Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı YUNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub

“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı YUNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub

Bu il ölkəmizin mədəni həyatında ən mühüm beynəlxalq hadisələrdən biri 30 iyun – 10 iyul tarixlərində Bakıda keçiriləcək YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası olacaq.

Dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatılacağı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, eyni zamanda Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır. Əcnəbi qonaqlara ölkəmizin mədəni palitrası barədə dolğun məlumat vermək məqsədilə nəşr edilən “Culture Guide” mədəniyyət bələdçisinin yeni çapdan çıxan xüsusi buraxılışı da Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub.

“Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanan nəşrdə YUNESKO -nun Dünya İrs Komitəsi, Azərbaycanın bu quruma üzvlüyü və 2019-cu ildə sədrlik etməsi, 43-cü sessiya və sessiya çərçivəsində keçirilən tədbirlər, o cümlədən Qobustan Milli Tarix Bədii Qoruğunda, Qəbələ Dövlət Tarix Bədii Qoruğunda xüsusi olaraq təşkil ediləcək sərgilər barədə məlumat verilir.

Xüsusi buraxılışdakı yazıların böyük əksəriyyəti isə Azərbaycanın tarixi-mədəni zənginliyinin təqdimatına həsr olunub. Nəşr ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı yazı ilə açılır. Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı vurğulanır, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılır. “Böyük şair, mütəfəkkir, humanist” başlıqlı yazıda Nəsimi irsinin dünyada tanınması, şairin yubileyinin iki dəfə (1973, 2017) YUNESKO səviyyəsindən qeyd olunmasından bəhs olunur.

Nəşrdə bildirilir ki, ölkəmizin bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri dünya mədəniyyəti xəzinəsinə daxil edilib. Xüsusi buraxılışın “Azərbaycanın mədəni dəyərləri YUNESKO siyahılarında” bölməsində bununla bağlı silsilə yazılar verilib.

Qeyd olunur ki, Azərbaycan muğamı 2003-cü ildə YUNESKO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin incisi” elan edilib. 2008-ci ildə isə YUNESKO -nun qeyri-maddi mədəni irs haqqında konvensiyasının qüvvəyə minməsindən və onun əsasında Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı tərtib olunmağa başlayandan sonra bu siyahıda Azərbaycandan ilk olaraq muğam sənəti yer alıb. “Muğam Azərbaycan xalqının milli və mədəni sərvətidir” – Prezident İlham Əliyevin bu sözləri diqqətə çatdırılır, Birinci vitse-prezident, YUNESKO -nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə digər mədəni irs nümunələrimizin də dünyada təbliği və YUNESKO siyahılarına daxil edilməsi istiqamətimdə görülən məqsədyönlü işlərdən bəhs olunur.

2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb. “Aşıq sənəti – dil, ədəbiyyat və musiqini yaşadan sənət” başlıqlı yazı bu barədədir. Növbəti ildə (2010) bu siyahı Azərbaycan xalça sənəti ilə zənginləşib. “Naxışlarda yaşayan irs” adlı yazıda xalq sənətinin bu qədim növünün tarixi, məktəbləri, müasir dövrdə xalçaçılıq ənənələrinin yaşadılması və təbliğindən, dünyada ilk olan Azərbaycan Xalça Muzeyindən söz açılır.

Novruz bayramı Azərbaycanın da təşəbbüsü və yaxından iştirakı ilə iki dəfə – 2009 və 2016-cı illərdə çoxmillətli nominasiya olaraq YUNESKO-nun siyahısına salınıb. “Minilliklərin bayramı” başlıqlı yazı milli-mədəni irsimizin, adət-ənənələrimizin ən qədim yaddaşı olan Novruza həsr olunub.

Daha bir yazı 2014-cü ildən YUNESKO-nun siyahısında yer alan Azərbaycanın kəlağayı sənəti barədədir. “Azərbaycanın çoxəsrlik tarixə malik misgərlik sənəti” sərlövhəli materialda isə 2015-ci ildə bu siyahıya daxil edilən xalq sənətinin İsmayıllı rayonun Lahıc qəsəbəsində əsrlərlə yaşadılmasından bəhs olunur.

YUNESKO -nun siyahısında Azərbaycanın zəngin mətbəxinin nümunələri də var. Nəşrdə ölkəmizin 2016-cı ildə Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi “Lavaşın (nazik çörəyin) hazırlanma və paylaşma mədəniyyəti”, eləcə də dolmanın hazırlanma və paylaşma ənənəsi (2017) barədə yazılar verilib.

Xüsusi buraxılışda Azərbaycanın bölgələrinin tarixi-mədəni irsi haqqında da bəhs olunur. “Qarabağ – Azərbaycanın mədəniyyət beşiyi” adlı yazıda əzəli yurd yerimizin mədəni, ədəbi və sənət irsi haqqında söz açılır, işğal altındakı torpaqlarımızda xalqımızın mədəni sərvətinin dağılıb-talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.

“Açıq səma altında muzey-şəhər” adlı yazıda Şəkinin qədim tarixi-mədəni irsi haqqındadır. Şəki şəhərinin tarixi hissəsi və Şəki xanları sarayının YUNESKO-nun Dünya irsi siyahısına namizəd olduğu vurğulanır.

Nəşrdə həmçinin Azərbaycanın qədim abidələr diyarı olduğu müxtəlif nümunələrlə qeyd edilir, tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası ilə bağlı görülən işlərdən söz açılır. “Qədim torpağın abidələri” yazısında Naxçıvanın zəngin irsi, Möminə xatın, Qarabağlar türbələri kimi dünya əhəmiyyətli abidələr, Əshabi-Kəhf və s. haqqında məlumat verilir. Daha bir yazı əsrarəngiz təbiət hadisəsi – Azərbaycanın palçıq vulkanları haqqındadır.

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisinin üz qabığında ənənəvi olaraq görkəmli rəssamlarımızın məşhur əsərlərinin reproduksiyası verilir. Bu dəfə “Culture Guide”ın üz qabığında Xalq rəssamı Əşrəf Heybətovun “Salam, Azərbaycan” tablosu əks olunub.

 

“Xalq qəzeti”

27 2019 15:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə