Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xalq teatrları peşəkar səhnənin beşiyidir” adlı konfransı keçirildi

“Xalq teatrları peşəkar səhnənin beşiyidir” adlı konfransı keçirildi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən III Respublika Xalq Teatrlarının Festivalı çərçivəsində iyunun 25-də Muzey Mərkəzində ilk dəfə Respublika Xalq Teatrları Konfransı keçirildi.

“Xalq teatrları peşəkar səhnənin beşiyidir” adlı konfrans Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Azərbaycan teatr ənənələrinin qorunması və inkişafına dəstək göstərilməsi, peşəkar teatr üçün baza rolunu oynayan xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin stimullaşdırılması, gənc nəslin bu sahəyə marağının artırılması məqsədilə təşkil olunub.

Konfransın açılışında çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov başa çatan III Respublika Xalq Teatrlarının Festivalının əhəmiyyətindən söz açdı. Bildirdi ki, məhsuldar gündəliyi olan, final mərhələsində 13 kollektivin çıxış etdiyi festival yerlərdə teatr sənətinin inkişafına töhfə olacaq. Bu gün dövlət tərəfindən mədəniyyətin bütün sahələrinə, o cümlədən teatr sənətinə diqqət və qayğı göstərildiyini deyən nazir müavini peşəkar teatr kollektivlərinin formalaşmasında xalq teatrlarının mühüm rolunu vurğuladı. Bildirdi ki, xalq teatrlarının yerlərdəki mədəni mühitdə hərəkətverici missiyasına nail olmaq, onların fəaliyyət dairəsini genişləndirmək ümdə vəzifələrdəndir.

Rafiq Bayramov xalq teatrlarının gələcək fəaliyyəti üçün konfrans iştirakçılarından konkret təkliflər gözlədiklərini və nazirliyin xalq teatrları ilə bağlı bundan sonra da sistemli iş aparacağını dedi. Qeyd etdi ki, bu kimi konfranslar, fikir mübadilələri xalq teatrlarının inkişafına, onların yaradıcılıq səviyyəsinin artırılmasına kömək edir. Nazir müavini ayrı-ayrı rayonlarda yeni xalq teatrlarının yaradılması üçün zəmin yaradılmasının vacibliyini də qeyd etdi.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxışında iki paneldə davam edəcək konfransın həm hesabat xarakterli fikirlər, həm də qarşıda duran məqsəd və vəzifələrlə bağlı konkret təkliflər üçün imkan yaratdığını vurğuladı.

Sonra konfrans “Xalq teatrlarına dövlət qayğısı” və “Xalq teatrlarının perspektivi” adlı iki paneldə işini davam etdirdi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 2019 13:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 İyul 2019 | 12:52
ANAMA 21 yaşında

Köhnə versiyamızdan xəbərləri izlə