Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda “Sosial müdafiə və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilir

Bakıda “Sosial müdafiə və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə Bakıda hökumət və qeyri-hökumət qurumlarının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Sosial müdafiə və dayanıqlı inkişaf” mövzusunda konfrans öz işinə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli BMT-nin 2030--Dayanıqlı İnkişaf Gündəliyinin önəmini, onun dünyada mövcud olan problemlərin, həmçinin yoxsulluq probleminin həllinə  doğru qlobal siyasi qətiyyəti əks etdirdiyini  diqqətə çatdırıb. Bildirib ki, Dayanıqlı İnkişaf Gündəliyindəki məqsədlərə nail olunması sahəsində ölkəmizdə  məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib. “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfrans da BƏT-in Baş direktoru Qay Rayderin iştirakı ilə Bakıda keçirilib. O, həmçinin bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi  ilə  təqdim olunmasına imkan verib.

Konfransın açılışında  AHİK sədrinin müavini Cavanşir Alxasov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin mütəxəssisi Vesna Dzuteska Bişeva, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev, BƏT-in Layiqli əmək üzrə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin sosial müdafiə üzrə mütəxəssisi Jasmina Papa çıxış ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2019 12:08 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə