Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük missiyanı gerçəkləşdirən siyasi lider

Böyük missiyanı gerçəkləşdirən siyasi lider

Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi. 
Heydər Əliyev
Ümummilli lider


Azərbaycan xalqının qurub-yaratmaq ­dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən ötən əsrin 60-cı illərində respublika iqtisadiyyatının bir çox sahələrində – həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillər özünü göstərməyə başladı. Respublikanın inkişafı getdikcə ləngidi və bu, əhalinin sosial vəziyyətinə məntiqi olaraq mənfi təsir göstərməyə başladı. İstehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan İttifaq səviyyəsindən geri qalırdı. Bu gerilik getdikcə artırdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu. Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.

 

Bu həqiqətləri həmin illərin statistikasını əks etdirən tarixi sənədlər daha yaxşı ifadə edir. Məsələn, arxiv materiallarında qeyd edilir ki, 1971-ci ildə pambıq istehsalı 381,6 min ton idisə, 1981-ci ildə 1 milyon tona, üzüm istehsalı 381,9 min tondan 1 milyon 616 min tona, taxıl istehsalı 211,9 min tondan 1 milyon 150 min tona çatdırılmışdı. Bu iqtisadi irəliləyişlə paralel olaraq 70-80-ci illərdə respublikada 500 mindən artıq yeni iş yeri açılmışdı.
Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Yəni Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan (daha doğrusu çıxarılan!) bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin -- SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun bu dövrdə, son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı.
 Dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Milli quruculuğun lideri kimi xalqın böyük əzm və etimadına layiq olmaq siyasətçinin, dövlət xadiminin fədakar əməyini, böyük dühasını tələb edir. Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla qoşa çəkilən çox az siyasi liderə rast gəlmək olar. Tanrının və taleyin hökmü ilə müstəqil dövlətimizin ən müasir tarixi də məhz belə liderin adı ilə bağlıdır və dövlətçilik salnaməsinə şanlı səhifələr məhz onun siyasi xətti ilə, rəhbərliyi ilə yazılıb.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında milyonların qəlbinə yol tapa bilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu öndərin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” fikri bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. 
Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. 
Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın. 1990-cı illərin çətin anlarında ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. O, Azərbaycanın müstəqilliyinin reallaşmasında və möhkəmlənməsində, beynəlxalq nüfuzunun artmasında, iqtisadiyyatın dirçəlməsində əsas aparıcı tarixi şəxsiyyət rolunu oynadı. XX əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin strateji prioritetinə çevrildi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Şübhəsiz Azərbaycana qarşı törədilən bütün əməllər onun müstəqilliyini təhlükə altına almaqdan ibarət idi. Bu dövrdə artıq Azərbaycanın dostları da, bədxahları da əmin oldular ki, müstəqilliyimizi geriyə döndərəcək heç bir qüvvə mövcud deyildir. Azərbaycan xalqı öz rəhbərinə inanır, güvənir və dəstəkləyir. Müdrik və uzaqgörən rəhbər isə xalqını müstəqilliyin çətin, mürəkkəb və keçməkeşli yolları ilə inamla irəliyə aparır. 
Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkənin ictimai-siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Dahi lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə minlərlə tədris ocağı, gənclik mərkəzləri açılmış Azərbaycanlı gəncləri SSRİ-nin nüfuzlu, ali məktəblərinə göndərmişdir. Getdikcə Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuş və nəhayət, Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalanmışdır. Qısa bir müddətdə isə Azərbaycan İslam Konfransı Təşkilatının, Türk Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, BMT-nin üzvü olmuşdur. 2001-ci il Dünya Azərbaycanlılarının I Qurultayında isə Prezident Heydər Əliyevin söylədiyi kəlam kiçikdən tutmuş böyüyə qədər hər bir kəsin yaddaşındadır: “...həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
 Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan ulu öndər Heydər Əliyevin milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı.1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin oldu. Nəticədə, dahi öndər 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə yenidən xalqın etimadını qazandı. “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”. – Ümummilli liderin andiçmə mərasimində söylədiyi bu tezis dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanmışdır.
Suveren Azərbaycan dövlətinin yaradıcısı olan ulu öndərin siyasi portretini, ideal lider obrazını, zaman çərçivəsinə sığmayan şəxsiyyətini, milyonlarla dünya azərbaycanlısının qürur ünvanı, cəmiyyət həyatının bütün sahələrində milli intibahın qarantı kimi sağlığında ikən əfsanəyə çevrilən, həyatının hər məqamı bizim üçün örnək olan nadir dövlət xadimi kimi tarixdə iz qoydu. Azərbaycanın inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu öndərin dərindən düşünülmüş, hazırlanmış və qətiyyətlə həyata keçirilən daxili və xarici siyasət kursu bu gün bütün istiqamətlərdə uğurla davam etdirilir. Siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi, qurub–yaratmaq amalı ilə yaşamış ümummilli lider Azərbaycanın gələcəkdə daha qüdrətli dövlət olması üçün ölkəyə rəhbərliyə layiq ola biləcək namizədini də tövsiyə etmişdir. Vətənini canından artıq sevən ulu öndər 2003–cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatının gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
 Ulu rəhbər gözəl başa düşürdü ki, siyasi sabitlik, lazımi iqtisadi inkişaf və ictimai əmin-amanlıq olmadan istənilən demokratiyanın ömrü az olacaqdır. Bu siyasəti son 16 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir. Məhz bu kursun davamı kimi 2003-cü ildən Azərbaycanda yeni inkişaf strategiyası həyata keçirilir. İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son illərdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ciddi dəyişikliklər və uğurlar qazanılmışdır. Bir çox parametrlərinə görə Azərbaycan sürətli inkişaf edən ölkəyə çevrilmişdir. Regionların 2004-2008-ci və 2008-2013-cü illəri əhatə edən sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbul edilməsi və uğurla yerinə yetirilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. 
Azərbaycan bu gün Cənubi Qafqazda sabitlik və tərəqqi məkanıdır. O, gündən-günə inkişaf edir, daha da inamlı olur. Bütün bunlar ölkəni və Azərbaycan cəmiyyətini inkişafın daha yüksək pillələrinə aparır. Ulu öndərin hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi hesab edirdi. Dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı normal vəziyyətdə olsun və qarşıya qoyulmuş vəzifələrə cavab versin. Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, Vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi. Həmin inkişafın başlıca yekunlarından biri də Prezident İlham Əliyevin bu sözlərində bariz ifadəsini tapmışdır: “Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik!”
 İllər, qərinələr ötəcək. Dünyaya yeni nəsillər gələcək. Zamanın dahisi Heydər Əliyev ideyalarının sönməz şəfəqlərindən hər nəslə pay düşəcək. Nə qədər ki, Azərbaycan var ulu öndərin adı, əməlləri və siyasi kursu yaşayacaq, Azərbaycanın inkişafına yeni-yeni çalarlar bəxş edəcəkdir. 
 
 
Arzu ABDULLAYEV,
Naxçıvan Dövlət Universiteti beynəlxalq münasibətlər kafedrasının baş müəllimi

 

 

10 2019 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə