Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alternativsiz daxili və xarici siyasət

Azərbaycanın müstəqilliyi ildən-ilə möhkəmlənir

Alternativsiz daxili və xarici siyasət

Beynəlxalq aləmdə siyasi gündəm qazan kimi qaynayır. İstər ölkə içində, istərsə də xaricdə Azərbaycanın uğurları və ağrıları ilə bağlı müzakirələr aparılır, müxtəlif səviyyələrdə ölkəmizin çağdaş durumuna münasibət bildirilir. Bundan başqa, xarici dövlətlərin yüksək rütbəli təmsilçiləri də davamlı olaraq Azərbaycana gəlirlər, ölkəmizlə münasibətlərin perspektivlərini müzakirə edirlər. Bu isə ondan xəbər verir ki, Azərbaycana maraq ildən-ilə artıb, dünyanın hər tərəfindən gözlər bizə dikilib, hər kəs bizimlə yaxın olmaq, masa arxasına oturmaq istəyir.

Bu, yaxşı göstəricidir: Azərbaycan artıq bir zamanların ehtiyac içində olan ölkəsindən ehtiyac duyulan ölkəyə çevrilib. Bizim hər birimiz müstəqilliyin ilk illərində, özəlliklə də iç qarışıqlıq dönəmində ələbaxan, hər yerdən yardıma ehtiyac duyan bir toplum olduğumuzu xatırlayırıq. İndi isə bunun tam əksidir. Azərbaycana nəinki qonşu dövlətlər, uzaq Avropa, ABŞ və bəzən, hətta Şərqi Asiya, Afrika ölkələri belə ehtiyac duyur, bizimlə bərabərhüquqlu münasibətlərə can atır. Belə bir duruma gəlməyimiz nədən qaynaqlanır və ümumiyyətlə, bu əlverişli durum Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə nə verə bilər? 
Azərbaycanın ehtiyacı olan ölkədən ehtiyac ödəyən ölkəyə çevrilməsi, heç şübhəsiz ki, təməlləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilməkdə olan uzaqgörən strategiyaya söykənir. Bu strategiya elə dəqiqliklə işlənib hazırlanmışdır ki, gərək duyulduğunda onun zamana uyğunlaşdırılması-- yenilənməsi və sürətlə həyata keçirilməsi istənilən ölkənin uğurunun açarı ola bilər. İlham Əliyevin mahir liderliyi, uzaqgörən siyasəti vaxtında və dərindən mənimsəməsi, eyni zamanda, başçılıq etdiyi ölkənin ləyaqətini və yalnız öz xalqının iradəsini hər şeydən uca tutması bugünkü əlverişli duruma gəlməyimizin əsas şərtlərinin önündə gedir.
Müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin qətiyyət və uzaqgörənliyi hesabına bugün sayılıb-seçilən, iradəsilə hesablaşılan dövlətə çevrilib. Bizim dövlətimiz dünyanın ən böyük gücləri ilə belə bərabərhüquqlu tərəf kimi masa arxasında oturanda sıxıntı hiss etmir, özünü ikinci kateqoriyalı ölkə kimi görmür. İstər ABŞ, istərsə də Rusiya kimi qlobal güclərin təmsilçiləri Prezident İlham Əliyevlə masa arxasında, mötəbər məclislərdə, hətta ayaqüstü görüşlərində mütləq yüksək sayğı göstərirlər, onunla qısamüddətli də olsa, dialoqa can atırlar.
Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in rəsmiləri, eləcə də Avropanın ən aparıcı dövlətləri olan Almaniya, Fransa, Böyük Britaniya təmsilçiləri Azərbaycanla, onun lideri ilə işbirliyinə hər zaman önəm verirlər, ölkəmizi özlərinin əvəzolunmaz tərəfdaşı kimi görürlər. Bütün bunlarsa, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın, hər şeydən öncə, özünə və sözünə hörmət edən dövlət olmasından, həmçinin ölkə başçısı İlham Əliyevin şəxsi xarizmasından qaynaqlanır.
Dövlətimiz, onun lideri dünyanın bu qarışıq vaxtında belə qarşıduran, münaqişədə olan tərəflərin hər biri ilə münasibətlərinin yüksək səviyyəsini qoruyub saxlamağı bacarır. ABŞ və Avropa Birliyinin davamlı üstünə gəldiyi, sanksiyalar tətbiq etdiyi qonşu Rusiya ilə münasibətlərimiz bütün bu proseslərdə zərrə qədər də zədə görməyib. Yaxud da Qərbin uzun illərdir ki, küncə sıxdığı Güney qonşumuz İranla münasibətlər də ən yaxşı səviyyədədir. Eləcə də qardaş Türkiyə ilə münasibətlərimizə heç bir qüvvə sərinlik gətirə bilmir və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” formulu uzaqgörənliyi və gerçəkliyi ilə misilsiz bir həmrəyliyi əks etdirir.
Azərbaycan Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dönəmində uzunmüddətli demokratiya və müstəqillik təcrübəsi olan bir çox dövlətlərin başçılarının bəzən bacarmadığı balanslı siyasəti ilə artıq dünyada bir modelə çevrilib. Dünyanın hər tərəfində siyasi texnoloqlar, ayrı-ayrı fikir mərkəzləri dövlətimizin bu yöndə əldə etdiyi uğurları diqqətlə öyrənir, təhlil edir. Doğrudan da, ABŞ və Avropa Birliyinin timsalında Qərblə uzunmüddətli qarşıdurma şəraitində olan Rusiya, İran və qardaş Türkiyə ilə münasibətlərin yüksək səviyyəsini qoruyaraq birincilərlə də eyni səviyyədə işbirliyini davam etdirməyi bacarmaq çox fərqli dövlətçilik və liderlik təcrübəsi tələb edir. 
Bu gün Azərbaycan ABŞ-la Avropa Birliyinin Rusiya, İran və Türkiyə ilə gərgin münasibətlərində tərəf tutmur, sonuncularla münasibətlərini birincilərin münasibətilə şərtləndirmədən öz müstəqil siyasətini yürütməyi bacarır. Düzdür, ABŞ və Avropa Birliyi istərdi ki, Azərbaycan qonşu Gürcüstan və Ukrayna kimi məhz onların sırasında yer alsın. Yaxud da Rusiya istərdi ki, Azərbaycan da son vaxtlara kimi onun könüllü vassallığını etmiş Ermənistan kimi sözəbaxan olsun. Lakin Prezident İlham Əliyevin düzgün strateji xətti və taktiki gedişləri bizə münasibətdə bütün tərəfləri zərərsizləşdirmiş, bəzilərini də rəqibdən dosta çevirmişdir.
Söz Ermənistandan düşmüşkən, Azərbaycanın yürütdüyü balanslı və bərabərhüquqlu siyasət, eləcə də işğalçı dövlətlə bağlı apardığı ifşaedici siyasət də öz bəhrəsini vermişdir. Prezident İlham Əliyevin illərdir ki, Ermənistanı idarə edənlərin kriminal ünsürlər olması haqqında səsləndirdiyi fikirlər həmin ölkəyə hazırda başçılıq edən siyasi qüvvə tərəfindən tez-tez dilə gətirilir, rəsmən təsdiqini tapır. Bu isə ona səbəb olur ki, Azərbaycanın haqlı mövqeyinə az-çox şübhə edənlər də bizə sayğılı yanaşmağa məcbur olur. Elə o səbəbdən də Avropa Birliyi, ATƏT, AŞPA kimi beynəlxalq qurumlar qəbul etdiyi hesabat və qərarlarda Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe sərgiləməli olur.
Azərbaycanın düzgün taktikası Ermənistanı təkcə bu məsələdə deyil, üzvü olduğu bir sıra beynəlxalq qurumlarda da əlverişsiz duruma salır. Azərbaycan üzv olmadığı təşkilatlarda da Ermənistanı tamhüquqlu üzvü olduğu həmin qurumlarda küncə sıxa bilir.
Rusiyanın əsas söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın başına gələnlər o örnəklərdən biridir. Yaxud da Avrasiya İqtisadi Birliyində Ermənistanın arxa plana itələnməsi daha bir örnəkdir. Azərbaycan o qurumlardan heç birinin üzvü deyil. Lakin hər iki qurumda Ermənistanın deyil, bizim sözümüz keçir. Yenə də Prezident İlham Əliyevin şəxsi münasibətləri, ciddi diplomatiyası, mahir siyasətçi və müdrik dövlət başçısı olması hesabına.
Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz 2019-cu ildə ən ağrılı problemi olan Ermənistanla münaqişənin həllində daha üstün mövqeyə yüksəlib. Dünyanın, özəlliklə də Azərbaycanla yeni işbirliyinə can atan beynəlxalq güclərin mövqeyi bizim xeyrimizə dəyişib. Yuxarıda da qeyd etdiyimiz kimi, ehtiyac içində olan ölkədən ehtiyac duyulan ölkəyə çevrilməyimiz bizə münasibəti və baxışları da kökündən dəyişib. Bu isə istənilən məsələnin həllində xeyrimizə olan çox ciddi faktordur. İndi Azərbaycan Rusiyanın, İranın heç cür və heç nəyin hesabına vaz keçmək istəmədiyi bir dövlət olmaqla bərabər, Avropanın, ABŞ-ın daha sıx münasibətlər qurmağa, öz yanında görməyə can atdığı ölkədir. 
Belə bir statusu qazanmaq çətin olsa da, Prezident İlham Əliyev özünün uzaqgörən və məqsədyönlü siyasəti ilə bunu bacarmış, tarixə öz liderlik möhürünü vurmuşdur. Biz bura hələ onun Azərbaycanın yaxın coğrafiyadakı qanlı münaqişələrdən kənarda qalmağı bacarmasını, eyni zamanda, ölkə içində dayanıqlı sabitliyi daha da möhkəmləndirməsini də əlavə edə bilərik. 
Bir sözlə, Azərbaycan lideri istər daxili, istərsə də xarici siyasətdə son 16 ildə formalaşdırdığı tarazlı yanaşma modelinin alternativsizliyini əməli nəticələrlə dönə-dönə sübuta yetirir.

 

Azər HƏSRƏT, 
Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, Əməkdar jurnalist

 

11 2019 23:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 İyul 2019 | 21:52
Xabarovskda faciə
23 İyul 2019 | 21:51
Hava proqnozu
23 İyul 2019 | 21:50
Pol Krassner vəfat edib
23 İyul 2019 | 21:50
Kütləvi zəhərlənmə

Köhnə versiyamızdan xəbərləri izlə