Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava şəraiti necədir

Hava şəraiti necədir

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru  Umayra Tağıyeva son günlərdə müşahidə edilən hava şəraiti ilə bağlı jurnalistlərə açıqlama verib.

İyul ayının birinci ongünlüyü demək olar ki, qeyri sabit keçir, keçən illərlə müqayisədə yağmurlu günlərin sayı da bir qədər çoxdur.

Əgər keçən il iyul ayında rekord temperatur göstəriciləri qeydə alınırdısa, bu il temperatur iqlim normasına yaxındır. 

İyulun 09-u günün ikinci yarısından 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Dağlıq ərazilərə xırda dənəli dolu düşüb.

Ən çox düşən yağıntının miqdarı Xınalıq, Qrızda 35.0 mm (aylıq normanın 62%-i), Girdimançayda  29.4 mm, İsmayıllıda 21.0 mm (aylıq normanın 28%-i), Qəbələdə 20.0 mm (aylıq normanın 27%-i), Tərtərdə 19.0 mm (aylıq normanın 78%-i), Kişçayda (Şəki) 16.0 mm (aylıq normanın 12%-i), Qusarda 12.0 mm, Bərdədə 10.0 mm (aylıq normanın 41%-i), İvanovkada,  Quba, Şahdağda 9.0 mm, Xaltan, Ağdamda 7.0 mm, Gədəbəydə 6.0 mm, Zərdab, Ordubadda 4.0 mm, Cəfərxan, Mərəzədə 3.0 mm, Ağsu, Sarıbaş (Qax), Göygöldə 2.0 mm, Ağdərədə (Ordubad), Oğuz, Zaqatala, Şəki, Xaçmaz, Yevlax, Göyçay, İmişli, Sabirabad, Qazıməmməd, Biləsuvar, Daşkəsəndə 0.0-1.0 mm olub.

Bu gün ərzində-10 iyulda ölkənin ayrı-ayrı rayonlarında qısamüddətli  yağış  yağacağı gözlənilir.  Mülayim  və arabir güclənən  qərb küləyi əsəcək. Əksər mərkəzi Aran rayonlarında  havanın minimal temperaturu 20-25 dərəcəyədək, maksimal temperatur isə 32-37 dərəcəyədək təşkil edəcək. Dağlıq rayonlarda gecə 11-16 dərəcə, gündüz isə 19-24 dərəcə isti olacaq.

Avropanın şimalından daxil olan və bu mövsüm üçün nisbətən  sərin hava kütlələri və atmosfer cəbhələri havanın qeyri-sabitliyini müəyyən edəcək.

Bakı və Abşeron yarımadasında dəyişkən buludlu,  əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Arabir güclənən  şimal-qərb və şimal küləklərinin axşam saatlarında zəifləyəcəyi gözlənilir. Havanın temperaturu 30-35 dərəcə təşkil edəcək ki, bu da bu ayın iqlim normasına  yaxındır.

Meteohəssas insanların nəzərinə: İyulun 11-dən başlayaraq iyulun 12-si günün 1-ci yarısınadək atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda  diskomfort hissi yarada bilər.  

 

Hazırladı:
Qəzənfər QASIMOV,
“Xalq qəzeti” 

11 2019 11:33 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə