Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Rusiya və NATO generallarının növbəti görüşü

Bakıda Rusiya və NATO generallarının növbəti görüşü

Yaxın günlərdə paytaxtımız Bakı şəhəri yenidən mühüm bir beynəlxalq görüşə evsahibliyi edəcək. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun Avropadakı Birləşmiş Qoşunlarının baş komandanı Tod Uolterslə görüşəcək. Dünən Gerasimov bu məqsədlə Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə “İnterfaks” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb: “Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda olduğu müddətdə NATO-nun Avropadakı Birləşmiş Qoşunlarının baş komandanı Tod Uolterslə görüşəcək”. 
Qeyd edək ki, V.Gerasimovla T.Uolters arasında iyunun 3-də telefon danışığı olub. Bu, Rusiya və NATO generalları arasında paytaxtımızda baş tutan dördüncü görüş olacaq. Oxucularımızın yaxşı yadındadır ki, Rusiya və NATO rəsmiləri indiyədək artıq bir neçə dəfə sülhsevər Bakı şəhərində dünyanın taleyi ilə bağlı mühüm məsələləri müzakirə edirlər.
Xatırlatmaq yerinə düşərdi ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı Kertis Skaparrotti ilə Bakıda sonuncu dəfə ötən ilin dekabr ayında görüşmüşdü. Rusiya Müdafiə Nazirliyinin görüşlə bağlı məlumatında bildirilirdi ki, V.Gerasimov görüş zamanı NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi mövcudluğunun artdığını qeyd edərək bunun gərginliyi azaltmağa şərait yaratmadığını diqqətə çatdırıb.
Ondan əvvəl -- 2017-ci ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü Bakıda keçirilmişdi. Həmin ilin sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə görüşmüşdü. Təbii ki, bütün görüşlərdə dünyanın iki böyük hərbi gücü arasında, demək olar ki, taleyüklü hərbi problemlər müzakirə edilib.
Mətbuata tam qapalı şəkildə keçirilmiş Gerasimov-Danford görüşündən əvvəl Pentaqonun rəsmi saytı məlumat vermişdi ki, görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunacaq. “Görüş zamanı müxtəlif spektrli məsələlər nəzərdən keçiriləcək. Konkret olaraq tərəflər potensial böhranların və yanlışlıqların qarşısının alınması üçün hərbçilər arasında daimi və aydın ünsiyyətin vacibliyini müzakirə edəcəklər".
Rusiya və NATO rəsmilərinin görüşünün niyə məhz Bakıda keçirilməsi məsələsi də həmişə mətbuatın gündəmində olub. Ayrı-ayrı KİV bu suala əvəllki görüşlər zamanı da cavab axtarmağa çalışıb və müxtəlif versiyalar irəli sürülüb. "The New York Times" qəzeti də vaxtilə bu suala cavab axtarıb. O zaman qəzetin yüksək rütbəli rəsmilərə istinadən yaydığı məlumata görə, bu haqda müzakirələr aylarla davam edib. Əvvəlcə Rusiya tərəfi amerikalı generalın Moskvaya, ya da Belarusun paytaxtı Minskə gəlməsini istəyib. ABŞ isə bu variantdan imtina edərək görüş üçün Şərqi Avropanı üstün tutduğunu bildirib. Ancaq Ukrayna məsələsi ilə əlaqədar Avropa İttifaqı digər Rusiya rəsmiləri kimi Valeri Gerasimova da sanksiya tətbiq etdiyi üçün bu variant da baş tutmayıb. Nəhayət, tərəflər neytral şəhər kimi Bakını seçiblər.
Təbii ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin yüksək hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin özəl səbəbləri var. Ümumiyyətlə, deməliyik ki, Azərbaycan paytaxtı müstəqillik illərində böyük beynəlxalq danışıqlar meydanı kimi özünü tam təsdiqləyə bilib. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan iki böyük dövlətin yüksəkçinli hərbi rəhbərlərinin görüşə biləcəyi yeganə məkandır. Son illərdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri ilə bağlı layihələr ölkəmizin bu statusunu daha da möhkəmləndirib.
Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri də Azərbaycan lideri İlham Əliyevin beynəlxalq siyasi arenada qazandığı şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol oynaması ilə bağlıdır. Bundan əlavə, Azərbaycan nə NATO-nun, nə də  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Amma ABŞ, Avropa və  Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi bir ölkədir. Azərbaycan  təkcə yerləşdiyi  regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynadığı da tarixən sübut olunmuş faktdır. Ona görə də həm NATO, həm Rusiya Azərbaycana etibar edir və danışıqların aparılması üçün də məkan olaraq həmişə Azərbaycanı seçirlər. Beləliklə, dünyanın güc mərkəzlərinin sülh və dialoq məkanı kimi növbəti dəfə Bakını seçməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir. İnanırıq ki, növbəti Bakı görüşü həm generallar, həm də ümumi evimiz olan Yer kürəsi üçün uğurlu olacaq.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

10 2019 23:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə