Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Ali Neft Məktəbində "Cisco" Akademiyası açılacaq

Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbində (BANM) “Cisco” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi şirkətin Ali Məktəblə birgə effektiv əməkdaşlığının qurulması və perspektiv fəaliyyətin  müzakirəsi olub.

BANM-dan aldığımız məlumatda bildirilir ki, görüşdə “Cisco” şirkətinin Azərbaycan üzrə meneceri İbrahim Səidov, şirkətin ölkə üzrə İnnovasiya üzrə direktoru Ramil Eyyubov, şirkətin əsas partnyorlarından olan “AzNEXT”in baş direktoru Səməd Abbasov və şəbəkələr üzrə mütəxəssisi Emin Seyidov, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyeva və kafedranın professor-müəllim heyəti iştirak edib.

BANM-in rektoru Elmar Qasımov ölkədə fəaliyyət göstərən bir çox yerli və beynəlxalq şirkətlərlə olduqca effektiv əməkdaşlıq qurulduğunu bildirib.

Rektor “Cisco” kimi nüfuzlu şirkət ilə əməkdaşlığı strateji maraq kəsb etdiyini vurğulayıb. O,  gələcəkdə BANM-da Cisco Şəbəkə Akademiyasının və təlim mərkəzinin açılmasının proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələrin yüksək səviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını şirkət nümayəndələrinin diqqətinə çatdırıb.

“Cisco” şirkətinin Azərbaycanda İnnovasiya üzrə direktoru Ramil Eyyubov bildirib ki, şirkətin əsas istiqamətlərindən biri təhsil sahəsidir və şirkətin nümayəndələri ölkədə fəaliyyət göstərən BANM kimi nüfuzlu tədris müəssisəsi ilə əməkdaşlıq qurmağa maraqlıdır.

O qeyd edib ki, gələcəkdə BANM-la qurulmuş əməkdaşlıq nəticəsində şirkətin əməkdaşları proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələri avtomatika sahəsində peşəkar təlimçi kimi yetişdirə bilər.

Görüşdə həmçinin gənclərin innovasiya sahəsindəki startap ideyalarının dəstəklənməsi, zəruri laboratoriyaların qurulması, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik kimi məsələlər də müzakirə olunub.

Şəbəkə texnologiyaları üzrə qlobal brendlərdən sayılan “Cisco” şirkəti 1984-cü ildən fəaliyyət göstərir. Şirkətin dəstəyi ilə yaradılmış Cisco Akademiyalarında İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

9 2019 14:41 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə