Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tokioda növbəti dəfə səslənən Azərbaycan musiqisi nümunələri alqışlarla qarşılanıb

Tokioda növbəti dəfə səslənən Azərbaycan musiqisi nümunələri alqışlarla qarşılanıb

Tokionun tanınmış əyləncə mərkəzlərindən olan Kakurazaka rayonunda yerləşən “U-MA - Live hous”da keçirilən “Azərbaycan musiqisi axşamı” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tokioda fəaliyyət göstərən “Musiqi evi”nin və yapon tarzən Kiyoşi Ohiranın təşəbbüsü ilə təşkil edilən konsertdə yerli musiqisevərlər, diasporumuzun nümayəndələri iştirak ediblər.

Artıq neçə illərdir ki, Yaponiyada yaşayan azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın və yapon musiqiçi Kiyoşi Ohiranın tarda və sazda səsləndirdiyi milli musiqi nömrələri və bəstəkar mahnıları tamaşaçıların böyük marağına səbəb olub.

Əvvəlcə tədbir iştirakçılarına Azərbaycan, onun qədim və zəngin musiqi mədəniyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçib. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Bütün dünyada yaxşı tanınan Azərbaycan muğamının və aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi xüsusi vurğulanıb.

Konsertdə Azərbaycan milli musiqisi nümunələri, bəstəkar mahnıları və caz musiqisi səslənib. “Dağların başı”, “Azərbaycan maralı”, “Bayatı -Şiraz”, “Sarı gəlin”, “Ay Laçın”, Tofiq Quliyevin “Özgə xəyal eyləmə”, Üzeyir Hacıbəylinin “O, olmasın, bu olsun” komediyasından mahnı, Qəmbər Hüseynlinin “Ay işığında”, Adil Gərayın “Yar gəldi” mahnıları, məşhur caz ustası Vaqif Mustafazadənin yaradıcılığından nümunələrin məharətli ifası tamaşaçıların alqışlarına səbəb olub. Kiyoşi Ohiranın sazda ifa etdiyi musiqi nömrələri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertin təşkilatçılarından biri, “Musiqi evi”nin yaradıcısı G.Səfərova bildirib ki, məqsədimiz qədim tarixi və zənginliyi ilə seçilən Azərbaycan musiqisini yaponlara daha yaxından tanıtmaqdır: “Yaponiyada Azərbaycan musiqisinə, mədəniyyətinə çox böyük maraq var. Siz özünüz də dinləyicilərin musiqiçilərin ifasını necə hərarətlə qarşıladığının şahidi oldunuz. Düşünürəm ki, həzin və gözəl musiqimiz tamaşaçılarda çox xoş hisslər doğurdu. Zəhmət çəkib gələnlərin hamısına minnətdarlığımızı bildiririk”.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2019 12:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə