Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritetidir

Əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritetidir

Azərbaycanda aparılan islahatların istiqamətinin və hədəflərinin düzgün müəyyənləşdirilməsi, qəbul olunan qərarların uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafını sürətləndirib və əhalinin rifahını yaxşılaşdırıb. Bu baxımdan Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il iyunun 18-də imzaladığı sərəncam mühüm əhəmiyyətə malikdir. Həmin sənəd  respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması sahəsində bu ilin ilk aylarından atılan inqilabi addımların davamıdır. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Onlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Həmin artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, cari il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.
Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.
Yeni “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Belə ki, bundan əvvəl dövlət başçısının bu il fevralın 8-də imzaladığı sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılıb və həmin artım 600 minədək insanı əhatə edib.   Dövlət başçısının uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verib.
Yeri gəlmişkən, onu da qeyd edim ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” növbəti sərəncamla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında 2-ci yerdə qərar tutacaq. İyunun 18-də imzalanan digər sərəncamlarla, eyni zamanda, müxtəlif qurumlarda çalışanların əməkhaqlarının cari il sentyabrın 1-dən orta hesabla 20-40 faiz artırılması tapşırılır. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir.
Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin ediləcək. Bununla əlaqədar qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub. Bu artım 660 min pensiyaçını əhatə edəcək.
Onu da qeyd edək ki, bu artım ölkə başçısının təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə edib. Göründüyü kimi bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla 116 manatdan 200 manata çatdırılıb.
Beləliklə, dövlət başçısının iyunun 18-də imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının, eləcə də dövlət başçısının qanunvericilik təşəbbüsü nəticəsində minimum pensiyanın artırılması birbaşa olaraq 2,1 milyondan çox vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verəcək.
Qeyd edilənlər Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin daha bir mühüm nailiyyəti, dövlət başçısının əhalinin rifahına ardıcıl dəstəyinin əyani göstəricisi, ölkənin sosial inkişafında növbəti ciddi irəliləyişdir.

 

Əli NURİYEV, 
AMEA-nın müxbir üzvü, professor

25 2019 00:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə