Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium panellərlə davam edib

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium panellərlə davam edib

İyulun 11-də Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində panellər təşkil edilib. 
“İslam mədəniyyətinin Qafqazda dini və ictimai həyata təsiri” mövzusunda panel Türkiyənin “İzmir Katib Çelebi” Universitetinin rektoru Saffet Köse və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şamil Kaşafın moderatorluğu ilə keçirilib. 
Paneldə “Azərbaycanda İslam mədəniyyətinin təkamül yönləri”, “Cənubi Qafqazda İslam mədəniyyətinin öyrənilməsində arxeoloji tədqiqatların rolu və əhəmiyyəti, “Xilafət dövründə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi”, “İslam dininin Azərbaycan şifahi xalq dastanlarının təşəkkülündə rolu”, “Azərbaycanda tolerantlıq, dini və etnik rəngarənglik keçmişdən bu günə (Şirvanşahlar dövlətinin nümunəsində)”, “Azərbaycanın XVIII – XX əsrin əvvəllərinə aid maddi-mədəni irsində inanc sistemi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)”, “Cənubi Azərbaycanın Xalxal bölgəsinin sosial-mədəni inkişafında dini müəssisələrin-zaviyələrin rolu (XVIII əsrin əvvəlləri)”, “Müasir Azərbaycan ailə institutunun qorunmasında İslam dəyərlərinin rolu”, “Azərbaycanın Sumqayıt şəhərində müasir dini durum” və digər mövzularda məruzələr dinlənilib. 
“Qafqazda İslam elmlərinin inkişafı” mövzusunda ikinci paneldə Bilecik Universitetinin təsisçi rektoru, professor Azmi Özcan və İstanbul Universitetinin İlahiyyat fakültəsinin dekanı, professor Murteza Bedir moderatorluq edib.
Məruzəçilər “Axund Mir Məhəmməd Kərim Bakuvinin dini  vəhdət anlayışı və təmsiletmə təcrübəsi”, “Naxçıvanın görkəmli İslam alimləri”, “Qurani-Kərim”in Azərbaycan dilinə tərcümə edilməsində H.Z.Tağıyevin rolu”, “Ərəb dilçiliyinin formalaşması və inkişafına İslamın təsiri”, “Son dönəm Qafqaz alimlərindən Müslüm əl-Uradi”, “Molla Sədra düşüncəsində fəlsəfə-din münasibəti” və digər mövzularda çıxışlar ediblər.
Günün birinci hissəsində “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı” mövzusunda təşkil olunan sonuncu paneldə Moldova Elmlər Akademiyası Tarix, Dövlət və Hüquq İnstitutunun elmi işçisi, dosent Olqa Radova, ABŞ-ın Corciya Universitetinin Din kafedrasının müəllimi, dosent Alan Qodlas moderatorluq ediblər.
Paneldə “Azərbaycanda İslam dövrü keramikası”, “Şirvani məktəbinə xas yazı mədəniyyəti”, “Türkdilli Qafqaz xalqlarının incəsənəti və İslam sivilizasiyası”, “İslami naxışlara elmi-məntiqi yanaşmada fəza təfəkkürünün rolu”, “Nizami, Nəsimi, Füzuli və Mirzə Əbülxaliq Yusifin poetik obrazlarında emosional zəka”, “Azərbaycanın işğal olunmuş ərazilərində erməni vandalizminə məruz qalmiş ilk Orta əsrlər maddi mədəniyyət abidələri”, “Gəncədə multikulturalizm ənənələrinin tədqiqində İslam dövrü tarixi-memarlıq abidələrinin əhəmiyyəti”, “Dağıstan ərəb əlyazmalarının rəqəmsal arxivi: tədqiqat, təsvir və verilənlər bazası” və digər mövzularda məruzələr dinlənilib.
“İslam mədəniyyətinin Qafqazda dini və ictimai həyata təsiri” mövzusunda paneldə Ukraynanın “Ostroq Akademiyası” Milli Universitetinin İslamşünaslıq Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviç və Rusiyanın K.L.Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin Rusiya tarixi və Qafqazşünaslıq kafedrasının müdiri, Şimali Osetiya-Alaniya Respublikası Tarix və Arxeologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Ruslan Bzarov moderatorluq edib. 
Paneldə “Müasir Gürcüstanda İslam və dövlət”, “Postklassik dövrdə (XIII – XVIII əsrlərdə) İslam intellektual ənənəsi: əsas xüsusiyyətlər”, “Sivilizasiyalararası münasibətlər kontekstində Qərbin İslama baxışı və Cənubi Qafqazda təsirləri”, “İslamda insana münasibət”, “Şimali Qafqazda İslam və totalitarizm” və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb. 
“Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu” mövzusunda keçirilən paneldə isə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktorunun məsləhətçisi, professor Sadık Ünay, Moskva Dövlət Psixoloji-Pedaqoji Universiteti Etnopsixologiya və çoxmədəniyyətli təhsilin psixoloji problemləri kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Olqa Pavlova moderatorluq edib. 
Paneldə “Müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu”, “İslamofobiya ilə mübarizədə Azərbaycan Respublikasının multikulturalizm və İslam həmrəyliyi siyasətinin əhəmiyyəti”, “İlham Əliyev siyasətində azərbaycançılıq ideologiyası: tolerantlıq və multikulturallıq zəminində”, “İrəvanın tarixi-mədəni irsinin ərəb-İslam dünyasında tanıtdırılmasında AMEA Tarix İnstitutunun rolu”, “Müasir dövr mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi”, “Müasir dövrdə Azərbaycanın multikulturalizm modeli”, “Dini-tarixi abidələrin təmir və bərpasında Heydər Əliyev Fondunun rolu”, “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilmiş tarixi-mədəni irsimiz”, “Dini tolerantlıq və humanizm: Prezident İlham Əliyevin ideal modeli” və digər mövzularda müzakirələr aparılıb. 
Bildirilib ki, müxtəlif etnos və dinlərin qovuşduğu ölkəmizdə tarixən formalaşmış multikultural mühit beynəlxalq aləmdə alqışlanır və mütərəqqi model kimi qəbul edilir. Məhz bu cür yanaşma milli birlik və təhlükəsizliyin təminatı baxımından son dərəcə zəruri olan multikultural cəmiyyət modelinin formalaşmasına imkan yaradıb. Respublikamızdakı mövcud tolerant və multikultural mühit barədə beynəlxalq ictimaiyyət ətraflı məlumatlandırılmalı, bu sahələrdə əldə olunmuş nailiyyətlər qlobal miqyasda təbliğ olunmalıdır.
Günün sonuncu – “Qafqazda İslamın yayılması” mövzusundakı paneldə Rusiyanın İslam Mədəniyyəti Elm və Təhsilə Dəstək Fondunun direktor müavini Vyaçeslav Polosin və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov moderatorluq edib.
Maraqlı müzakirələrlə davam edən paneldə məruzəçilərin “Xəzər xaqanlığında İslamın yayılması”, “Azərbaycanda İslamın yayılması xüsusiyyətlərinə dair”, “Azərbaycanda İslam dininin ilkin vaxtlarında sosial-iqtisadi vəziyyət haqqında”, “Tiflis və ətraf ərazilərdə İslamın yayılması” və digər mövzularda çıxışlar dinlənilib.
İki gün davam edəcək “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium 11 paneli əhatə edir. Simpoziumda 100-dən çox məruzəçinin çıxışları dinlənilir. 
Tədbirin materialları kitab halında çap olunacaq.

 

AZƏRTAC

11 2019 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə