Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial islahatlar dövlət – vətəndaş münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir

Sosial islahatlar dövlət – vətəndaş münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir

Prezident İlham Əliyevin 2019-cu ilin  əvvəlindən  imzaladığı fərman və sərəncamlar, əsasən, əhalinin  sosial müdafiəsinin daha da  gücləndirilməsinə yönəlib.  Ümumilikdə, ölkəmizdə  insan amilinə verilən yüksək  dəyər  dövlət siyasətinin ana xəttini təşkil edir. Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması dövlət başçısının həyata keçirdiyi siyasətin prioritetini təşkil edir. Son vaxtlar imzalanan silsilə sərəncam və fərmanlar da bundan  xəbər verir. 

Məlum olduğu kimi,  ölkə başçısı  iyunun  18-də imzaladığı sərəncamlarla bu sahədə daha bir qətiyyətli addım atdı. Prezident İlham Əliyevin sosial sahədə növbəti inqilabi sərəncamları ilə  dövlət büdcəsindən maliyyələşən bir çox təşkilatlarda çalışan rəhbər və digər işçilərin, hərbi qulluqçuların  – müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla – xüsusi rütbəsi olan əməkdaşları vəzifə maaşları orta hesabla 40 faiz həcmində artırılıb. Dövlət başçısının digər sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib. 
Əməkhaqları artırılan dövlət təşkilatları sırasında Mərkəzi Seçki Komissiyası da var. Komissiyanın üzvü Qabil Orucov əhalinin sosial  müdafiəsinin daha da gücləndirilməsi istiqamətində dövlət başçısının fərman və sərəncamlarına münasibət bildirərkən dedi ki, bunlar alqışa layiqdir  və əhali tərəfindən məmnunluqla qarşılanır: ”Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl və davamlı xarakter daşıyır. Son illər bu istiqamətdə imzalanan sərəncamlar sosial paket çərçivəsində həyata keçirilir. İlin əvvəlindən bu günə qədər şəhid ailələrinin, məcburi köçkünlərin, Qarabağ əlillərinin və fiziki qüsurlu şəxslərin müavinətlərinin  artırılması, həmçinin problemli kreditlərlə bağlı məsələnin  birdəfəlik  həll edilməsi ölkədə insan amilinə verilən yüksək dəyərin nəticəsidir.  2019-cu ilin əvvəlindən Prezidentin imzaladığı  sosial paketdən 3 milyona yaxın insan yararlanıb. Bu il ərzində vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə  imzalanmış çoxlu sayda  sərəncamlarla təxminən 1,5 milyard manat vəsait ayrılıb. 
Q.Orucov dedi ki, ölkə başçısı çıxışlarında bundan sonra da sosial sahənin gücləndirilməsinə diqqətin daim  artırılacağını bəyan edib: “Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə, buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə ciddi məşğuluq”.
MSK üzvü  bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin mühüm tərkib hissəsi olan sosial siyasət sahəsində atılan müsbət addımlar vətəndaşlarımızın  həyat səviyyəsinin daha da yüksəldilməsinə xidmət edən amillərdəndir: “Son dövrlər ölkəmizdə bu sahədə aparılan məqsədyönlü işlər sosial sferanın inkişafına öz töfhələrini verməkdə davam edir. Məlumdur ki, sosial sahədə inkişafın təmin olunması bu və ya digər qaydada maddi istehsalla bağlıdır. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilmiş qaydada inkişafının təmin olunması üçün həyata keçirilən fəaliyyətlər bir çox qeyri-istehsal sahələri kimi sosial sahədə də inqilabi nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaradır. Vətəndaşlarımızın maddi rifahının daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən düşünülmüş siyasət dövlət – vətəndaş münasibətlərinin düzgün qurulmasından xəbər verir”. 
Onun sözlərinə görə, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar istehsal müəsisələrinin açılması yeni iş yerlərinin əmələ gəlməsi ilə nəticələnib. Bu da istehsal və sosial sfera arasında ümumi iqtisadiyyat proporsiyası yaradır: “Bütün bunlardan  belə bir nəticəyə gəlmək mümkündür ki, sosial sferada həyata keçirilən islahatların mümkünlüyü məhz iqtisadi inkişafın təmin olunmasından asılıdır. Daha sadə ifadə etsək, əgər güclü və dayanıqlı iqtisadiyyat mövcud deyilsə, deməli, sosial inkişafdan danışmaq yersizdir. Bu mənada, biz tam məsuliyyətlə deyə bilərik ki, ölkəmizdə əsaslı sosial siyasətin təmin olunması, məhz dayanıqlı və güclü iqtisadiyyata sahib olmağımızla əlaqədardır”.
Q.Orucov daha sonra sosial sferanı əhatə edən mənzil-kommunal təsərrüfatı, sərnişin nəqliyyatı, rabitə, səhiyyə, təhsil, mədəniyyət, incəsənət, elm, turizm və digər bu kimi sahələrdə aparılan islahatların insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına öz töhfəsini verdiyini də diqqətə çatdırdı. Bildirdi ki, Prezident İlham Əliyevin 2019-cu ilin əvvəlindən bu vaxta qədər imzaladığı fərman və sərəncamlara diqqət yetirsək, bir daha aydın olar ki, insanların sosial müdafiəsinin gücləndirilməsinin proritetliyi ümumi dövlət siyasətinin ana xəttini təşkil edir: “Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləğinin 40 faizə yaxın artırılaraq 250 manata çatdırılması özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq.  Möhtərəm Prezidentimiz tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial  təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən sərəncam və fərmanlar, ümumilikdə 2 milyondan çox insanı əhatə edir. 

 

Söhbəti qələmə aldı: 
Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

25 2019 00:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə