Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt: bu günün və sabahın şəhəri

Sumqayıt: bu günün və sabahın şəhəri

Əslində, bu yazını bir ay öncə qələmə almaq istəyirdim. Sonra öyrəndim ki, Sumqayıt bulvarının daha da uzadılmasına start verilir və orada Muğam Mərkəzinin inşasına başlanır. Dedim, qoy, yeni quruculuq işlərini də müşahidə edim, sonra yazaram. Nəhayət, şəhəri yenidən gəzdim və təəssüratlarım daha da dolğunlaşdı. 

Sumqayıtın özünün 70 illiyinə hazırlaşır. Prezident İlham Əliyev bu bayramı noyabrda qeyd etmək üçün xüsusi sərəncam imzalayıb. Sənəddə bildirilir ki, Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib və onun tarixinin ən əlamətdar səhifələri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam edib. Uğurla gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində “Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı” və “Sumqayıt Kimya Sənaye Parkı”, həmçinin digər mühüm obyektlər qurulub. Şəhərin iqtisadi strukturuna daxil olan kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma və elektroenergetika, eləcə də yüngül sənaye sahələri qabaqcıl texnoloji avadanlıqla təchiz edilib. Şəhər əhalisinin yaşayış səviyyəsi və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib”. Sərəncamda Sumqayıt Şəhər İcra Hakimiyyətinə şəhərin 70 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Artıq yubiley tədbirləri bir-birini əvəz edir. Möhtəşəm quruculuq, abadlıq işləri görülür, mədəni-kütləvi tədbirlər həyata keçirilir. Şəhər rəhbərliyi də, idarə və müəssisələr də, yaradıcı kollektivlər də bayrama layiqli töhfələr verirlər. 
Biz qələm sahibləri də yubileyi əliboş qarşılamaq istəmirik. Yazılarımız öz yerində, Sumqayıta borcumuzu daha sanballı şəkildə verməyə çalışırıq. “Yaşıl qələmlər” bağını salmaq barədə təşəbbüsümüzü şəhər rəhbəri Zakir Fərəcov öz iştirakıyla urvatlandırdı. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də gəlib aksiyaya qoşuldu. Hərəmiz bir ağac əkdik. Beləcə, işi-gücü söz becərmək olan yazarların misraları qanad açdı, qələm tutan əllərin torpağa qələmə basdırması, bədii obrazlar yaradan dillərin yaşıl duyğular saçması bir başqa aləm oldu. 
Sumqayıt onu sevənlərin “şah əsəri” sayılır. Prezident İlham Əliyevin bir əli elə Sumqayıtın üstündədir, - desək, qətiyyən mübaliğə etmərik. Son illərdə dövlətimizin başçısı 23 dəfə Sumqayıta gəlib, şəhərin inkişafına yönələn neçə-neçə sərəncam imzalayıb. Həmin sərəncamlardan 4-ü bu ilin fevral ayına düşüb. 
Fəxrlə demək olar ki, dövlət başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində Sumqayıt ulu öndərin vaxtilə qarşıya qoyduğu hədəflərə yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edib. Regional inkişafa dair dövlət proqramlarının icrası bu şəhəri sürətli inkişaf yoluna çıxarıb. Nəticə etibarilə ötən 16 ildə ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafı daha da sürətlənib, infrastruktur yenidən qurulub. Tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac potensialı xeyli yüksəlib. 
Cənab İlham Əliyev Sumqayıtın dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biri olduğunu dəfələrlə qeyd etmişdir: “Bu gün bulvarda, şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınlaşır. Əminəm ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq. Bunu bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, biz Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək istəyirik. Bu gün bu, reallıqdır - gözəl sahil zonası, plyaj, təmiz hava, parklar, ictimai zonalar, istirahət zonaları. İndi Sumqayıt parklar şəhəridir. Mənə bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra ediləcək, bulvara yaxın yerdə yeni yaşayış binaları, otellər tikiləcək. Ona görə, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir”. 
Bu ilin fevralında növbəti dəfə Sumqayıta səfər edən Prezident İlham Əliyev məhz Park-Bulvar Kompleksində şəhər sakinləri ilə görüşərək səmimi söhbətlər aparıb, burada – Xəzərin sahilində tikilib istifadəyə verilmiş yeni, yaraşıqlı “göydələn” binaların eyvanlarından baxan sumqayıtlıları salamlayıb. Sakinlər həmin anların xoş təəssüratlarını unutmurlar. 
Şəhərin rəhbərliyi görülən işlərə daimi nəzarət edir. Elə bu yaxınlarda Zakir Fərəcov şəhərin Hacı Zeynalabdin və Corat qəsəbələrinə gedərək sakinlərlə görüşüb, təhsil, səhiyyə ocaqlarında, qəsəbə ərazilərində yerləşən məscidlərdə, parklarda olub. Problemlərin aradan qaldırılması üçün aidiyyatı qurumlara tapşırıq və tövsiyələrini verib. Yeri gəlmişkən, icra başçısının hər həftə ərazilərdə vətəndaşları qəbul etməsi və onların müşküllərini operativ çözməsi də artıq gözəl ənənə halını alıb.
İndi Sumqayıt bulvarının ərazisi şimala doğru daha 1 kilometr uzadılır. Yeni sahədə uşaqların mənalı istirahətini təmin etmək məqsədilə əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Burada restoranlar tikilir, çimərlik zonası salınır, yüzlərlə istirahət otağı da inşa edilir. Bununla yanaşı, genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı yaradılır. Həmin yol Səməd Vurğun küçəsinə birləşdiriləcək. 
Şəhər rəhbərliyinin təşəbbüsü ilə Sumqayıt bulvarında ­inşasına başlanan ikimərtəbəli Muğam Mərkəzində hörgü işləri artıq sona yetib. Şəhərin 70 illiyi ərəfəsində istifadəyə veriləcək. Mərkəzdə 400 yerlik konsert zalı, qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək. Burada istedadlı gənclərin muğamın sirlərinə yiyələnməsi üçün 14 sinif otağı olacaq, ustad sənətkarlar dərs keçəcəklər. Müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq. 
Düzünə qalsa, əvvəllər Sumqayıt çoxsaylı əhalisi olan iri bir yaşayış məntəqəsi idi. İndi müasir şəhər atributları ilə o qədər zəngindir ki, böyük şəhərlər də həsəd apara bilər. Həyata keçirilən uğurlu siyasətə uyğun olaraq abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi, 263 yaşayış binasının dam örtüyünün, fasadların, liftlərin və 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri, məktəb tikintisi məqsədilə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan sərəncamlar sumqayıtlıları çox sevindirir. Artıq həmin sərəncamların icrası ilə bağlı xeyli iş görülüb. İlin əvvəlindən şəhərin qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilib, 21-ci mikrorayonda, 49, 52, 76-cı məhəllələrdə, Xəzər, Saray, Novxanı bağları, “İnşaatçılar”, “Qurd dərəsi” yaşayış massivlərində 6500 poqonmetr müxtəlif diametrli yeni qaz xətləri çəkilib. “Sumqayıtçay” yaşayış ərazisində 175 mənzilin qazlaşdırılmasına başlanılıb. 
Sumqayıtın alternativ yolu və sənaye zonasına girişi kimi tanınan keçmiş “Metallurq”, indiki Yəhya Məmmədov küçəsi tam yenidən qurulub. Uzunluğu 3,5 kilometr olan 4 zolaqlı küçə artıq istifadəyə verilib. Bu küçə yenicə təmir olunan 6 kilometrlik “Kimyaçılar” küçəsinə birləşərək Bakı-Quba avtomagistralına çıxır. Bununla da şəhər ərazisindən 4-cü çıxış yolun işlək vəziyyəti təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, piyada zolaqları salınıb. “Sülh” prospektinin mərkəzi hissəsində asfalt örtüyü vurulub, eyni zamanda bu küçədən keçən, istismar müddətini başa vurmuş qaz xətti yenilənib. 
Bu gün Sumqayıt Qafqazın müasir sənaye mərkəzidir. Qeyri-neft sektorunun davamlı inkişafı təmin edilir. Ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 18 rezident tərəfindən 2,5 milyard dollar investisiya qoyulub, fəaliyyətdə olan müəssisələrin sayı 13-ə çatıb. Hazırda istehsalat və tikinti-quraşdırma işlərində 6 minə qədər işçi çalışır. Parkda müasir tipli Peşə Tədris Mərkəzinin inşası, “AzərFloat” QSC tərəfindən Almaniya texnologiyası əsasında ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı, investisiya məbləği 3,5 milyon dollar olan polimerdən kisə və boru istehsalı müəssisələrinin və “Azərxalça” ASC-nin İtaliya, Fransa və Türkiyə texnologiyaları ilə fəaliyyət göstərəcək, ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaq fabriklərinin tikintisi davam etdirilir. Avtomobil şini istehsalı zavodunun tikintisinə 300 milyon dollarlıq sərmayələr qoyulacaq. Zavod Kimya Sənaye Parkı ərazisində Çin şirkəti tərəfindən tikiləcək. 
İlin ilk rübündə şəhər üzrə ümumdaxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz ­artaraq 460 milyon manatdan çox olub. Sənaye müəssisələrində 350 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz təşkil edir. 
Bu il cənab İlham Əliyev iki dəfə Sumqayıta səfər edib. Prezidentin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Karbamid” və “SOCAR Polimer” yüksəksıxlıqlı polietilen zavodlarının açılışı olub. Artıq karbamid məhsulunun ilk tədarükü başlanıb. Burada maşınlara yüklənən məhsullar gəmilərə yüklənmək üçün Hövsan beynəlxalq limanına, oradan da ilk alıcısı olan İsveçrənin “İnteqral Petroleum” şirkətinə göndərilir. Həmin şirkət Cenevrədən Azərbaycana ünvanladığı məktubunda Sumqayıt karbamidinin yüksək keyfiyyətdə olduğunu qeyd edib və bütün layihə iştirakçılarına minnətdarlığını bildirib.
Sumqayıtın Heydər Əliyev Parkında ümummilli liderin adını daşıyan əzəmətli Mərkəz, Poeziya evi, Şahmat məktəbi, Uşaq incəsənət məktəbi, həmçinin YAP Sumqayıt təşkilatının inzibati binası, Bayraq Muzeyi, yeni otellər, parklar, xiyabanlar könül oxşayır. Bu gün Sumqayıtı “Qızılgüllər şəhəri” də adlandırmaq olar. Şəhərin elə bir guşəsi yoxdur ki, orada qızılgüllər ətir saçmasın. Ayrı-ayrı yerlərdə 100 minədək yerli və 150 mindən artıq Türkiyə mənşəli, xoş rayihəli qızılgüllər əkilib. Bu güllər qardaş ölkədən şəhər rəhbərliyinin təşəbbüsü ilə gətirilib. Ümumiyyətlə, üç ildə şəhərdə yüz minlərlə ağac və bəzək kolları əkilərək ümumi mənzərəyə əlavə rəng qatıb. Təkcə bu mövsüm şəhər ərazisində 1 milyona yaxın mövsümü gül, 350 mindən çox çoxillik gül kolu, 75 min ağac əkilib, 5 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bağları sevgi nəğmələri oxuyan əlvan quşlar məskən seçib.
Fəxrlə demək olar ki, hazırda Sumqayıt özünün əsl intibah dövrünü yaşayır, şöhrəti dünyaya yayılıb. Avropa və Asiya ölkələrindən 19 şəhərlə Sumqayıtın qardaşlıq əlaqələri yaradılıb. Ölkəmizdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri Sumqayıta ciddi maraq göstərirlər. Bir neçə ay öncə Bakıdakı səfirliklərin və beynəlxalq təşkilatların 60-dan çox nümayəndəsinin Sumqayıta səfəri buna sübutdur. Şəhərin inkişafı ilə yaxından tanışlıq məqsədi güdən həmin səfər zamanı diplomatlar Kimya Sənaye Parkında olublar, yeni müəssisələrə baxıblar. İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqlara görülən işlər barədə məlumat verib. Sumqayıtın dotasiyasız yaşayan şəhər olduğu qonaqların diqqətinə çatdırılıb. Səfər çərçivəsində diplomatlar Sumqayıt Dövlət Dram Teatrında, həmçinin Lüdviqshafen parkında, “Kimyaçı” Mədəniyyət Sarayında, Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Bayraq Muzeyində və dənizkənarı bulvarda olublar.
Məhz bu şəhərin yetirməsi olan yeni rəhbərliyin gəlişi ilə burada quruculuq sahəsində böyük canlanma yaranması hamılıqla etiraf olunan həqiqətdir. Hər biri bir memarlıq abidəsi olan neçə-neçə sosial-mədəni obyekt tikilib, küçə və meydanlar yüksək zövqlə abadlaşdırılıb. Avropa səviyyəli müsabiqələrdə qalib elan olunan park-bulvar ­kompleksi əhalinin ən sevimli istirahət məkanına çevrilib. 
Almaniyanın Lüdviqshafen şəhərindəki “Sumqayıtın Dostları” Cəmiyyətinin fəxri sədri Volfqanq Lauyenştayn dəfələrlə gənclər şəhərində qonaq olub. Sumqayıtın fəxri vətəndaşı adına layiq görülməsi ilə qürur duyur. Onun qənaətinə görə, Sumqayıt coğrafi relyef baxımından çox əlverişli bir məkandır. Həm müasir sənaye parkları, həm də istirahət parkları ilə dünyada tanınmağa layiq şəhərdir. 
Artıq paytaxt sakinlərinin də bu möcüzələri görmək üçün Sumqayıta gəlmələri fərəhli bir faktdır. Elə qələmdaşımız Səbuhi Məmmədli kimi yüzlərlə Bakı sakininin öz övladı ilə həftəsonu istirahət üçün Sumqayıtı seçməsi dediklərimizin sübutu sayıla bilər. Səfər təəssüratlarını paylaşan jurnalist Sumqayıtı, xüsusilə də bulvarı çox bəyəndiyini qeyd edib: ”Sumqayıt bulvarı möhtəşəmdir. Kafe və restoranlarda qiymətlər Bakıdan dəfələrlə ucuzdur, uşaqların əylənməsi üçün xeyli attraksion var”. 
Bir neçə gün əvvəl Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sumqayıtda IX Şairlər Gününü qeyd etməyə gələn Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin başkanı Mehmet Nuri Parmaksız, türkiyəli və qazaxıstanlı yazarlar da bu şəhərə heyranlıqlarını dilə gətiriblər. 
“Asan” Xidmət Mərkəzi, Mərkəzi Bankın Ehtiyat Sistemi binası, Gənclər Mərkəzi, 500 metr uzunluğunda tərsanə, şəhərin əsas giriş yolunda və bulvarda Bayraq meydanları, Paralimpiya və Olimpiya idman kompleksləri, Əlillərin Bərpa Mərkəzi, şəhər prokurorluğunun binası da Sumqayıtın yeni ünvanlarıdır. Bunlardan başqa, son illərdə Sumqayıtın Tarix muzeyinin, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin, 3 saylı Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunub, 22 ümumtəhsil müəssisəsi istifadəyə verilib. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində və Stansiya Sumqayıt yaxınlığında yeni yaşayış komplekslərinin açılışı olub. Şəhərdə məskunlaşan məcburi köçkünlərdən 1850 ailə həmin binalara köçürülüb. Beləcə, gözəllik, firavanlıq məkanı olan ünvanlar artır. Hazırda “Nizami” kinoteatrının, Corat qəsəbəsində 120 yerlik uşaq bağçasının və Məhkəmə Kompleksinin tikintisində işlər davam etdirilir. 
Təhsilin inkişafı daimi diqqətdədir. Məktəblərin maddi-texniki bazası durmadan möhkəmlənir, tədrisin keyfiyyəti yüksəlir. Dövlət başçısı ötən il Sumqayıt şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 2018-ci ildə qəbul imtahanlarında iştirak etmiş məzunların 77,1 faizi tələbə adını qazanıb ki, bu da əvvəlki illə müqayisədə 8 faiz yüksəkdir. Məzunların 211 nəfəri 600-dən yuxarı, 2 nəfəri 700 bal toplayıb, 7 nəfəri “Prezident təqaüdünə” layiq görülüb. Ötən tədris ilində bu sahədə uğurlar davam edib. Təkcə bir faktı göstərək ki, yaz qəbul imtahanlarında ölkə üzrə bütün qruplar üzrə 694 balla ən yüksək nəticə göstərən abituriyent Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin şagirdi Məhəmməd Ağamalıyev olub. Məhəmməd 11-ci sinif buraxılış imtahanlarında da 300 bal toplayaraq maksimum nəticə göstərib. Onun əkiz qardaşı Əli də abituriyentdir və o da IV qrup üzrə imtahan verərək 676 ballıq nəticə göstərib.
May ayında Sumqayıt Dövlət Universitetində şəhərin 70 illiyi münasibətilə şagirdlər arasında fizika, riyaziyyat və tarix üzrə fənn olimpiadaları keçirilib. Olimpiadada şəhərdə fəaliyyət göstərən 42 tam orta məktəb və 4 liseydən yüzlərlə şagird iştirak edib.
Şəhər rəhbərliyinin tez-tez məktəblərdə, uşaq bağçalarında olması, kollektivlərin uğurları ilə tanışlığı, qayğıları ilə maraqlanması həmin müəssisələrdə təhsilin, təlim-tərbiyənin daha da yüksəlməsinə stimul verir. Bütün bunlardan başlıca məqsəd ölkəmizin sabahı üçün layiqli, hərtərəfli hazırlıqla vətəndaşlar yetişdirməkdir. 
Sumqayıtın səhiyyə sisteminin vəziyyəti gənclər şəhərinin qonşuluğunda yerləşən ərazilərdə məskunlaşan minlərlə insan üçün də həyati əhəmiyyət daşıyır. Son üç-dörd ildə bu sahə üçün xarakterik olan başlıca göstərici xəstəxana binalarının modernləşdirilməsi, ideal şəkildə təmir edilməsidir. Bu gün Sumqayıtdakı tibb müəssisələrində yetərincə mürəkkəb cərrahiyyə əməliyyatları uğurla aparılır. Ötən ildən etibarən Sumqayıtdakı 1 nömrəli doğum evi Perinatal Mərkəz kimi fəaliyyət göstərir. Ölkə başçısının sərəncamı ilə 2 saylı şəhər xəstəxanasının yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb. 
Sumqayıt idmançılar şəhəri kimi də tanınır. Onilliklər ərzində elə idman növü olmayıb ki, milli komandalarımızın tərkibində bu şəhərin yetirməsi olan idmançılar olmasın. Bu gün də ənənə layiqincə yaşadılır. Şahmatçılar Zeynəb və Şəhriyar Məmmədyarovlar, karateçi Rafael Ağayev, paralimpiya çüdoçusu İlham Zəkiyev, Sumqayıta ilk olimpiya medallarını gətirən boksçular Fuad Aslanov və Şahin İmranov, taekvondoçu Niyaməddin Paşayev, güləş üzrə məşqçi-hakim Qərib Əliyev... şan-şöhrətli idman xadimləridir. Ötən il Sumqayıt idmаnçılаrı respublika və bеynəlхаlq səviyyəli yаrışlаrdа 326 qızıl, 234 gümüş, 367 bürünc mеdаl olmaqla, ümumilikdə 927 mеdаl əldə еdiblər. Cari ilin əvvəlindən şəhərdə 171 idman və gənclər tədbiri keçirib. Bu tədbirlərə, ümumilikdə, 21 min nəfərdən artıq iştirakçı və tamaşaçı cəlb edilib. Eyni zamanda, 20 idman növü üzrə 147 şəhər birinciliyi, çempionatı, kütləvi bədən tərbiyəsi tədbirləri və təlim-məşq toplanışları keçirilib. Şəhər idmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda 274 medal qazanıblar. Onlar şəhərə 97 qızıl, 71 gümüş, 10 bürünc medal gətiriblər. 
Yubileyə hazırlıqla bağlı şəhərin mədəniyyət ocaqlarında sanballı silsilə tədbirlər keçirilir. Yay-istirahət mövsümünün başlanması ilə əlaqədar Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə hər həftənin şənbə və bazar günləri şəhər bulvarının estradasında mədəniyyət müəssisələrinin konsert proqramlarının təşkilinə start verilib. Açıq havada keçirilən mədəni-kütləvi tədbirlər bolluğu hər kəsin ürəyindən xəbər verir, iştirakçılara könül xoşluğu bəxş edir. Həzin musiqi sədaları Xəzərin nəğməkar sularının səsinə qarışır. Kitabxanaların təşkil etdiyi tədbirlər şəhərin inkişaf tarixini, ayrı-ayrı sahələrdə qazanılan nailiyyətləri hərtərəfli əhatə edir. 
Sumqayıtın özəl cəhətlərindən biri də şəhərin tarixinə şanlı səhifələr yazmış şəxslərə dəyər verilməsidir. Sumqayıt onu qurub, yaradan, yaşadan, hər qarışında izi olan, nəfəsi duyulan insanları ilə həmişə fəxr edib. Bu gün şəhərin bir çox yaşayış binalarında zamanında əmək qəhrəmanlığı göstərmiş, şəhərin fəxri vətəndaş adına layiq görülmüş insanların xatirə lövhələri görünür. Bir vaxt Sumqayıtın Baş Planın işlənməsinə görə SSSR-in dövlət mükafatı laureatı olmuş inşaat mühəndisi Kərim Axundovun yaşadığı binanın divarını iki ildir ki, onun xatirə lövhəsi bəzəyir. Bu ilin əvvəlində məşhur cərrah, AMEA-nın fəxri professoru, İzzət Sadıxovun adını daşıyan küçədə xatirə lövhəsinin açılışı olub. Tanınmış inşaat mühəndisi Ərşad Kərimovun da adına Sumqayıtda küçə var. Ötən ay yubiley proqramı çərçivəsində təşkil edilən növbəti tədbir isə Corat qəsəbəsində Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı Zəminə Həsənovanın büstünün açılışı olub. Şəhərdə küçələrdən birinə onun adının verilməsi haqqında qərar da qəbul edilib. Bundan bir həftə öncə Əməkdar mühəndis, “Azərkəndkimya” Birliyinin sədri olmuş Nərçə Ağayevin, iki həftə sonra tanınmış kimyaçı-mühəndis Zamin Hüseynovun yaşadığı binanın divarına xatirə lövhəsi vurulub.
Son dövrlərdə fəxri adlara, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na, təltiflərə və fərdi təqaüdə layiq görülən 113 nəfər sumqayıtlının arasında xeyli vaxtdan bəri pensiyada olan neçə-neçə veteran da var. Bu insanlar unudulmadıqlarını, daim ölkə və şəhər rəhbərliyinin diqqətində olduqlarını görüb daha da ruhlanır, ictimai həyatda fəallıqlarını artırırlar. 
Sumqayıt ziyalıları da doğma şəhərin tərəqqisindən hədsiz məmnundurlar. Münbit yaradıcılıq şəraiti onları gözəl əsərlər yazmağa ruhlandırır. Yubileylə əlaqədar yeni kitablar yazılıq, filmlər çəkilir. Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi xüsusi yubiley planını gerçəkləşdirir. N.Nərimanov adına Mədəniyyət Mərkəzində, “Poeziya evi”ndə, klublarda və musiqi məktəblərində ard-arda maraqlı görüşlər, təqdimatlar, sərgilər, müsabiqələr keçirilir. Yazıçı Varis Yolçuyevin Rusiyada “İlin yazıçısı” seçilməsi, Hümbət Həsənoğlunun Türkiyədə uğurlu ədəbi “turne”si, İbrahim İlyaslının, Eyruz Məmmədovun, Süleyman Hüseynovun, Əyyub Qiyasın yaradıcılıq uğurları fərəh doğurur. 
Sumqayıtlıları sevindirən daha bir amil şəhər icra hakimiyyəti binasının yenidən yaşıl örtüyə bürünməsi ilə bağlı qərar verilməsidir. Altmış il öncə təvəllüd tapmış bu binanın ön hissəsində perimetr boyunca Kazan şəhərindən gətirilmiş xüsusi sarmaşıqlar əkilmiş, fasad bütünlüklə yaşıllığa bürünmüşdü. Uzun illər yaşıl libaslı bina Sumqayıtın gözəl memarlıq nümunəsi kimi hətta respublikamızdan kənarda da tanınan rəmzlərdən birinə çevrilmişdi. Şəhərə gələn qonaqlar, turistlər bu binanın görkəminə heyran qalar, qarşısında xatirə şəkilləri çəkdirərdilər. Hətta “yaşıl bina”nın şərəfinə Almaniyanın Sumqayıtla qardaşlaşmış Lüdviqshafen şəhərində poçt markası da buraxılmışdı. Amma 8-10 il əvvəl binanın yaşıl örtüyü hissə-hissə saralmağa başladığına görə sökülmüşdü. İndi bərpası məqsədilə icra hakimiyyətinin binasının qarşısında yeni sarmaşıqlar əkilib və üzüyuxarı boy verir. Çox keçməz ki, “yaşıl bina” əvvəlki görkəmini alar və göz-könül oxşayar. 
...Bu yazının üzərində işləyən zaman elə hey fikrimdə məşhur bir bayatının “Tikdim ki, izim qala” misrası dolaşırdı. Heç şübhə yoxdur ki, sumqayıtlılar öz şəhərlərini bu amalla əzizləyir, böyüdüb gözəlləşdirirlər. 70 yaşlı Sumqayıt onların öz adlarına ucaltdıqları möhtəşəm abidədir. 
 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

25 2019 00:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə