Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətin qüdrətinin və davamlı inkişafının qarantı

Dövlətin qüdrətinin və davamlı inkişafının qarantı

Hər bir dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə dövlətin güzgüsüdür. Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar ­edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz ­deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır.
 İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 


Dövlət qulluğu dövlət idarəçiliyi sistemində aparıcı yer tutur və dövlət idarəçiliyinin səmərəliliyini təmin edən başlıca mexanizmdir. Bu, bütün dünyada qəbul edilən faktdır ki, istənilən dövlətin imici dövlət qulluğu sisteminin inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsindən birbaşa asılıdır. Birmənalı olaraq, bu sahədə dəyişikliklər yalnız dövlət qulluqçularının ölkənin tərəqqisi naminə xidmət göstərməyə və Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, xalqın qulluqçuları olmağa çalışdıqları təqdirdə uğurlu nəticələrə gətirib çıxarır. İstənilən zaman və məkanda dövlət qulluğu sisteminin gələcəyini müəyyən edən mənəvi meyar məhz budur. Azərbaycanın ictimai həyatın bütün sahələrində qazandığı nailiyyətlərin kökündə də ölkə rəhbərliyinin bu reallığa əsaslanan inkişaf strategiyasına sadiq qalması dayanır. 

Bəlli olduğu kimi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan demokratik prinsiplərə əsaslanan dövlət quruculuğu sahəsində qətiyyətli addımlar atdı. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə nailiyyətlər qazandı. Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi müstəqillik yoluna qədəm qoymuş ölkəmizin mövqelərini möhkəmləndirdi. Bir sözlə, ulu öndər Azərbaycanın uğur strategiyasının konturlarını cızdı. Onun “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” və ondan sonrakı başqa çıxış və nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla yanaşı, həm də XXI yüzilliyin siyasi və sosial-iqtisadi inkişafının bitkin konsepsiyası və aydın proqramıdır. 
Hazırda ulu öndərimizin müdrik siyasi kursu Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilir. Bu gün Azərbaycan siyasi, iqtisadi, sosial, humanitar sahələrdə inkişaf templərinə görə dünyada analoqu olmayan özünəməxsus bir inkişaf modeli ortaya qoyub, üstün start imkanlarına malik ölkə imici qazanıb və artıq intensiv inkişaf dövrünü yaşayır. 
Xüsusi vurğulamaq lazımdır ki, dövlət siyasətinin məqsədlərinin uğurla reallaşdırılmasında dövlət qulluğunun rolu çox böyükdür. Azərbaycanda dövlət aparatının təkmilləşdirilməsi sahəsində görülən işlərin kökündə isə düzgün kadr siyasəti dayanır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi. 
Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələyə yol açan Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirək” -- deməklə, əslində, insan resursunu bütün sahələrdə inkişafın aparıcı lokomotivi kimi müəyyənləşdirib.
 “XXI əsrdə azərbaycançılıq ideyası kreativ insanlar milləti kontekstində” adlı elmi araşdırmasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, sağlam düşüncəli hər bir şəxsiyyətin həyatda öz məqsədləri olur, o öz strategiyasına can atır. Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, fikirləşmək, əmək vərdişlərini təkmilləşdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin və bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. 
Akademikin fikrincə, millətin tərkibində kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik olan intellektualların sayının artması ona Azərbaycanda müasir cəmiyyət qurulmasına gətirib çıxaracaq başlıca qüvvə verə bilər. Əslində, bu deyilənlər ilk növbədə dövlət qulluğunda çalışanlara şamil edilməlidir. Çünki dövlət qulluğu dövlət idarəçiliyinin başlıca komponentlərindən biridir və dövlət quruculuğu, ümumiyyətlə, inkişaf proseslərinin avanqardı da məhz dövlət qulluqçuları olmalıdır. İlk növbədə onların kreativ düşünmək bacarığı, yaradıcılıq enerjisi sayəsində Azərbaycanın dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərə çataraq yeni innovativ-texnoloji təkamül möcüzəsi sərgiləyə bilər.
Azərbaycanın son dövrlərdə iqtisadi, siyasi, sosial, humanitar və digər sahələrdə qazandığı nailiyyətlər ötən illər ərzində dövlət qulluqçularının potensialının artırılması istiqamətində mühüm işlərin nəticəsidir. Bu uğurlar dolayısı ilə dövlət qulluğuna inamı artırmaqla yanaşı, qarşıya yeni hədəflər qoyur. Bu gün səmərəli və peşəkar hökumətin yaradılması ölkəmizdə dövlət qulluğu islahatlarının prioritet istiqamətlərindəndir. Qeyd etmək lazımdır ki, ölkədə dövlət qulluğunun optimallaşdırılması sahəsində əsaslı nailiyyətlər əldə edilib. 
Bu gün səmərəli və peşəkar hökumətin yaradılması Azərbaycan Respublikasında dövlət qulluğu islahatlarının prioritet istiqamətlərindəndir. Qeyd etmək lazımdır ki, ölkədə dövlət qulluğunun optimallaşdırılması sahəsində əsaslı nailiyyətlər əldə edilib. Bununla yanaşı, cəmiyyətin inkişafı, şəraitin dəyişilməsi və müasir çağırışlar fonunda əhalinin həyat səviyyəsi keyfiyyətinin yüksəlməsi məqsədilə dövlət və vətəndaşların qarşılıqlı münasibətlərində dəyişikliklərin qiymətləndirilməsinə zərurət var. Eyni zamanda, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə Azərbaycanın innovativ, sosialyönümlü inkişaf tipinə keçidinin zəruriliyi qeyd olunur. Bu isə, öz növbəsində, dövlət qulluğunun yeni formatda inkişafını şərtləndirir. İslahatların gerçəkləşdirilməsi yeni nəsil dövlət qulluqçularının formalaşdırılmasına, cəmiyyətdə kök salmış stereotiplərin aradan qaldırılmasına və dövlət qulluğunun müsbət imicinin təsdiqlənməsinə, həmçinin dövlət və vətəndaşlar arasında qarşılıqlı əlaqənin yeni formalarının kultivasiyasına yönəlik kompleks transformasiyanı nəzərdə tutur. Bu sırada texniki tərəqqi də mühüm rol oynayır. O, dövlət sektorunun idarə edilməsi sahəsində yeni yanaşma, mexanizm və prinsiplərin tətbiqi üçün güclü stimuldur. 
Qeyd edək ki, Azərbaycanda dövlət qulluğu sistemində islahatların uğuru, ilk növbədə, dövlət sektorunda dəyişiklikləri və inkişafı şərtləndirən amillərin düzgün müəyyənləşdirilməsi ilə birbaşa bağlıdır. Ölkədə inzibati sistemdə və dövlət qulluğunda islahatlara aşağıdakı faktorlar da təsir göstərib: dövlət xərclərinin ixtisar edilməsi, siyasi qərarlar və onların reallaşdırılması səmərəliliyinin yüksəldilməsi, dövlət qulluğunun cəlbediciliyi və imicinin yüksəldilməsi, dövlət xidmətləri sisteminin təkmilləşdirilməsi və vətəndaşların, özəl sektorun iqtidara inamının möhkəmləndirilməsi istəyi. Eyni zamanda, xarici təcrübənin ümumiləşdirilib sistemləşdirilməsi və Azərbaycan şəraitinə uyğunlaşdırılması prosesində konkret təkliflər, elmi-praktik tövsiyələr verilib. 
Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə qeydə alınan dəyişikliklər əhalinin tələbatının ödənilməsi və keyfiyyətli dövlət xidmətlərinin təklif olunmasına yönəlik yeni dövlət idarəçiliyi sisteminin formalaşması ilə bağlıdır. Bu, dövlət idarəçiliyi metodologiyası və təcrübəsinə dəyişikliklərin edilməsi, bütövlükdə davamlı və kompleks inkişafın reallaşdırılması məqsədilə yeni vasitə və metodların axtarışını tələb edir. Hələ zamanında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən dövlət idarəçilik sistemi islahatları və dövlət qulluğunun modernləşməsi proseslərinin əsasında məhz bu məqsəd dayanır. Dövlət qulluğu islahatları ictimai sektorda islahatların tərkib hissəsidir. Birmənalı olaraq, ictimai sektorun inkişafı proqramları arasında dövlət qulluğu institutunun sistemli və struktur dəyişiklikləri xüsusi yerə malikdir. Belə ki, dövlət qulluqçuları islahatların təkcə obyekti deyil, həm də subyektləridir. Dövlət aparatı ictimai sektordakı bütün islahatlardan məsuldur və onun fəal iştirakı olmadan heç bir islahat reallaşdırıla bilməz. Ümumiyyətlə, dövlət qulluğu institutu dövlət idarəçiliyi sisteminin səmərəliliyinin fundamental elementidir. 
Dövlət qulluğu institutunun təkmilləşdirilməsi prosesi dövri və mürəkkəbdir, həmçinin dövlət və ictimai sistemlərin inkişafı prosesindən və nəticələrindən asılıdır. Sözsüz ki, respublikamızda dəqiq müəyyən edilmiş konsepsiyaya görə, dövlət qulluğunda önləyici inkişafa yönəlik proqramlar gerçəkləşdirilir. Dövlət qulluğu sisteminin önləyici inkişafı xarici ölkələrin müsbət örnəyinin ümumiləşdirilməsi və nəzərə alınmasına, cəmiyyətin müxtəlif təbəqələrinin, ekspert və dövlət qulluqçularının mövqeyinin göz önündə tutulmasına əsaslanıb. Nəticə etibarilə sabaha yönəlik iş quran dövlət qulluğu sisteminin formalaşması digər sahələrdə islahatlar səmərəli reallaşdıra biləcək səriştəli kadrların yetişməsini təmin etməyə imkan verib. 
Etiraf etmək lazımdır ki, bu sistemə də biznes əsasları, biznes menecment sistemi nüfuz etməyə başlayıb. Və əgər biz əvvəllər yaxşı dövlət qulluqçusu deyə bütün göstəriş, təlimatları gerçəkləşdirən, zəruri zaman kəsiyində işdə olub zəruri miqdarda sənəd gözdən keçirənləri nəzərdə tuturduqsa, indi cəmiyyət və vətəndaşların dövlət qulluqçularından tələbləri daha fərqlidir. Biz artıq ictimai əhəmiyyətli layihələr, vəzifələrin yerinə yetirilməsi ilə maraqlanırıq. Bu isə dövlət qulluqçusu obrazının əsrlik şablonundan uzaqlaşmaq kimi psixoloji dəyişiklikdir. Dövlət qulluqçusu günümüzdə yalnız təlimatlara uyğun davranan darıxdırıcı və boz insan imicindən, bir qayda olaraq mənfi çalarları qabardılan “məmur” etiketindən qurtula bilib. 
Yeni addımlar sırasında Birinci vitse-prezident institutunun təsis edilməsi və bu yüksək vəzifəyə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təyin olunması da xüsusi əhəmiyyət kəsb edir. Məhz onun fəaliyyətinin nəticəsi olaraq, ölkəmizdə dövlət qulluğu təkcə hüquqi və təşkilati deyil, həm də publik və sosial institut imici qazana bilib. Bu gün dövlət aparatı qarşısında daha səmərəli, mobil və vətəndaşlara yönəlik, daim təkmilləşən instituta çevrilmək kimi bir çağırış var. Bu institutun başlıca kapitalı insanlardır. Peşəkar insanların uzunmüddətli karyeralarını dövlət aparatı ilə bağlamaları üçün dövlət qulluğu həm “daxildən”, həm də “xaricdən” cəlbedici iş yerinə çevrilməlidir. Bunun üçün dövlət qulluğunda yeni yanaşmaların tətbiqi zəruri tələb kimi qarşıya qoyulub. Öncə, dövlət qulluğunun cəlbedici işəgötürən kimi formalaşması üçün tədbirlər gerçəkləşdirilib və dövlət qulluqçularının sosial təminatları ilə bağlı bir çox məsələlər həllini tapıb. Dövlət qulluğunun cəlbediciliyinin yüksəldilməsi məqsədilə dövlət aparatının təşkilati mədəniyyəti daha çevik, proses deyil, nəticəyə yönəlik və innovativ yanaşmalara açıq duruma gətirilib. Eyni zamanda, yeni çağırışlar fonunda dövlət qulluqçularının potensialı və bacarıqlarının inkişafı, həmçinin dövlət qulluğunda insan resurslarının idarə edilməsinə yönəlik texnologiyaların tətbiqinə başlanılıb, meritokratiya prinsiplərinin gücləndirilməsi prioritet kimi önə çəkilib. 
Dövlət qulluğunun cəmiyyət tərəfindən qəbul edilməsi dövlətin səmərəliliyi, yəni dövlət aparatının cəmiyyəti maraqlandıran problemləri nə dərəcədə uğurla həll etməsi səviyyəsi ilə müəyyənləşir. Bu gün Azərbaycanda dövlət qulluğunun imici kifayət qədər yüksəkdir. Bunun başlıca səbəbi kimi, dövlət aparatının cəmiyyətin maraqlarının ödənilməsinə yönəlik və nəticəyə hesablanmış fəaliyyətinin təmin olunması göstərilə bilər. Azərbaycan dövlətinin diqqət mərkəzində ayrı-ayrı “müştərilərin” deyil, bütövlükdə cəmiyyətin inkişafı dayanır. Beləliklə, dövlətin inkişafında mahiyyətcə sosial tərkib hissənin dominantlığı dövlət qulluğunun təkmilləşdirilməsi prosesində yeni şərtlərin ödənilməsinə ehtiyac yaradır. Bu şərtlər sırasında kadr siyasətinin xüsusi forması kimi volantyorluğun inkişafını nəzərdə tutan şəbəkə prinsipi, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və başqa amilləri göstərmək olar. Bu arada yeni iş yerlərinin açılması ilə yanaşı, insan resurslarının şəxsi keyfiyyətlərinin və qabiliyyətlərin inkişaf etdirilməsinə xüsusi önəm verilməsi, ölkədə yaradılan müasir idarəetmə modelinin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqlarının dayanması, şəffaf, demokratik, səmərəli və innovativ idarəetmə çərçivəsində dövlət qulluğunun “xalqa xidmət” konsepsiyasında həyata keçirilməsi, vətəndaşla dövlət qulluqçusu, məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzinə keçidə nail olunması, dövlət qulluqçularının fəaliyyət üslubunun dəyişməsi, vətəndaş məmnunluğunun əsas qiymətləndirmə meyarına çevrilməsi də görülən işlərin məntiqi yekunudur. 
Dövlət qulluğunun cəmiyyətdə üst quruluş deyil, başlıca məqsədinin ölkənin davamlı inkişafı və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi olan institut kimi qəbul edilməsi və real fəaliyyət göstərməsi prioritet hədəfdir. Bu qanunvericviliyin təkmilləşdirilməsi ilə yanaşı, kadr hazırlığı sistemində və siyasətində də dəyişikliklər zərurətini ortaya çıxarıb. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası da ölkənin inkişafının indiki mərhələsinə uyğun olaraq dövlət qarşısında duran mürəkkəb və çoxyönlü vəzifələrin öhdəsindən gələ biləcək kadrların yeni innovativ yanaşmaların tətbiqi ilə hazırlanması və fasiləsiz təhsili prosesində yaxından iştirak edir və müasir şəraitdə effektiv dövlət kadr siyasətinin transformativ fəaliyyət üçün güclü bir vasitəyə çevrilməsi işinə töhfələrini verir.
Şübhəsiz ki, çağdaş, peşəkar və müstəqil dövlət aparatının formalaşması və daim təkmilləşdirilməsi Azərbaycanın gələcək stabil, davamlı inkişafınınn həlledici faktorlarındandır, həmçinin qlobal çağırışlara cavabıdır. Bu sahədə islahatların uğuruna strateji məqsəd və taktiki vəzifələrin dəqiq formalaşdırılması, ölkə rəhbərliyinin siyasi iradəsi, qərarlılığı və tələbkarlığının olması yol açıb. Beləliklə, dövlət qulluğu institutunun təkmilləşdirilməsi ölkənin hərtərəfli inkişaf dinamikasının yüksəlməsini şərtləndirib. Çünki onun səmərəli və innovativ fəaliyyəti dövlət siyasətinin strateji məqsədlərinin yerinə yetirilməsini hədəfləyən dövlət idarəçiliyi sisteminin davamlı inkiişafına zəmin yaratmış olub. Bu üzdən dövlət qulluğunun cəmiyyətdə rolu da olduqca önəmlidir. Bugünün məmuru maliyyə baxımından şəffafdır və peşəkardır. Dövlət və cəmiyyət arasında önəmli mövqe tutan dövlət qulluğu ölkə üçün taleyüklü siyasi, inzibati və sosial missiyaya üstlənib. Dövlət başçısının qarşıya qoyduğu başlıca strateji vəzifə dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir. Bu arada ən vacib tərkib hissə dövlət qulluqçularının peşəkar hazırlığıdır.
İndi əsas amal müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri olan dövlət qulluğu institutu və peşəkar dövlət qulluqçuları ordusunu təkmilləşdirməklə gələcəyə aparmaqdır. Şübhəsiz, bu, belə də olacaq. Çünki Azərbaycanın dövlət qulluqçuları ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha -- yeni uğurlara imza atmağa daha yaxındır. Bu gün ölkəmizdə gedən proseslər göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi “böyük gələcək” siyasəti artıq öz bəhrələrini verir. 

 

Ziyafət HƏBİBOVA, 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, siyasi elmlər doktoru, professor

 

25 2019 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə