Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ürək xəstələri mütamadi olaraq həkim nəzarətində olmalıdırlar”

İnvaziv-Kardioloq Emin Hacıbalayev: Son 5 ildə Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra etmişəm

“Ürək xəstələri mütamadi olaraq həkim nəzarətində olmalıdırlar”

İnvaziv Kardioloq Emin Hacıbalayev son illər ürək xəstələrinin artmasının səbəbini açıqlayıb.

Kardioloq Emin Hacıbalayev: 2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika fakültəsində təhsil alıb. Daha sonra 2009-2010-cu illərdə Daxili İşlər Nazirliyinin Arif  Heydərov adına Hospitalının Kardiologiya  şöbəsində həkim-intern kimi öz peşəsinə yiyələnib. 2010–2013-cü illərdə Rusiya Federasiyası, Moskva  şəhərində yerləşən N.A.Bakulyov adına Ürək-damar cərrahiyyəsi üzrə Milli Tibbi Tədqiqat Mərkəzində Angioqrafiya şöbəsində həkim-ordinator kimi çalışıb və invaziv kardiologiya sahəsində sertifikatla təltif olunub. 2012-ci ildə isə elə orada  Kardio-cərrahi müdaxilələrdən sonra “Təcili kompleks  USM diaqnostikası” kursunu müvəffəqiyyətlə bitirib.

2014-cü ildən etibarən Emin Hacıbalayev Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq kimi çalışır. Bu zaman ərzində o, Mərkəzi Gömrük Hospitalda yaradılmış yüksək təchizati şəraitdən yararlanaraq ürəyin koronar damarların angioqrafiyası, balon angioqrafiya, by-pass kontrol (şuntoqrafiya, balon angioplastika və stentləmə), periferik damarların angioqrafiyası (renal, aşağı və yuxarı ətrafların angioqrafiyası və müvəqqəti pacemakerin qoyulması) kimi mürəkkəb invaziv müdaxilələr həyata keçirib.

Kardioloq Emin Hacıbalayev fəaliyyət göstərdiyi Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra edib. 

-Emin müəllim, invaziv kardiologiya barədə məlumat verərdiniz ?

-İnvaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyəti hesab olunur. İnvaziv kardiologiya koronar angioqrafiya adlanan diaqnostika və stent qoyulması da daxil olmaqla geniş və əhəmiyyətli bir sahəni əhatə edir.

Bu əməliyyat sayəsində ürəyi qidalandıran damarlarda darlıq və ya tıxanma olub- olmadığı müəyyən olunur. Koronar angioqrafiya sonrasında dərman müalicəsi, balon-stent tətbiq olunması və ya koronar şuntlama (by-pass) əməliyyatına qərar verilə bilər. 

-Hansı hallarda  xəstələrə açıq ürək əməliyyatı deyil, invaziv kardiologiya metodlarını təklif edirsiniz?

-Açıq ürək əməliyyatı diaqnozu angioqrafiyadan sonra verilə bilər. Birinci biz angioqrafiyanı edirik, damarlardakı vəziyyəti görürük. Angioqrafiyadan əvvəl xəstə bəzi müayinələrdən keçməli və müəyyən analizləri verməlidir.İnsanın əsas 3 damarında daralma sayı çoxdursa, yəni damarlarda daralma faizi çoxdursa, bu halda açıq ürək əməliyyatı üçün tövsiyyə veririk. Bu hal adətən şəkər xəstələrində baş verir.  Əgər daralma sayı azdırsa, biz birinci növbədə stent məsləhət görürük. O cümlədən kəskin infartkla gələn xəstələrdə stent daha məsləhətlidir.

-Son vaxtlar ürəyində narahatlıq olanların stent qoyulması artıb. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, düz vurğulayırsınız. Son illər stent qoyulmasında artım müşahidə olunur. Bunun səbəbi həm diaqnostika sahəsində olan irəlləyişlə bağlıdır, bundan başqa insanların öz sağlamlığına fikir verməsi ilə bağlıdır. Yəni vətəndaşlar vaxtı-vaxtında həkim yanına gələrək öz sağlamlıqlarını qoruyurlar. Lakin stent qoyulmasının şərtləri və göstərişləri var. Stentin qoyulmasına səbəb damarların 70 faiz üstündə  olan daralmalardır. Əgər xəstədə belə hal varsa biz ondan stentin qoyulmasını tövsiyə edirik. Bu da öz növbəsində kəskin infarktın qarşısını almağa kömək edir.

 

-Stendin qoyulmasında yaş fərqi varmı?

-Xeyr, burada yaş fərqi rol oynamır. Bizim 28 yaşdan 86 yaşa kimi xəstəmiz var ki, onlara stent qoyulub. Burada irsiyyət, genetik faktlar rol oynayır.

-İnvaziv prosedurlarla müalicə zamanı risklər nə dərəcədədir?

-İnvaziv prosedurlarla digər prosedurlardakı kimi risklər var. Risklərin ümumi faizi 1000/1 az təşkil edir. Bunların içində insult, qanaxma, damarların cırılması, hətta ölüm riskləri var.  Həmçinin alergik reaksiyaları da bura daxil etmək olar.

-Hər bir xəstə bu müdaxilə  yolu ilə sağala bilərmi?

-İnvaziv  prosedurların birinci məqsədi diaqnozu düzgün qoyma, digəri isə xəstəni sağaltmaqdır. Bu prosedurları etməkdə məqsəd xəstənin ömrünü  uzatmaqdır, onun yaşayış səviyyəsini yüksəltməkdir.

 -Xəstə invaziv prosedurlardan sonra özünü necə qorumalıdır?

 -İnvaziv prosedurlardan sonra xəstə əgər anju olunubsa və damarlarda ciddi darlıq yoxdursa biz tərəfdən müalicə yazılır ki, darlıq artmasın. Kəskin infartktın qarşısını almaq üçün müəyyən qan duruldacaq  dərmanlar məsləhət görürük. Bir məqamı da xüsusi vurğulamalıyam ki, ürək xəstələri xroniki xəstələr sayıldığı üçün mütamadi olaraq həkim nəzarətində olmalıdırlar. Həkimin tövsiyəsinə uyğun olaraq il boyu müəyəən prosedurlardan keçməlidir.

-Əgər xəstəyə stent qoyulubsa, bu halda nə etməldir?

-Əgər xəstəyə stent qoyulubsa onda daha ciddi müalicə alır. Qan duruldan terapiya, ürək çatışmamazlığı terapiyası, həmçinin əgər xəstənin təzyiqi varsa ona uyğun müalicə almalıdır.

-Ürək xəstələri gündəlik qidalara necə riayət etməlidir?

-Ümumiyyətlə əgər xəstədə stent varsa və ya yoxdursa mütləq gündəlik qida rejiminə əməl edilməldir. Çünki son vaxtlar ürək xəstələrinin artmasının bir səbəbi də düzgün qidalanmanın olmaması ilə bağlıdır.Ürək xəstələri  öz qidalarında daha ciddi fikir verməlidirlər.

-İsti yay aylarında ürəyində müəyyən narahatçılıq olanlara nə kimi tövsiyyə verərdiniz ?

-Əgər xəstə bilirsə onun ürəyində müəyyən problemlər var o hər zaman öz üzərində həkimin təyin etdiyi dərmanları gəzdirməlidir. Yəni dərman qəbulu davamlı şəkildə olmalıdır. Xəstə özünü bir müddət yaxşı hiss edirsə bu o demek deyil ki, dərmanların qəbulunu kəsməlidir.  Bir çox xəstələr belə hallarda dərman qəbulundan imtina edirlər. Bu düzgün hal deyil. Yay aylarında tərləmələr tez-tez baş verir. Bədəndə su itkisi olur. Bununla da  qan daha tez laxtalanmağa başlayır. Hətta heç  bir problem olamayan insanlarda müəyyən problemlə meydana çıxır. Bunun üçün isti vaxtlarda insan gərək günün altında maksimum dərəcədə az olsun. Daha çox maye qəbul etməlidir. Ümumiyyətlə isə səhhətində hansısa problem çıxırsa vaxtı-vaxtında həkimə müraciət etməlidir.

-Geniş müsahibə üçün təşəkkür edirik!

-Sağ olun!

 

Dilarə Zamanova,
müdiriyyət üzrə menecer

 

3 2019 15:43 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə