Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – Fransa əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan – Fransa əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir

Son illərdə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələr daha da genişlənib. Şübhəsiz ki, sıx münasibətlərin qurulmasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər də böyük rol oynayıb. Bu baxımdan Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndə heyətinin ölkəmizə səfəri mühüm önəm daşıyır. Prezident İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri və Birinci ­vitse-prezident Mehriban Əliyevanın həmin təşkilatın rəhbəri Jofrua Ru de Beziö ilə görüşlərində də bu barədə ətraflı danışılıb. 
Dövlətimizin başçısı bu səfərin tərəfdaşlığımızın çox yaxşı nümunəsi olduğunu, fransız şirkətləri tərəfindən Azərbaycana böyük maraq göstərildiyini, müxtəlif layihələrdə iştirakın artıq reallaşdığını diqqətə çatdırıb. 
Prezident İlham Əliyev, həmçinin respublikamızda cari ilin ötən aylarında əldə edilən iqtisadi göstəricilərə nəzər salaraq deyib: “Qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir”. 
Dövlətimizin başçısı, eyni zamanda, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycanın öz məqsədlərinə çatacağına əmin olduğunu da bildirib. 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Sahibkarlar Təşkilatı–MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüşündə son illərdə respublikamızla Fransa arasında uğurlu əməkdaşlığın qurulduğunu xatırladıb, bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini bildirib, siyasi, iqtisadi, humanitar əlaqələrin iki ölkə arasında əməkdaşlığın inkişafını sürətləndirdiyini vurğulayıb. 
Yeri gəlmişkən, indiyədək Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,2 ­milyard ABŞ dolları, Azərbaycan isə bu ölkəyə 2,6 milyard dollar investisiya yatırıb.
Respublikamızda 45 Fransa şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər ölkə büdcəsindən reallaşdırılan və dəyəri 6,2 milyard dollar olan 34 layihədə podratçı qismində iştirak edib.
Azərbaycanla Fransanın ticarət dövriyyəsi də getdikcə artır. Cari ilin ilk 5 ayında iki ölkənin ticarət dövriyyəsi 53 faiz artıb. Fransanın Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin 62,4 faizi Azərbaycanın payına düşüb.
Qərbin aparıcı, inkişaf etmiş, Avropa İttifaqının lider dövlətlərindən biri olan Fransa Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edir. “Total” şirkəti “Əsrin müqaviləsi”nin əvvəlindən bu neft müqaviləsində yer alıb.
Azərbaycan meqalayihə olan Cənub Qaz Dəhlizinin reallaşmasında həlledici tərəfdaşdır, təşəbbüskar dövlətdir. Artıq bu layihənin “Şahdəniz”, TANAP və Cənubi Qafqaz Boru Kəməri komponentləri gerçəkləşdirilib. TAP layihəsinin reallaşması isə bu ilin sonlarına nəzərdə tutulur. 
Bütün bunlar onu göstərir ki, Azərbaycan hazırda Avropa üçün yeni alternativ enerji mənbəyinə çevrilib. Avropanın ildə təxminən 500 milyard kubmetr qaza ehtiyacı var. Onun təxminən 150 milyard kubmetrini Rusiya ödəyir. Azərbaycan yeni alternativ mənbə kimi ilkin mərhələdə 16 milyon kubmetr qaz ixrac etməyi planlaşdırır, onun da 10 milyard kubmetri məhz Avropa üçün nəzərdə tutulub. Bu baxımdan Azərbaycan Avropa üçün çox yaxın tərəfdaşdır. 
Rəsmi Parisin Azərbaycanla münasibətlərində diqqətçəkən daha bir məqam kosmik sahədə mövcud əməkdaşlıqdır. Azərbaycanın kosmik peyklərinin orbitə məhz Fransanın kosmodromundan çıxarılması bunun bariz ifadəsidir. 
İki ölkə arasında iqtisadi münasibətlərdən danışarkən, hazırda respublikamız üçün xüsusi önəm daşıyan “Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” bankı arasında strateji əməkdaşlıq haqqında saziş”, Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”, “Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi” və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə” və digər sənədlərin uğurla reallaşdırıldığını da xatırlada bilərik. 
Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması vacib prioritetlərdən biridir. Aqrar sahədə innovasiyalardan istifadə, kənd təsərrüfatı işçiləri ilə yaxınlıq və yaxşı idarəçilik bu sahədə aparılan islahatların başlıca prinsipləridir.
Azərbaycanın Fransa ilə əməkdaşlığında bu məqamlar, ümumiyyətlə, aqrar məsələlər xüsusi yer tutur. Elə buna görə də son dövrlər iki ölkə arasında kənd təsərrüfatı sahəsində memorandum, həmçinin baytarlıq fəaliyyəti ilə bağlı protokol imzalanıb, aqrar sektorda müvafiq tədqiqatların aparılması, təcrübə mübadiləsi, habelə innovativ texnologiyalardan istifadə ilə bağlı tədbirlərin həyata keçirilməsi intensivləşib.
İki ölkə arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Azərbaycanın 300-dən çox məktəbində fransız dili tədris olunur. Bundan əlavə, Azərbaycan Dillər Universitetində Fransız Dili və Ədəbiyyatı Mərkəzi, Bakı Slavyan Universitetində Fransız Dili Mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Bütün bunlar isə Azərbaycan-Fransa əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir.

 

V.BAYRAMOV, 
“Xalq qəzeti”

11 2019 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə