Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun salınması davam edir

Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun salınması davam edir

Son illər müasir yol infrastruktuna ayrılan diqqətin davamı kimi, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq salınması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə tikinti işləri davam etdirilir. Bu barədə sözügdən agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə,  M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək. Ümumilikdə,  tikinti işləri layihələndirmə ilə paralel aparılır.

Layihənin 1-ci lotu üzrə 2 ədəd yol qovşağı, 1 ədəd yol ötürücü körpü, 1 ədəd kanal körpüsü, 4 ədəd düzbucaqlı yeraltı avtomobil keçidi, 33 ədəd müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min paqon-metr beton baryerlərin tikilməsi nəzərdə tutulub.

Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Yeni yolun tikinti layihəsinə uyğun olaraq əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək.

Ümumilikdə layihəboyu yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların tikintisi, işıqlandırma işlərinin görülməsi, ayrıcı zolaqda beton çəpərlərin quraşdırılması, tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədi ilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.

Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır.

Yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək.

Yeni avtomobil yolunun salınması nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat  dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaqdır.

Xatırladaq ki, 7 dekabr 2017-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun təməl qoyma mərasimi keçirilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

7 2018 15:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə