Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hulusi Akar: “S-400” sistemləri Türkiyə üçün çox vacibdir

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pentaqon başçısının səlahiyyətlərini icra edən Mark Esperlə telefon danışığı zamanı bəyan edib ki, “­S-400” zenit-raket komplekslərinin alınması ölkə üçün vacib idi. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilib. Məlumatı “Anadolu” agentliyi yayıb. 
“Türkiyə ciddi hava və raket təhlükəsi ilə üzləşməkdədir. Bununla əlaqədar “S-400” müdafiə sistemlərinin alınması hansısa üstünlük deyil, sadəcə vacibdir”, – deyə məlumatda müdafiə nazirinin fikrindən sitat gətirilir.
Söhbət zamanı Akar bildirib ki, rəsmi Ankara ABŞ-ın “Petriot” zenit-raket ­kompleksini almaq barədəki təklifi də nəzərdən keçirir. Türkiyəli nazirin sözlərinə görə, “F-35” layihəsinin ­reallaşması məsələsi də vacibdir. Eyni zamanda, Türkiyənin “F-35” və 
“S-400” sistemlərinin bir-birinə qarşılıqlı təsiri məsələsinin öyrənilməsi üçün NATO nümayəndələrinin iştirakı ilə birgə komissiya yaradılması haqqında təklifi də qüvvədə qalır. Ankara “F-35” layihəsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirib. 
Türkiyənin milli müdafiə naziri ABŞ tərəfinin nəzərinə çatdırıb ki, “S-400” sistemlərini almaqla Türkiyənin strateji mövqeyi dəyişmir. Vaşinqtonla ikitərəfli münasibətlərin pozulması isə nə ABŞ-ın, nə Türkiyənin, nə də NATO-nun xeyrinə deyil. 
Telefon danışığı zamanı Suriyadakı vəziyyət də müzakirə olunub. 
Bir qədər əvvəl ABŞ-ın müdafiə naziri əvəzi Mark Esper Rusiyanın “S-400” sistemlərinin Türkiyəyə gətirilməsinə münasibət bildirərək deyib ki, Vaşinqton bu prosesin başlanması barədə məlumatlıdır. 
Xatırladaq ki, iyulun 12-də “S-400” zenit-raket kompleksinin ilk partiyası Türkiyəyə, Ankara yaxınlığındakı “Mürted” aviabazasına gətirilib. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

13 2019 22:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə