Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Xalça Muzeyinin direktoru beynəlxalq münsiflər heyətinə üzv seçilib

Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, Mərkəzi Asiyanın Sənətkarlığa dəstək Assosiasiyasının yaradıcısı Dinara Çoçun Bayevanın dəvəti ilə Özbəkistan Respublikasının Buxara şəhərində keçirilən Ümumdünya Sənətkarlıq Şurasının (WWC) Keyfiyyət nişanının  təqdimat mərasimində iştirak edib. Tədbirdə Şirin Məlikova beynəlxalq münsiflər heyətinə üzv seçilib. Münsiflər heyətində, həmçinin Dinara Çoçunbayeva (Qırğızıstan), Edrik Onq (Malayziya), Aycan Bekkulova (Qazaxıstan) təmsil olunublar.

Şirin Məlikovanın dediyinə görə, Orta Asiya ölkələrində el sənətlərinə ciddi bir maraq  yaranıb.  Orta Asiyanın bütün ölkələrində qədim el sənətlərinə yenidən böyük maraq oyanır. Bu sənətlərə böyükdən kiçiyədək hər bir ailə üzvünü cəlb edirlər. Bu cəfakeş insanların əvəzsiz işi sayəsində yüzlərlə və minlərlə ailə özünü maddi cəhətdən təmin edir, bununla yanaşı, ölkənin iqtisadiyyatı inkişaf edir. Digər bir tərəfdən isə  bu, onların ölkələrinin mədəniyyətinin dünyada tanınmasını təşviq edir.

Şirin Məlikova səfər çərçivəsində bir sıra görüşlər də keçirib. O, Buxarada güləbətin tikmə fabrikini ziyarət edərək işin həcmi, istifadə olunan materiallar, tikmə texnikaları ilə tanış olub. Məlumat verilib ki, fabrikdə 40 tikməçi qadın işləyir. Bununla yanaşı, fabrik evdə işləyən qadınlarla da əməkdaşlıq edir. Ağır məxmər kimi parçalar əsasən Almaniyadan alınır. Ən böyük sifarişlər isə Rusiya və Qərbi Avropa ölkələri üçün hazırlanır.

Səfər zamanı Şirin Məlikova Özbəkistanın Gijduvan keramika məktəbinin görkəmli nümayəndəsi Abdullo Nazrullayevin Buxara yaxınlığındakı emalatxanasını ziyarət edib. Nəsillər boyunca Nazrullayevlər ailəsi bu sənət növü ilə məşğul olur. Hal-hazırda emalatxana nəzdində məmulatların çeşidindən ibarət qalereya və qədim keramika nümunələrinin toplandığı muzey fəaliyyət göstərir. Şirin Məlikova sözügedən müəssisənin gələcəkdə Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlığı çərçivəsində keramika və tikmə sənətinə həsr olunmuş birgə sərginin təşkilinin mümkünlüyünü bildirib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 2018 15:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə