Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxıda Nəsiminin 650 illiyinə həsr olunmuş elmi sessiya

Şamaxıda Nəsiminin 650 illiyinə həsr olunmuş elmi sessiya

İyunun 22-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Sessiyada iştirak etmək üçün akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Ədəbiyyat İnstitutunun əməkdaşları və İnstitutun qonaqları olan Pakistan Muslim İnstitutunun direktoru və Londondakı nümayəndəsi Şamaxı şəhərinə yola düşüblər. Bu barədə AMEA Nizami Gəncəvi adına  Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və gül dəstələri qoyulub. Sonra Nəsiminin büstü, qardaşı Şahxəndanın türbəsi və Mirzə Ələkbər Sabirin qəbrinə baş çəkilib.

Elmi sessiya Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilib. Sessiyanı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq iştirakçıları salamlayıb. İcra başçısı çıxışında bildirib ki, Ədəbiyyat İnstitutunun təşəbbüsu ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş növbəti tədbirdə toplaşmışıq. Bildiyimiz kimi, Nəsiminin 650 illik yubileyi münasibəti ilə ölkəmizin rəhbəri cənab Prezident İlham Əliyev bu ili “Nəsimi ili” elan edib. Biz bu gün Nəsiminin doğulub böyüdüyü, yaşayıb-yaratdığı bir məkandayıq. Bu toplantıda Elmlər Akademiyası ilə əməkdaşlıq edən pakistanlı dostlarımız da iştirak edirlər. Nəsimi özünü laməkan adlandırırdı və bu gün onun yaradıcılığının coğrafiyası göstərir ki, həqiqətən də, Nəsimi dediyi kimi də var. Nəsiminin əsərlərinin həyat fəlsəfəsi istənilən situasiyada həmişə cəmiyyəti, insanları düşünməyə sövq edir. Bu gün dövlətimizdə elə bir münbit mühit mövcuddur ki, biz dünyanın müxtəlif xalqlarının nümayəndələri ilə birgə öz yazarlarımızı təhlil edirik. Minimalizm hələ XV əsrdə Nəsimi fəlsəfəsinin və onun keçdiyi məktəbin özəyini təşkil edirdi. Bu gün dünya bunu araşdırır, yəni minimuma qane olmaq fəlsəfəsini. Nəsimi insanın yaradılanların arasında ən ali varlıq olduğunu daim vurğulayırdı və onları sülhə səsləyirdi. İnsanları allahı, insanlığı, təbiəti, sənəti-sözü sevməyə səsləyirdi. Nəsiminin dahiliyi ondadır ki, onun əsərləri və yaradıcılığı bütün dövrlər üçün aktualdır. Bu gün ən ucqar Qərb ölkələri, Cənubi Amerika ölkələri daxil olmaqla Asiya ölkələrinin hər birində onun fəlsəfəsi araşdırılır, öyrənilir.  Mən Nəsimi torpağında bir daha bütün qonaqlarımıza xoş gəldiniz deyirəm. Nəsimi yaradıcılığını araşdıranların hər birinə təşəkkür edib, onlara müvəffəqiyyətlər arzulayıram.

Sonra AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edib. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin vətənində Ədəbiyyat İnstitutunun əməkdaşlarını və pakistanlı qonaqları əsl Azərbaycan qonaqpərvərliyi ilə qarşıladığı üçün içra başçısına və bütün Şamaxı sakinlərinə kollektiv adından təşəkkürünü bildirib.

Akademik geniş və əhatəli çıxış edərək xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu il bütövlükdə “Nəsimi ili” elan edilib.  Həmçinin bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası həm ölkə daxilində, həm də beynəlxalq miqyasda 6-7 ölkədə tədbirlərdə iştirak edib. Bizim bugünki bura səfərimiz də Nəsiminin vətənində, Şamaxı ictimaiyyəti ilə bir yerdə Nəsimiyə olan mənəvi borcumuzu yerinə yetirməkdən ibarətdir. Nəsimi laməkanlıq səviyyəsinə bu məkandan yüksəlib.

Biz bu gün Ədəbiyyat İnstitutunun kollektivi ilə Nəsiminin heykəlini, Sabirin məzarını ziyarət etdik. İmadəddin Nəsimi də, Mirzə Ələkbər Sabir də ədəbi məktəb yaratmış sənətkarlardır. Nəsiminin bir böyük xidməti də dövrün bir çox ehkamlarını qıraraq, sənətin bir çox sədlərini aşaraq Azərbaycan ədəbiyyatı tarixində insanı müqəddəs varlıq səviyyəsində tərənnüm etməsindən ibarətdir. Ulu Nəsiminin mənsub olduğu hürufizm cərəyanının hüdudlarının genişlənməsi iki böyük şəxsiyyətin adı ilə bağlıdır. Bunlardan biri hürufizmin nəzəriyyəsini yaradan Fəzlullah Nəimi, digəri isə sənətdə və ədəbiyyatda hürufizmi ən yüksək səviyyəyə qaldıran Nəsimidir. Nəsimi insanı ənəlhəqq səviyyəsinə qaldırdı. Hesab edirəm ki, Nəsiminin yaradıcılığı insan haqqında bəşəri bir himn, insanlıq haqqında bir manifestdir. Nəsiminin obrazı öz əsərlərində çox aydın şəkildə görsənir. Onun “Sığmazam” qəzəli, məncə, hər şeydən qabaq Nəsiminin proobrazıdır. Biz fəxr edirik ki, bu, cahana və zamana sığmayan şair Azərbaycan şairidir. Onun məğrur sözü həmişə insanlığın və mənsub olduğu xalqın xidmətindədir. Nəsiminin kamil insan konsepsiyası ümumşərq ədəbiyyatının konsepsiyasına çevrilə bilib.

Akademik həmçinin əlavə edib ki, Ümummilli lider Heydər Əliyev sovet rejiminin ən çətin zamanlarında Nəsimini bir daha Azərbaycan xalqına qaytarmaq məqsədi ilə 1973-cü ildə onun 600 illik yubileyini YUNESKO səviyyəsində keçirməyə müvəffəq olub. Bakıda Nəsimiyə heykəl ucaltmaqla, Nəsimi rayonu yaratmaqla, Nəsimi metro stansiyası açmaqla, “Nəsimi” filmi çəkdirməklə “Nəsimi” poeması yazdırmaqla, “Nəsimi” küçəsi saldırmaqla onun Azərbaycan xalqına mənsub olduğunu heç bir mübahisəyə yol qoymadan isbat etdi. Nəsiminin əsərlərini ingilis, rus və digər dünya dillərinə tərcümə etdirib dünyaya yaydı. Bu gün cənab Prezident İlham Əliyevin 2019-cu ili bütövlükdə Nəsimiyə həsr edən Sərəncam imzalaması müstəqillik dövründə yenidən dünyada baş verən bu hadisələrin fonunda bu cür meyllərin qarşısını kəsmək, Nəsiminin azərbaycanlı olduğunu bütöv bəşəriyyətə çatdırmaq missiyasını həyata keçirməyə şərait yaradır. Prezidentimizin dəstəyi və Leyla xanım Əliyevanın təşəbbüsü ilə sentyabr ayında keçirilən Nəsimi festivalında əllidən çox dünya xalqının nümayəndəsinin iştirak etməsi dövlət tərəfindən seçilmiş yolun nə qədər doğru olduğunu bir daha sübut etdi. “Nəsimi ili” başa çatmamış Moskvada Nəsiminin büstünün ucaldılması Azərbaycan diplomatiyasının, İlham Əliyev siyasətinin böyük uğurudur. Nəsimi öz həyatındakı faciəvi sonluğu ilə əslində şəhidlik zirvəsinə yüksəlmiş ilk və müqayisəsiz Azərbaycan sənətkarıdır. Mən bunu böyük Azərbaycan şairinin təkrarsız qəhrəmanlığı hesab edirəm.

Çıxışının sonunda akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutundan Şamaxı rayonundakı kitabxanalara hədiyyə etmək üçün xeyli kitab gətirildiyini qeyd edib. Həmçinin İnstitutun nəşr etdiyi iki sanballı kitabı icra başçısı Tahir Məmmədova hədiyyə verib. Sonra Ədəbiyyat İnstitutunun alimləri Nəsimi haqqında məruzələri ilə çıxış ediblər.

Professor Qəzənfər Paşayev “Ədəbiyyat və incəsənətdə Nəsiminin bədii obrazı” adlı məruzə ilə çıxış edib. O, çıxışında Nəsiminin ölümündən on il sonra Hələb məhkəməsinin ona bəraət verdiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, bu gün dünyanın əllidən artıq kitabxanasında Nəsiminin əlyazmaları var. Nəsiminin ədəbiyyatımıza gətirdiyi ilklərdən biri qıfılbənd janrı və tərs əlifba və ya əlif-lamdır. İlk dəfə 1926-cı ildən Nəsiminin tədqiqinə başlanılıb və Salman Mümtaz onun əsərlərini çap etdirib. 1943-cü ildə rus şairi Serqey İvanov “İmadəddin Nəsimi” adlı poema yazıb, həmin əsər Səməd Vurğunun ön sözü ilə nəşr edilib. Sonralar 1968-ci ildə Rəsul Rza “Son gecə”, İsa Hüseynov “Məhşər”, Qabil “Nəsimi” əsərlərini və Fikrət Əmirov “Nəsimi dastanı” baletini ölməz sənətkarımıza ithaf edib.

Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova “İmadəddin Nəsiminin soykökü və şəcərəsi” adlı məruzə ilə çıxış edib. Bundan başqa filologiya elmləri doktoru Rəhim Əliyev “Nəsimi yaradıcılığında hürufilik və islam”, filologiya üzrə fəlsəfə doktorları Zəkulla Bayramlı “Azərbaycan ədəbiyyatında Nəsimi ənənələri” və Qədim Qubadov “Nəsimi və folklor” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda pakistanlı qonaq professor Sahibzadə Sultan Ahmed Ali öz təəssüratlarını bölüşüb və Nəsimi torpağında olmaqdan məmnun qaldığını bildirib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

25 2019 15:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə