 20 il ərzində istismarı barədə müqavilə imzalayıb.
Hazırda dünyanın potensial qaz ixracatçıları sırasında mövqeyini getdikcə möhkəmləndirən Azərbaycan Cənubi Qafqazın və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, eyni zamanda, fəal iştirakçısı rolunda çıxış edir. Malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin edən ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Əhəmiyyətinə görə XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizi Avropa ilə əlaqələrdə mühüm amil kimi çıxış edir. Belə ki, Cənub Qaz Dəhlizi başlanğıcını Xəzər dənizinin Azərbaycan sahillərindən – Səngəçal terminalının ərazisindən götürür.
Azərbaycanın ilk peyki – “Azərspace-1’’ Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan “Ariane-5’’ daşıyıcı raketi ilə orbitə buraxılıb. Bu, iki ölkə arasında yüksək kosmik texnologiyalar sahəsində qurulan sıx tərəfdaşlıq nəticəsində mümkün olmuşdur.
Təqdirəlayiq haldır ki, BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransına evsahibliyi edən Fransa, qlobal istiləşməyə qarşı mübarizə sahəsində üzərinə düşən öhdəliyi yerinə yetirdiyinə görə Azərbaycanı alqışlayır.
İki ölkə arasında təhsil, elm və mədəniyyət sahələrində də əməkdaşlıq inkişaf edir. Prezident Fransua Olland tərəfindən Fransa Təhsil Nazirliyinin proqramı əsasında 2014-cü ildə açılmış və yüzdən çox şagirdə bağçadan bakalavr dərəcəsinədək təhsil almağa imkan verən Bakı Fransız Liseyinin fəaliyyəti ürəkaçandır. Həmin ilin mayında Azərbaycan və Fransa prezidentləri tərəfindən ­UFAZ-ın (Fransa–Azərbaycan Universiteti) yaradılması rəsmən elan edildi. Onun yaranması Strasburq Universiteti ilə Bakı Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlığı sayəsində mümkün oldu. 
Beləliklə, 2017-ci ilin sentyabrında Fransa-Azərbaycan Universitetinin (UFAZ) açılış mərasimi əsl bayrama çevrildi. Gözəl və yaraşıqlı tədris binası istedadlı azərbaycanlı gəncləri öz qoynuna aldı və onlar üçün mühüm təhsil ocağına çevrildi. Kimya, geofizika, informatika və neft sənayesi üzrə fənlər Strasburq Universiteti ilə Rennes Universitetinin Bakı Neft və Sənaye Universitetilə səmərəli əməkdaşlığı sayəsində tədris olunur.
Fransız dilinin tədrisi Azərbaycanda ingilis və rus dillərindən sonra üçüncü yeri tutur. Azərbaycanda fransız dilinin tədrisi sahəsində İFA aparıcı qurumdur. O, eyni zamanda, fransız dili (DELF, DALF, TCF) sertifikatlarını almaq üçün imtahan keçirən yeganə qurumdur. İFA-da təşkil olunan dərslər bütün yaşda və bütün səviyyədə olanlar üçündür. Bundan əlavə, fransız danışıq dili klubarı hər həftə məşğələlər təşkil edir. Fransız dilində vəsaitlərlə (kitablar, lüğətlər, komikslər, DVD və s.) zəngin kitabxana/mediatekanın qapıları bütün şəhər sakinlərinin üzünə açıqdır. Hazırda respublikamızın orta məktəblərində 43 min şagird, universitetlərdə isə 5 min tələbə fransız dilini öyrənir. Bu rəqəmlər getdikcə artmaqdadır. Mədəniyyət sahəsində Fransa ilə Azərbaycan arasında tərəfdaşlıq Bakı ilə yanaşı, regionlarda da inkişaf edir. Bu, xüsusilə Azərbaycandakı Fransız İnstitutunun (İFA) fəaliyyətinin nəticəsidir. Onun vəzifəsi Azərbaycanda fransız dilini inkişaf etdirmək və iki ölkə arasında elmi-mədəni kütləvi tədbirlər təşkil etmək və mədəniyyət sahəsində mübadilələri həyata keçirməkdir. 
Üç əsrdən çox tarixə malik olan Azərbaycan – Fransa mədəni, elmi, bədii yaradıcılıq əlaqələri hər iki xalqın bir-birini daha yaxından tanımasına və yaxınlaşmasına səbəb olmuşdur. Zəngin yaradıcılığa və adətlərə malik olan Azərbaycan klassik ədəbiyyatı və folkloruna aid materialların toplanması və tərcüməsi sahəsində Fransa ədəbiyyatçılarının rolu böyükdür. Fransız tədqiqatçıları zəngin Azərbaycan şifahi və yazılı xalq xəzinəsinə çox böyük diqqət yetirmiş, “Avesta”, “Kitabi Dədə-Qorqud”, “Koroğlu” kimi sənət abidələrini, Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, Axundov və başqa görkəmli ədəbiyyatçıları tədqiq və tərcümə etməyə səy göstərmişlər. Azərbaycanda V.Hüqo, J.Vern, A.Düma, Mopassan, Molyer və başqa fransız yazıçı və şairlərinin əsərləri istər orijinaldan, istərsə də, tərcümədən oxucularımız tərəfindən sevilə-sevilə oxunur. 
Artıq neçə illərdən bəridir ki, Azərbaycan və Fransa arxeoloqları arasında sıx əməkdaşlıq fəaliyyət göstərir. Onlar birgə üç komandadan ibarət heyətlə respublikanın Tovuz, Lənkəran və Naxçıvan bölgələrində qazıntı işləri aparırlar. Bu elmi əməkdaşlıq hər iki ölkənin müvafiq elmi strukturları arasında tərəfdaşlıq münasibətlərinə əsaslanır. Bu arxeoloji qazıntılar gedişində miladdan əvvəl 5-4-cü minilliklərdə Mesopotamiyanın Qafqaz ilə əlaqələri, Kür–Araz mədəniyyətinin yaranması, tunc və dəmir dövrləri öyrənilir. 
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi artıq bir ənənə halını almışdır. Dünyanın ən seçilən festivallarının təşkilatçısı olan, yüz minlərlə turistin ziyarət etdiyi Kan şəhərində neçə ildir ki, Azərbaycan mədəniyyəti günləri təşkil edilir.
Keçmiş nazir və hazırki Arktika və Antarktika üzrə səfir xanım Seqolen Royal, mədəniyyət naziri Ə.Qarayev, AMEA-nın prezidenti A. Əlizadə, Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Buşezin iştirakı ilə bu il iyulun 4-də Dövlət İncəsənət Muzeyində “Azərbaycan-Fransa birgə arxeoloji qazıntıların 10 illiyi” sərgisinin açılışı oldu. Bu sərgi 5 iyul – 5 avqust tarixlərində Tovuz, Lənkəran və Naxçıvan bölgələrində 10 il müddətinə üç Fransız–Azərbaycan arxeoloji missiyası tərəfindən aparılan tədqiqatların nəticələrini Azərbaycan ictimaiyyətinə ilk dəfə təqdim edəcəkdir. Tədbir, iyunun 30-dan etibarən Bakıda keçirilən UNESKO-nun İrs Komitəsinin 43-cü iclasının rəsmi proqramına daxil edilib.
Ümumiyyətlə, Azərbaycan–Fransa münasibətləri öz xarakterinə və mahiyyətinə görə sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, eyni zamanda, Avropada və Cənubi Qafqazda iqtisadi tərəqqiyə geniş imkanlar açır. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu əməkdaşlıq hər iki dövlətin və xalqın qarşılıqlı milli maraqlarına xidmət edir. Bu gün iki ölkə arasında münasibətlər bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Möhkəm əminliklə demək olar ki, yaxın gələcəkdə qarşılıqlı münasibətlər yeni zirvələrə yüksələcəkdir.
 
 
Atamoğlan Məmmədli,
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru
13 2019 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə