Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb

Xəbər verildiyi kimi, iyunun 19-da Avstriyanın paytaxtı Vyana şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib. Təşkilat Komitəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadə tədbirin yüksək səviyyədə keçirilməsinə xüsusi diqqət göstərdiklərinə görə beynəlxalq konfransın iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə minnətdarlıq məktubu ünvanlayıb. AZƏRTAC-ın təqdim etdiyi məktubda deyilir: 
“Avstriya Respublikasının paytaxtı Vyana şəhərində keçirilən “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın iştirakçıları, 30-a yaxın ölkəni təmsil edən dövlət, elm və din xadimləri, 20-dən çox beynəlxalq təşkilatın nümayəndələri və digər mötəbər qonaqlar adından bu tədbirin yüksək səviyyədə keçirilməsinə xüsusi diqqət göstərdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, xristianofobiya hallarının müşahidə olunduğu, terrorizm, separatçılıq, dini radikalizm kimi bəşər sivilizasiyasını təhdid edən hadisələrin yaşandığı bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm və tolerantlıq modelinə, sivilizasiyalararası əməkdaşlığa böyük ehtiyac vardır. Avropanın mərkəzi dövlətlərindən sayılan Avstriya Respublikası tərəfindən bu qlobal təşəbbüsün dəstəklənməsi olduqca təqdirəlayiqdir. “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın gedişatı bir daha sübut edir ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən, bəşəriyyətin sabitliyinə xidmət edən belə ali forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir. 
Konfransın mötəbər qonaqları, dini qurumların və beynəlxalq təşkilatların rəhbərləri dinlər, konfessiyalar və sivilizasiyalararası dialoqa, multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi əhəmiyyət verən Avstriya və Azərbaycan dövlətinin rolunu yüksək qiymətləndirirlər. Əminik ki, konfransın ali məqsədi olan bəşəri həmrəylik ideyası sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verəcəkdir. 
Uca Yaradan hər zaman yardımçınız olsun! Amin. 
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın iştirakçıları adından dərin hörmət və ehtiramla, 
Şeyxülislam Allahşükür Paşazadə Təşkilat Komitəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi”

25 2019 01:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə