Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsiminin qəzəllər toplusu Moskvada nəşr olunub

Nəsiminin qəzəllər toplusu Moskvada nəşr olunub

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə   rus dilində ərsəyə gətirdiyi qəzəllər toplusu Moskvada nəşr olunub.

Moskva Yazıçılar Birliyinin “У Никитских ворот” nəşriyyatında çap olunmuş kitabın tərtibçisi və ön sözünün müəllifi Püstə Axundovadır.

Kitaba daxil edilmiş 200-ə yaxın qəzəl və rübai Nəsimi yaradıcılığını işıqlandıran “Ədədi həqiqətin poeziyası” adlı məqalə, eləcə də əsərlərdə yer alan mürəkkəb sözlərə dair izah və şərhlərlə verilib.

Məqalədə bildirilir: “Böyük Azərbaycan şairi, filosof-mistik, bütün dövrlərin ən məşhur yeddi sufisindən biri Nəsiminin  qəzəl və rübailəri hələ sağlığında bir çox dillərə tərcümə olunaraq Orta Asiya ərazisində, Türkiyədə və İranda geniş yayılmışdı. Yaradıcılığının ilkin mərhələsində sufizmə meyil edən şair sonradan ustadı – asket və mistik Fəzlullah Nəiminin əsasını qoyduğu hürufizmə qoşulur.

Nəsiminin Azərbaycan, o cümlədən türkdilli xalqların ədəbiyyatındakı yeri onun divan poeziyasının formalaşmasında oynadığı rolla müəyyən olunur. Eyni zamanda, onu Azərbaycan fəlsəfi şeirinin banisi də hesab etmək olar. Nəsimi, sözün həqiqi mənasında, mütəfəkkir şairdir, bütün yaradıcılığında dünyanın yaranışı, İnsan--Tanrı münasibətləri, insanın tanrının bir zərrəsi, təcəllası olması, onun həyatda, cəmiyyətdə mövqeyi, bu dünyaya təsadüfi deyil, xüsusi missiya ilə gəlməsi vurğulanır”.

R.TAHİR,

“Xalq qəzeti”

 

26 2019 01:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə